Mobil versiya
Xəzər rayonunda vətəndaş məmnunluğunun təmin edilməsi əsas vəzifə kimi müəyyən olunub
Tarix: 01-07-2024 | Saat: 12:40
Bölmə:Özəl | çapa göndər

Xəzər rayonunda vətəndaş məmnunluğunun təmin edilməsi əsas vəzifə kimi müəyyən olunub

Ötən saylarımızda aia.az saytının yeni bir layihə hazırladığından və artıq bu layihənin icrasının ardıcıl olaraq həyata keçirilməsinə başlandığından oxucularımıza xəbər vermişdik. Layihənin məqsədi paytaxt Bakıda və bölgələrimizdə vətəndaş məmnunluğunun şərti səviyyəsini müəyyənləşdirmək və bu barədə geniş oxucu auditoriyamızı məlumatlandırmaqdır. Bu dəfəki buraxılışımızda əməkdaşlarımızın Bakının Xəzər rayonunda keçirdikləri rəy sorğusunun nəticələrini təqdim edirik.

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıq və göstərişlərinə əsasən bu gün vətəndaş məmnunluğunun səviyyəsi yerlərdə dövlət orqanlarının və əlbəttə ki, ilk növbədə icra strukturlarının iş effektivliyinin qiymətləndirilməsi üçün əsas meyar kimi qəbul edilir. Təbii ki, bu səviyyə ilk növbədə vətəndaşların özlərinin bu və ya digər sahədə onlara göstərilən diqqətdən, yaradılan şəraitdən və bir çox digər amillərdən nə dərəcədə razı qalmalrı ilə müəyyən olunur. Bəs görəsən bu və ya digər rayonda vətəndaş məmnunluğunun səviyyəsini necə müəyyən etmək olar? Yəqin ki, bu məqsəd üçün ən yaxşı üsullardan biri yerlərdə sakinlərlə görüşüb bu və ya digər məsələ ilə bağlı onların rəylərini bilavasitə öyrənməkdir.

Məhz elə bu məqsədlə də biz öz redaksiyamızda bir təşəbbüs qrupu yaratdıq. Şərti olaraq “Sosioloji sorğu” adlandırdığımız bu layihə çərçivəsində 2 nəfərdən ibarət qrupumuz mütəmadi olaraq həm paytaxtın rayonlarında, həm də bölgələrdə vətəndaşlar arasında rəy sorğusu keçirəcək, bu və ya digər məsələ barədə sakinlərini fikirlərini öyrənəcəklər. Çalışacağıq ki, olduğumuz ərazidə sakinlər arasında vətəndaş məmnunluğunun səviyyəsi barədə oxucularımızı maksimum obyektiv məlumatlandıraq. Beləliklə, növbəti sorğunu keçirmək üçün əməkdaşlarımız bu dəfə paytaxtın Xəzər rayonunda olublar.

Qərara aldıq ki, yolumuzu rayonun Mərdəkan və Buzovna qəsəbələrindən salaq. Bu dəfə də ünsiyyətdə olduğumuz insanların əksəriyyəti yaşlı nəslin nümayəndələri idi. Əslində məhz elə bu kontingent bizə daha çox sərf edirdi. Çünki adətən yaşlı insanlar media mənsubları ilə daha çox ünsiyyətə meyilli olurlar. Bəri başdan deyək ki, hər iki qəsəbədə olduğumuz ərazilər bizdə xoş təəssüratlar yaratdı. Küçələr təmiz, yaşıllıq zonaları təravətli və qulluq olunmuş. Hiss olunurdu ki, abadlıq işləri bu ərazilərdə mütəmadi aparılır. Amma bizim üçün əsas maraq kəsb edən məqam rayon sakinlərinin əhval-ruhiyyəsi, onların yaşadıqları mühitə, ətraflarında mövcud olan vəziyyətə münasibətləri ilə bağlı idi. Əlbəttə ki, təqdim edəcəyimiz yazılarda sakinlərlə apardığımız söhbətləri tam təfərrüatları ilə qələmə almaq niyyətində deyilik. Amma bəzi maraqlı məqamları qısaca da olsa mütləq diqqətinizə çatdıracayıq. Onu da qeyd edim ki, bütün respondentlərimizə verdiyimiz suallar eyni mahiyyət kəsb edib və təxminən belə səslənib:

