Mobil versiya
Xətai rayonunda vətəndaş məmnunluğu ilə bağlı sorğu keçirilib
Tarix: 27-06-2024 | Saat: 14:35
Bölmə:Özəl | çapa göndər

Xətai rayonunda vətəndaş məmnunluğu ilə bağlı sorğu keçirilib

Ötən saylarımızda aia.az saytının yeni bir layihə hazırladığından və artıq bu layihənin icrasının ardıcıl olaraq həyata keçirilməsinə başlandığından oxucularımıza xəbər vermişdik. Layihənin məqsədi paytaxt Bakıda və bölgələrimizdə vətəndaş məmnunluğunun şərti səviyyəsini müəyyənləşdirmək və bu barədə geniş oxucu auditoriyamızı məlumatlandırmaqdır. Bu dəfəki buraxılışımızda əməkdaşlarımızın Bakının Xətai rayonunda keçirdikləri rəy sorğusunun nəticələrini təqdim edirik.

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıq və göstərişlərinə əsasən bu gün vətəndaş məmnunluğunun səviyyəsi yerlərdə dövlət orqanlarının və əlbəttə ki, ilk növbədə icra strukturlarının iş effektivliyinin qiymətləndirilməsi üçün əsas meyar kimi qəbul edilir. Təbii ki, bu səviyyə ilk növbədə vətəndaşların özlərinin bu və ya digər sahədə onlara göstərilən diqqətdən, yaradılan şəraitdən və bir çox digər amillərdən nə dərəcədə razı qalmalrı ilə müəyyən olunur. Təbii ki, belə olan halda obyektivliyi qoruyub saxlamaq üçün ən yaxşı üsullardan biri yerlərdə sakinlərlə görüşüb bu və ya digər məsələ ilə bağlı onların rəylərini bilavasitə öyrənməkdir.

Məhz elə bu məqsədlə də biz öz redaksiyamızda bir təşəbbüs qrupu yaratdıq. Şərti olaraq “Sosioloji sorğu” adlandırdığımız bu layihə çərçivəsində 2 nəfərdən ibarət qrupumuz mütəmadi olaraq həm paytaxtın rayonlarında, həm də bölgələrdə vətəndaşlar arasında rəy sorğusu keçirəcək, bu və ya digər məsələ barədə sakinlərini fikirlərini öyrənəcəklər. Çalışacayıq ki, olduğumuz ərazidə sakinlər arasında vətəndaş məmnunluğunun səviyyəsi barədə oxucularımızı maksimum obyektiv məlumatlandıraq. Beləliklə, növbəti sorğunu keçirmək üçün əməkdaşlarımız bu dəfə paytaxtın Xətai rayonunda olublar.

Həqiqətən də bu gün Bakı metropoliteni şəhər daxilində istənilən nöqtəyə tez və rahat çatmaq üçün ən əlverişli nəqliyyat vasitəsidir. Elə biz də Xətai rayonuna getmək üçün məhz bu yeraltı nəqliyyat vasitəsindən yararlandıq. Metronun “Əhmədli” stansiyasından çıxandan sonra üz tutduq “Ukrayna dairəsi” tərəfə. Hamımız bilirik ki, bu ərazidə yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkı rayon sakinlərinin ən sevimli istirahət məkanlarından biridir. Bəxtimizdən parkda kifayət qədər istirahət edənlər vardı. Hava almağa çıxanların əksəriyyəti yaşlı nəslin nümayəndələri idi. Bir də evdar xanımlar, kimi azyaşlı övladını, kimi də nəvələrini gəzməyə çxarmışdı. Əslində məhz elə bu kontingent bizə daha çox sərf edirdi. Çünki adətən yaşlı insanlar media mənsubları ilə daha çox ünsiyyətə meyilli olurlar. Park öz adını doğruldurdu, başdan-başa yaşıllıq içərisində idi. Hiss olunurdu ki, ağaclara, kollara yaxşı qulluq edilir. Amma bizim üçün əsas maraq kəsb edən məqam rayon sakinlərinin əhval-ruhiyyəsi, onların yaşadıqları mühitə, ətraflarında mövcud olan vəziyyətə münasibətləri ilə bağlı idi. Əlbəttə ki, təqdim edəcəyimiz yazılarda sakinlərlə apardığımız söhbətləri tam təfərrüatları ilə qələmə almaq niyyətində deyilik. Amma bəzi maraqlı məqamları qısaca da olsa mütləq diqqətinizə çatdıracayıq. Onu da qeyd edim ki, bütün respondentlərimizə verdiyimiz suallar eyni mahiyyət kəsb edib və təxminən belə səslənib:

