Mobil versiya
14 iyul 1969-cu il - müstəqil Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün
Tarix: 14-07-2024 | Saat: 20:12
Bölmə:Siyasət / Özəl | çapa göndər

14 iyul 1969-cu il - müstəqil Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün

Liderliyin qanunauyğunluqları: müdriklik, cəsarət, vaxtı qabaqlamaq qabiliyyəti
Bu keyfiyyətləri şəxsiyyətində formalaşdıran və müasirlərinə nümunə olan, hakimiyyətə gəlişi ilə ölkəmizi dünyada tanıdan ulu öndər Heydər Əliyev Azərbaycan adlı qüdrətli dövlətin qurucusu və xilaskarı oldu

…1969- cu ilin isti yay günləri idi. 10 il Azərbaycanda KP MK-nın birinci katibi işləmiş Vəli Axundovun səhhətində yaranan ciddi problemə görə vəzifədən getməsi ilə bağlı yayılan söz- söhbət ciddiləşirdi. Yeni katibin kimliyi ilə bağlı ictimai rəy müxtəlif olsa da sual dəyişilməz idi: Birinci katibi kim əvəz edəcək? O dövrdə Azərbaycandakı vəziyyət barədə təsəvvür yaratmaq üçün Nikolay Zenkoviçin « Heydər Əliyev: Tale yolları» kitabına nəzər salaq.

… Sovet ideologiyasının illərdən bəri qorunan kadr siyasəti belə idi ki, vəzifəni təhvil verən şəxsdən potensial imkanlara malik xələfi ilə bağlı fikir, rər öyrənilir, nəzərə alınmasa belə yeni kadr barədə müəyyən qənaət yaranırdı. Kremldə söhbət zamanı Moskvanın Azərbaycana rəhbərliyə o zaman respublikanın Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) sədri Heydər Əliyev üzərində dayanmasına Vəli Axundov münasibətini bu sözlərlə bildirmişdi: «Yoldaş Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə yaxşı birinci katib olmaq üçün bütün keyfiyyətlərə- həm siyasi, həm də işgüzar keyfiyyətlərə malikdir.»

Bu seçim təsadüfi deyildi. O dövrdə İttifaqda DTK böyük nüfuza malik idi. DTK-nın sədri Heydər Əliyevin dediyinə görə bu xəbər onun üçün gözlənilməz olmuş və münasibətini bu sözlərlə bildirmişdi: «Respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi olmaq asan iş deyil. Ona görə də istəmirəm.»
Sonradan bu görüşün təfərrüatlarını xatırlayan Heydər Əliyev danışırdı ki, Sov İKP MK-nın Baş katibi Leonid İliç Brejnev onun etirazlarını qəbul etməmişdir: « Hiss olunurdu ki, o özü üçün artıq qərar qəbul edib. Siyasi Büro da mənim namizədliyimi müzakirə edərək vahid rəyə gəlmişdi ki, respublikanın indiki vəziyyətində ən münasib namizəd Əliyev olar…Yəqin ki, mənim üstünlüyüm DTK-da işləməyim, şəxsi işimin təmizliyi, qazandığım etimad, azərbaycanlıların sevgisi idi.»

Beləliklə, 14 iyul 1969-cu ildə keçirilən plenumda Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın Birinci katibi seçildi. Sonralar Ulu Öndər həmin tarixi «Mənim Bastiliyanın alınması günüm» adlandırırdı.

