Mobil versiya
Dilimiz varlığımızdır
Tarix: 01-08-2024 | Saat: 09:46
Bölmə:Siyasət / Özəl | çapa göndər

Dilimiz varlığımızdır

Millətini, milliliyini, zamanın keşməkeşlərindən, sınaqlarından üzüağ çıxan qədimliyini və tarixini yüksək dəyərləndirən Heydər Əliyev ana dilimizlə bağlı bu fikirləri səsləndirib: “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik”. Ulu öndərin bu fikirləri dilimizə verilən yüksək qiymətin təzahürüdür. Ümummilli liderimiz, bütün zamanların ən böyük azərbaycanlısı Heydər Əliyevin ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində misilsiz xidmətlər göstərmişdir. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən ümummilli lider Heydər Əliyev bütün çətinliklərə sinə gərərək keçmiş SSRİ-də ögey münasibət bəslənilən, sıxışdırılan Azərbaycan dilini labüd bəladan xilas etdi. Məhz Ümummilli Liderimizin zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması sayəsində 60-cı illərin sonlarından başlayaraq həyata keçirilən dil siyasəti doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı.Azərbaycan dilinin ölkənin dövlət dili elan edilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Məhz ümummilli liderimizin apardığı məqsədyönlü və düşünülmüş siyasətin nəticəsidir ki, 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi daxil edilib. 2001-ci ilin iyul ayında ulu öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb, daha sonra isə 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olunub. Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuz qazanması dilimizi ən mükəmməl formada təqdim etməyi bacaran Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndərin Azərbaycana birinci rəhbərliyi dövründə respublikamızın 1978-ci ildə qəbul olunmuş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusu barədə 73-cü maddənin daxil edilməsi də görkəmli dövlət xadimi Heydər Əliyevin böyük qətiyyəti sayəsində gerçəkləşmişdi. Ümummilli Liderimiz sonralar o dövrü belə xatırlayırdı: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan ... nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük.” Hələ o zaman Azərbaycan dili üzrə ali məktəb dərsliyinə respublika Dövlət Mükafatının verilməsi də Ulu Öndərin ana dilimizə tükənməz sevgisinin, ehtiramının və diqqətinin möhtəşəm ifadəsi kimi böyük dəyərə malikdir.
Bu gün də əsası ulu öndər tərəfindən qoyulan Ana dilinin inkişafına və qorunmasına yönəlik dövlət strategiyasını Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Azərbaycan dili tarixi həqiqətlərimizin dünyaya çatdırılmasında yüksək tribunalardan səslənir, bu dildə oxunan muğamımız qəlbləri riqqətə gətirir.

Ümummilli liderin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşır. Dövlət başçımızın 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımdır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-11-2024