- Yaşadığınız ərazinin abadlığı, təmizliyi, dövlət idarələrinə müraciət etdiyiniz zaman gördüyünüz münasibət sizi qane edirmi? Rayonun icra orqanlarının fəaliyyətindən məmnunsunuzmu? Rayon ərazisində yaşayan şəhid ailələrinə və müharibə qazilərinə göstərilən diqqət və qayğının səviyyəsini necə qiymətləndirirsiz?

Beləliklə, həmsöhbətlərimizdən bəzilərini sizlərə də təqdim etməyin əsil vaxtıdır (cavablar məzmun dəyişikliyinə yol verilmədən redaktə edilib):

Sara xanım (58 yaş, gəlini və iki nəvəsi ilə gəzməyə çıxıb): Siz gərək bura ayın 25-i gələrdiniz. Bax o zaman həm istədiyiniz qədər sakinlərlər görüşərdiz, həm də rayonumuzda olan əsil ab-havanı öz gözünüzlə görərdiz. Həmin günün axşamı bu parkda İcra Hakimiyyəti və YAP-ın rayon təşkilatı Silahlı Qüvvələr Gününə həsr olunmuş konsert proqramı təşkil etmişdilər. Çox möhtəşəm keçdi. Ümumiyyətlə bizdə belə tədbirlər tez-tez keçirilir, insanların asudə vaxtlarının, xüsusən də bayram günlərində mədəni istirahətlərinin təşkilinə rayonumuzda çox dqqət yetirilir...

Sabir müəllim (68 yaş, istirahət edir): Ona etibar olunmuş rayonda işlərin qaydasında getməsini istəyən rəhbər işçi gərək tez-tez xalqın içinə çıxsın, camaatla görüşsün, insanların dərdini-sərini öyrənsin. Bizdə Rafi müəllim bunu edir. Tez-tez qəbullar, səyyar görüşlər keçirir, polisdən, prokurorluqdan, digər təşkilatlardan da nümayəndələri dəvət edir. Sakinlər də onları narahat edən problemlərini belə görüşlərdə bildirirlər. Onu üçün də bizdə rayon rəhbərliyi ilə sakinlər arasında qarşılıqlı hörmət və etimad var...

Dürdanə xanım (48 yaş, alış-verişdən qayıdır, yolüstü parkda dincini alır): Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim də rayondan Vətən uğrunda canlarını qurban vermiş çox igid oğullarımız oldu. Allah bütün qazilərimizə də şəfa versin. Dövlətimiz var olsun. Mən özüm bir neçə şəhid və qazi ailəsini şəxsən tanıyıram. Sağ olsunlar, tez-tez icra hakimiyyətindən gəlib onları başa çıxırlar, şəhidlərin ad günlərində, anım günlərində məzarları ziyarət olunur, xatirələri anılır. Yəni bu barədə çox diqqət göstərirlər. Hər halda bizdə bu dəqiq belədir. Bəlkə də rayonumuzda elə bir şəhid ailəsi yoxdur ki, Rafiq müəllim (Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev – red.) onların evlərində olmasın.

Vasif müəllim (71 yaş, təqaüdçü): Mənim öz yaxın qohumlarından da həm şəhid, həm də Qarabağ qaziləri var. Şəhidlərin ailələrinə də, qazilərə də dövlətimiz tərəfindən yüksək səviyyədə qayğı göstərilir. İcra hakimiyyətindən də tez-tez gəlib başa çıxırlar, özlərinin də bütün müraciətlərinə dərhal cavab verirlər. Şükür, hələ indiyə kimi, heç bir problemləri həll olunmamış qalmayıb...

