Mobil versiya
Azərbaycan - Pakistan əlaqələri yeni mərhələyə keçid edir
Tarix: 15-07-2024 | Saat: 09:41
Bölmə:Siyasət / Özəl | çapa göndər

Azərbaycan - Pakistan əlaqələri yeni mərhələyə keçid edir

Azərbaycan və Pakistan arasında artıq uzun müddətdir ki, dərin tarixi, mədəni və dini köklər əsasında qurulmuş möhkəm dostluq münasibətləri, çoxşaxəli əməkdaşlıq əlaqələri mövcuddur. Qeyd edək ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Ölkələrimiz arasında münasibətləri formalaşdıran çox vacib məqamlardan biri budur ki, Pakistan istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsinin gedişində hər zaman Azərbaycana güclü siyasi dəstək göstərib. Diqqətəlayiq haldır ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Bu gün Azərbaycan ilə Pakistan arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə uğurla davam etdirilir və hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. İyul ayının 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Pakistana etdiyi rəsmi səfəri bu əlaqələrin daha da dərinləşməsinə və möhkəmlənməsinə yeni təkan verəcək.

Qarabağ problemində hər zaman ölkəmizin mövqelərini dəstəkləyən Pakistana Azərbaycan da öz növbəsində daim Cəmmu və Kəşmir məsələsində dəstək verib. Bu məqam öz əksini cənab Prezident İlham Əliyevin iyulun 11-də İslamabadda mətbuata bəyanatla etdiyi çıxışında bir daha öz əksini tapıb. Dövlətimizin başçısı birmənalı olaraq bəyan etdi ki, Azərbaycan Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəkləyib və bundan sonra da bu məsələ öz həllini tapana qədər dəstəkləyəcək.

Öz növbəsində Azərbaycan xalqı da 44 günlük müharibə dövründə bizimlə bir yerdə məhz Türkiyə və Pakistanın olduğunu, hər iki ölkənin müharibə zamanı Azərbaycana ciddi siyasi dəstək nümayiş etdirdiyini çox gözəl bilir. Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olublar.

Cənab Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin keçirdikləri həm təkbətək, həm də geniş tərkibli görüşlər zamanı ticarət və iqtisadi əməkdaşlıq, enerji, daşımalar, müdafiə sənayesinə aid mühüm məsələlər ətraflı müzakirə olunub. Keçirilən görüşlərdən sonra cənab Prezidenti İlham Əliyev əmin olduğunu bildirib ki, səfər çərçivəsində imzalanmış sənədlər ölkələrimiz arasında tərəfdaşlığı daha da gücləndirəcək. Həmçinin qeyd olunub ki, görüşlərin gedişində regional təhlükəsizlik məsələləri də ətraflı təhlil olunub. Bu gün bütün dünyada məhz güc amili getdikcə daha qabarıq formada ön plana çıxmaqdadır. Ona görə də hər hansı bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qarantı kimi yalnız həmin ölkənin güclü hərbi potensialı çıxış edə bilər. Məhz bu səbəbdən də Azərbaycan və Pakistan rəhbərləri arasında aparılan müzakirələrdə müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusi yer alıb.

Öz bəyanatında cənab Prezident İlham Əliyev həmçinin bildirdi ki, Azərbaycan ilə Pakistan arasında ticarət və sərmayə sahəsi, enerji sahəsi və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub və qərara alınıb ki, iki ölkə arasında ticarət həcminin artırılması üçün daha ciddi səylər göstərilsin. Eyni zamanda da Azərbaycan və Pakistan şəhərləri arasında, xüsusilə də paytaxtlar arasında uçuşların sayının artırılması barədə əldə olunmuş razılıq ölkə rəhbərlərinin bu görüşlərinin yaxşı nəticəsi olacaqdır.

Azərbaycan və Pakistan hər zaman bir-birilərini dəstəkləyiblər, hər zaman əməkdaşlıq səmərəli ediblər. Lakin hazırda ölkələrimiz ticarət, sərmayələr, sənaye, energetika, daşımalar, nəqliyyat dəhlizləri kimi sahələrin praktiki elementlərinə qədəm qoyurlar. Bütün bunlar yaxın gələcəyə hesablanmış planlardır və bütün planlar icra olunacaq.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2024