- Yaşadığınız ərazinin abadlığı, təmizliyi, dövlət idarələrinə müraciət etdiyiniz zaman gördüyünüz münasibət sizi qane edirmi? Rayonun icra orqanlarının fəaliyyətindən məmnunsunuzmu? Rayon ərazisində yaşayan şəhid ailələrinə və müharibə qazilərinə göstərilən diqqət və qayğının səviyyəsini necə qiymətləndirirsiz?

Beləliklə, həmsöhbətlərimizdən bəzilərini sizlərə də təqdim etməyin əsil vaxtıdır (cavablar məzmun dəyişikliyinə yol verilmədən redaktə edilib):

Nisə xanım (63 yaş): Bizim rayonumuzda təmizliyə, səliqə-səhmana xüsusi diqqət yetirirlər. Yaşıllıqlara yaxşı qulluq edilir, bağçalar salınır. Bu ili isə cənab Prezidentimiz “Yaşıl dünya naminə həmrəylik ili” elan etdiyinə görə, indi yeni yaşıllıqların salınmasına daha çox diqqət verirlər. Elşən müəllim (Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov– red.) özü də belə tədbirlərdə şəxsən iştirak edir. Bəs necə, böyük gərək nümunə göstərsin ki, başqaları da ona baxıb işləsinlər. Belə olmasa nəinki rayonu, qəsəbəni, heç bir məhəlləni də abad saxlamaq olmaz...

Ağasəməd müəllim (68 yaş): Əgər rəhbər işçi, icra başçısı ona etibar olunmuş rayonda işlərin qaydasında getməsini istəyirsə, gərək tez-tez xalqın içinə çıxsın, camaatla görüşsün, insanların dərdini-sərini öyrənsin. Bizdə Elşən müəllim bunu edir. Tez-tez qəbullar, səyyar görüşlər keçirir, polisdən, prokurorluqdan, digər təşkilatlardan da nümayəndələri dəvət edir. Sakinlər də onları narahat edən problemlərini belə görüşlərdə bildirirlər. Onu üçün də bizdə rayon rəhbərliyi ilə sakinlər arasında qarşılıqlı hörmət və etimad var...

Ruqiyə xanım (57 yaş): Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim də həm rayondan, həm kəndimizdən Vətən uğrunda canlarını qurban vermiş çox igid oğullarımız oldu. Allah bütün qazilərimizə də şəfa versin. Dövlətimiz var olsun. Mən özüm bir neçə şəhid və qazi ailəsini şəxsən tanıyıram. Sağ olsunlar, tez-tez icra hakimiyyətindən gəlib onları başa çıxırlar, şəhidlərin ad günlərində, anım günlərində məzarları ziyarət olunur, xatirələri anılır, ailələrinə dəstək verilir. Yəni bu işlərə çox diqqət göstərirlər. Hər halda bizdə bu dəqiq belədir. Kimdən soruşsanız deyərlər ki, bəlkə də rayonumuzda elə bir şəhid ailəsi yoxdur ki, icra başçısı Elşən müəllim onların evlərində olmasın.

Kərim müəllim (71 yaş): Mənim öz yaxın qohumlarından da həm şəhid, həm də Qarabağ qaziləri var. Şəhidlərin ailələrinə də, qazilərə də dövlətimiz tərəfindən yüksək səviyyədə qayğı göstərilir. İcra hakimiyyətindən də tez-tez gəlib başa çıxırlar, özlərinin də bütün müraciətlərinə dərhal cavab verirlər. Şükür, hələ indiyə kimi, heç bir problemləri həll olunmamış qalmayıb...