Səyyarə xanım və Məleykə xanım (52 yaş, 56 yaş, qonşudurlar birgə vaxt keçirirlər): Başqa rayonları bilmirik, bizdə icra hakimiyyətində vətəndaşın qəbulu ilə bağlı heç vaxt problem olmayıb. Hansı gün, hansı saatda getsən mütləq qəbul edəcəklər, dinləyəcəklər, məsələn də həll olunacaq. Hələ mütəmadi təşkil olunan qəbulları, səyyar görüşləri demirik. Yəni bizim Xətai rayonunda, sağ olsun Rafiq müəllim, sakinlərin öz problemlərini deməyə yerləri də var, bu problemləri həll edən dövlətimizin təmsilçiləri də ...

Beləliklə, Xətai rayonunda təxminən 3 saat ərzində qrupumuz tərəfindən ümumilikdə 37 nəfər sakin arasında rəy sorğusu keçirildi. Sorğu iştirakçılarının böyük əksəriyyəti Xətai rayon İcra Hakimiyyətinin və bu qurumun tabeliyində fəaliyyət göstərən strukturların işindən razılıqlarını ifadə etdilər. Sorğu nəticəsində gəldiyimiz ümumi nəticələr isə belə oldu:

Şəhid ailələrinə və qazilərə diqqət və qayğı yüksək səviyyədə təşkil olunub

Bu gün bütün ölkəmizdə olduğu kimi, Xətai rayonunda da Vətən müharibəsi qazilərinin və şəhid ailələrinin sosial problemlərinin həll olunması, onlara mənəvi dəstək göstərilməsi rayon rəhbərliyi tərəfindən xüsusi diqqətdə saxlanılır. Xətai RİH tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi hər zaman dərin ehtiramla yad edilir. Onların ailə üzvləri, həmçinin müharibə zamanı öz sağlamlığını itirmiş qazilərimiz mütəmadi ziyarət edilir. Bu kateqoriyaya aid olan insanlar RİH başçısı aparatında qəbul olunaraq müraciətləri müvafiq şöbə tərəfindən araşdırılır və aidiyyəti üzrə konkret tədbirlər görülür. Mütəmadi olaraq sosial-psixoloji reabilitasiyaya ehtiyacı olan Vətən müharibəsi qazilərinə sosial dəstək tədbirləri çərçivəsində köməklik göstərilməsi və onların daimi diqqətdə saxlanılması məqsədilə RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində görüşlər keçirilir.

Sakinlərlə görüşlər mütəmadi keçirilir

Xətai rayonunda yerli sakinlərlə mütəmadi olaraq qəbullar və səyyar görüş keçirilir. Vətəndaşları narahat edə problemlərin həlli məqsədilə təşkil olunan belə tədbirlər zamanı Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev və digər məsul şəxslər vətəndaşlarla görüşür və sakinlərdən qarşılaşdıqları problemlər barədə ətraflı məlumatları alırlar. Söz alan vətəndaşlar bir çox məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirirlər. Onların bütün sualları ətraflı cavablandırılır. Səyyar qəbullarda sakinlərin səsləndirdikləri məsələlərin həlli ilə bağlı konkret tədbirlər müəyyənləşdirilir.

Bütün bu deyilənlərdən belə qənaətə gəlmək olur ki, bu gün Bakının Xətai Rayon İcra Hakimiyyətində ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş dövlət əhəmiyyətli vəzifələrin effektiv icrası üçün bütün imkanlar səfərbər olunmuşdur və bu istiqamətdə göstərilən fəaliyyət yüksək səmərəliliyə malikdir. Rayonda Ölkə Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı verdiyi müvafiq Sərəncam və tapşırıqlara ciddi şəkildə əməl olunur. Həmçinin şəhid ailələrinə, müharibə iştirakçıları və qazilərinə diqqət və qayğının daha da yüksək səviyyədə göstərilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin Xətai rayonunda layiqincə reallaşdırılması üçün bütün lazım olan addımlar atılır.

Reportajı hazırladılar:
Kənan Məmmədov
Elxan Həsənov
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2025