Məhz həmin gün respublikanın yeni rəhbəri kimi Azərbaycanın inkişafı və canından artıq sevdiyi xalqı üçün məsuliyyəti öz üzərinə götürən Heydər Əliyev bilirdi ki, məxfi xidmət orqanının başçısı olmağın məsuliyyətindən fərqli olan dövlət qulluğunda çalışmaq ikiqat çətindir. Respublikaya başçılıq, ölkəni siyasi, iqtisadi cəhətdən inkişaf etdirmək, xalqın maraqlarını qorumaq üçün dövlətçilik təcrübəsi lazım idi. İttifaq miqyasında geridə qalan respublika olan Azərbaycanı iqtisadi gerilikdən, böhrandan çıxarmaq səriştə, dövlətçilik təcrübəsi tələb edirdi. Amma Vətənə bağlılıq, işinə məsuliyyət , vətəndaşlıq borcu bütün çətinlikləri geridə qoydu. Ulu Öndər Heydər Əliyevin xidmətlərinə verilən ən dəyərli qiymət isə tanınmış siyasətçilərin bu sözləri oldu: Azərbaycan xalqının bəxti onda gətirdi ki, XX əsrin ikinci yarısında bu millətin lideri, Azərbaycanın siyasi simasının parlaq ulduzu Heydər Əlirza oğlu Əliyev oldu. İlk gündən illərdən bəri yığılmış problemləri həll edən respublikanın rəhbəri Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti başçılarına müyəssər olmayan nailiyyətlərə də imza atdı.
Respublikaya yenilik ruhu ilə rəhbərlik edən, ölkənin sosial-iqtisadi, mədəni həyatının bütün sahələrində müasir texnologiyaların tətbiqinə çalışan Ulu Öndər Azərbaycan iqtisadiyyatının ən önəmli sahəsi olan neft sənayesini inkişaf etdirdi. Ölkəyə başçılıq etdiyi birinci mərhələdə yanacaq-energetika kompleksinin inkişafını diqqətdə saxlamaqla, bu sahəyə əsaslı vəsait qoyuluşunu artırmaqla aqrar ölkə kimi tanınan Azərbaycanı sənaye ölkəsinə çevirdi. Neft sənayesi, neftmaşınqayırma, elektronika sahəsi inkişaf etdirildi. 1970-ci ildən başlayaraq xalqın ümumi sərvəti olan neft sənayesinin inkişafı, yeni yataqların kəşfi, müasir qazma metod və üsullarının Azərbaycanda tətbiqi ümummilli lider Heydər Əliyevin təşəbbüskarlığı və müəllifliyi ilə tərtib olunan « Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması» planı əsasında həyata keçirildi. Onun xidmətləri sayəsində Xəzər dənizində perspektivli yataqların kəşfi istiqamətində aparılan tədqiqat işləri sürətləndi, üzən qazma qurğuları alındı, «Şelf» seriyalı dəniz qazma qurğularının quraşdırılması mümkün oldu. Dərin Özüllər Zavodunun tikintisinə başlanıldı. 1993-cü ildə müstəqil Azərbaycanda Hakimiyyətə qayıdışı ilə «Əsrin müqaviləsi»nin imzalanmasına nail olan Ümummilli Liderin neft strategiyasının həyata keçirilməsi ilə xalqlar arasında əməkdaşlıq, dostluq və həmrəylik körpüsü yaradıldı.
Bütün hallarda Azərbaycanın müstəqil dövlət olacağına inamı tükənməz olan Ulu Öndər Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaratmaqla milli kadrların hazırlanmasına xüsusi diqqətlə yanaşdı. Hazırda Silahlı Qüvvələrimizin elə bir xidmət sahəsi yoxdur ki, orada ulu öndər Heydər Əliyevin daim öyündüyü Cəmşid Naxçıvanski adına məktəbin yetirmələri ləyaqətlə, şərəflə xidmət göstərməsinlər. Bu baxımdan hərbi məktəbin məzunlarının hesabına 44 gınlük Vətən müharibəsindəki Qələbəmizdə ulu öndər Heydər Əliyevin xidmətləri təkzibolunmazdır. Azərbaycanlı gənclərin müxtəlif ixtisaslara yiyələnməsi üçün keçmiş Sovet İttifaqının nüfuzlu ali məktəblərinə göndərilməsi ilə ölkənin ixtisaslı kadr potensialının əsası qoyuldu. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra da ilk diqqət yetirdiyi sahə elə nizami ordu quruculuğu olmuşdur.
Totalitar sistemin yaratdığı çətinliyə baxmayaraq qorxmaz, cəsur, möhkəm iradə sahibi olan Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək imkanı yaratdı. Görkəmi ilə nümunə göstərilən mədəniyyət ocaqları inşa olundu, tarixi şəxsiyyətlərimizə hörmət olaraq mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradıldı. Milli məfkurə, azərbaycançılıq ideologiyası formalaşdı. Bakıda İttifaq və beynəlxalq əhəmiyyətli tədbirlərin təşkilinin təşəbbüskarı da uzaqgrən siyasətçi Heydər Əliyev idi. Onun səyi ilə 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Ana dilimizin idarəçilikdə geniş tətbiqi, klassiklərin İttifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin təbliği milli dövlətçiliyimizin ideya təməli, dövlətçilik siyasətinin başlıca istiqamətləri kimi diqqətdə saxlanılırdı.
Liderlik şansını qazanan müdrikin ən böyük xidməti özündən sonra xalqın etimadını doğruldacaq davamçısını yetişdirməsidir. Ümummilli lider Heydər Əliyev bu sahədə də zəkasına, dövlətçilik təcrübəsinə güvəndi. 2003- cü ildə keçirilən prezident seçkiləri ərəfəsində xalqa ünvanlanmış tarixi müraciəti ilə Azərbaycana vurğunluğunu bildirən, müstəqilliyin əbədi olması üçün göstərdiyi xidmətlərin davamlı olmasını istəyən dahi Heydər Əliyev davamçısı və özü qədər inandığı cənab İlham Əliyev kimi səriştəli, iradəli dövlət başçısını Azərbaycan xalqına bəxş etdi. Müdrik siyasətçi Heydər Əliyev məktəbini layiqincə davam etdirən Prezident İlham Əliyev ölkəmizi dünya birliyində qüdrətli dövlət kimi tanıtmaqla, İkinci Qarabağ müharibəsini Qələbə ilə başa vurmaqla Ulu Öndərin layiqli davamçısı olduğunu təsdiqlədi. Özünün qeyd etdiyi kimi, ata vəsiyyətini yerinə yetirdi.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2024