Səfərəli müəllim (69 yaş): Başqa rayonları bilmirəm, bizdə icra hakimiyyətində vətəndaşın qəbulu ilə bağlı heç vaxt problem olmayıb. Hansı gün, hansı saatda getsən mütləq qəbul edəcəklər, dinləyəcəklər, məsələn də həll olunacaq. Hələ mütəmadi təşkil olunan qəbulları, səyyar görüşləri demirəm. Yəni bizim Xəzər rayonunda, sağ olsun Elşən müəllim, sakinlərin öz problemlərini deməyə yerləri də var, bu problemləri həll edən dövlətimizin təmsilçiləri də ...

Beləliklə, Xəzər rayonunda təxminən 4 saat ərzində qrupumuz tərəfindən ümumilikdə 46 nəfər sakin arasında rəy sorğusu keçirildi. Sorğu iştirakçılarının böyük əksəriyyəti Xəzər rayon İcra Hakimiyyətinin və bu qurumun tabeliyində fəaliyyət göstərən strukturların işindən razılıqlarını ifadə etdilər. Sorğu nəticəsində gəldiyimiz ümumi nəticələr isə belə oldu:

Şəhid ailələrinə və qazilərə diqqət və qayğı yüksək səviyyədə təşkil olunub

Bu gün bütün ölkəmizdə olduğu kimi, Xəzər rayonunda da Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin sosial problemlərinin həll olunması, onlara mənəvi dəstək göstərilməsi rayon rəhbərliyi tərəfindən xüsusi diqqətdə saxlanılır. Xəzər RİH tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi hər zaman dərin ehtiramla yad edilir. Onların ailə üzvləri, həmçinin müharibə zamanı öz sağlamlığını itirmiş qazilərimiz mütəmadi ziyarət edilir. Bu kateqoriyaya aid olan insanlar RİH başçısı aparatında qəbul olunaraq müraciətləri müvafiq şöbə tərəfindən araşdırılır və aidiyyəti üzrə konkret tədbirlər görülür. Mütəmadi olaraq sosial-psixoloji reabilitasiyaya ehtiyacı olan Vətən müharibəsi qazilərinə sosial dəstək tədbirləri çərçivəsində köməklik göstərilməsi və onların daimi diqqətdə saxlanılması məqsədilə RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində görüşlər təşkil olunur.

Sakinlərlə görüşlər mütəmadi keçirilir

Xəzər rayonunda yerli sakinlərlə mütəmadi olaraq qəbullar və səyyar görüşlər keçirilir. Vətəndaşları narahat edə problemlərin həlli məqsədilə təşkil olunan belə tədbirlər zamanı Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və digər məsul şəxslər vətəndaşlarla görüşür və sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı məlumatları alırlar. Söz alan vətəndaşlar bir çox məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirirlər. Onların bütün sualları ətraflı cavablandırılır. Səyyar qəbullarda sakinlərin səsləndirdikləri məsələlərin həlli ilə bağlı konkret tədbirlər müəyyənləşdirilir.

Bütün bu deyilənlərdən belə qənaətə gəlmək olur ki, bu gün Bakının Xəzər Rayon İcra Hakimiyyətində ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş dövlət əhəmiyyətli vəzifələrin effektiv icrası üçün bütün imkanlar səfərbər olunmuşdur və bu istiqamətdə göstərilən fəaliyyət yüksək səmərəliliyə malikdir. Rayonda Ölkə Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı verdiyi müvafiq Sərəncam və tapşırıqlara ciddi şəkildə əməl olunur. Həmçinin şəhid ailələrinə, müharibə iştirakçıları və qazilərinə diqqət və qayğının daha da yüksək səviyyədə göstərilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin Xəzər rayonunda layiqincə reallaşdırılması üçün rəhbərlik tərəfindən bütün lazım olan addımlar atılır.

Reportajı hazırladılar:
Elman Məmmədov
Sənan Həsənov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2025