Mobil versiya
Adəm İsmayılov: “Ulu Öndər Heydər Əliyev ölkənin ictimai-siyasi həyatında mətbuatın oynadığı rolu yüksək dəyərləndirib”
Tarix: 17-07-2024 | Saat: 18:09
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Adəm İsmayılov: “Ulu Öndər Heydər Əliyev ölkənin ictimai-siyasi həyatında mətbuatın oynadığı rolu yüksək dəyərləndirib”

“1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” mövcud olduğu qısa müddət ərzində həm ziyalı təbəqə, həm də sadə insanlar arasında kifayət qədər məşhurlaşmış və böyük nüfuz qazanmışdı. Sonrakı illərdə görkəmli ziyalılar tərəfindən nəşr edilən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi”nin ənənələrini davam etdirdi. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi. Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda hər il 22 iyul tarixi Milli Mətbuat Günü kimi qeyd olunur.”

Bu fikirləri Milli Mətbuat Günü münasibətilə aia.az-a verdiyi açıqlamasında fəlsəfə elmləri doktoru, iş adamı Adəm İsmayılov səsləndirib.

Daha sonra müsahibimiz Ulu Öndər Heydər Əliyevin Milli mətbuatımızın inkişafına verdiyi misilsiz töhfələrin əhəmiyyətini qeyd edərək bunları deyib: “İlk növbədə qeyd etmək laımdır ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev hələ SSRİ dönəmində respublikamıza rəhbərlik etdiyi illərdə Milli mətbuatın formalaşması və inkişafı üçün mühüm addımlar atmışdı. Məhz həmin dövrdə Azərbaycan dilində dərc olunan qəzet və jurnalların sayı kəskin şəkildə artmış, respublika radio və televiziyasında milli dəyərlərin təbliğ olunduğu verilişlər daha intensiv şəkildə yayımlanmağa başlamışdır. Təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində bütün digər sahələrdə olduğu kimi, ölkə mətbuatında da güclü tənəzzül müşahidə olunmaqda idi. Yalnız Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması bütün sahələrdə olduğu kimi mətbuatın inkişafında da mühüm dəyişikliklərə səbəb oldu. Ulu Öndər mətbuatın ölkənin ictimai-siyasi həyatında oynadığı rolu yüksək dəyərləndirərək demişdir: “Respublikamız dövlət müstəqilliyi qazandıqdan sonra milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda müstəsna xidmətlər göstərmişdir”. Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması, vətəndaşların təhlükəsizliyinin təmini, sosial-iqtisadi problemlərin həlli söz, fikir azadlığının qorunması sahəsində əsaslı irəliləyişlərə şərait yaratdı. Mətbuat orqanlarının azad fəaliyyətinə yaradılan şərait, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər ölkədə fikir plüralizminin genişləndirilməsinə yol açdı. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi milli mətbuat ənənəsinin davam etdirilməsinə təkan verdi. Ümummilli Liderimiz Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında da mətbuata verilən qiymət öz əksini tapdı aşağıdakı maddədə tapdı: “Demokratiyanın, siyasi plüralizmin və vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və məlumat azadlığının başlıca daşıyıcıları kütləvi informasiya vasitələridir”. 1998-ci ildə “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanın imzalanması ölkə mətbuatının inkişaf tarixində mühüm hadisə kimi qiymətləndirilir. Məhz Ulu Öndər Heydər Əliyevin imzaladığı bu Fərmanla Mətbuatda və digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşdü. 1999-cu ilin sonunda qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” yeni qanun mətbuatda demokratik prinsiplərin daha da möhkəmləndirilməsinə xidmət etdi.”

Fikirlərini davam etdirən A.İsmayılov müasir dövrdə Milli mətbuatın inkişafı yönümündə Prezident İlham Əliyevin atdığı addımların əhəmiyyətindən bəhs edib: “Respublikamızın tarixi inkişafında əldə olunmuş yüksək səviyyə milli mediamız qarşısında da yeni vəzifələr qoyur. Ölkə Prezidenti cənab İlham Əliyev bu vəzifələrin mahiyyətini açıqlayaraq belə demişdir: “Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndilirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır”. Müasir Azərbaycan mətbuatı qlobal informasiya şəbəkəsinin bir parçasıdır. Təsadüfi deyil ki, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet sürətlə qəzetçilik inkişaf edir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Eyni zamanda da yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirir. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Bununla əlaqədar, Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Bu vacib məqamı da qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması birbaşa dövlət başçısının diqqət mərkəzindədir. Bunun bariz təzahürü kimi KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən tədbirləri göstərmək olar. Həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilməlidir” – deyə, Adəm İsmayılov müsahibəsini sona çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2024