Mobil versiya
“Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır
Tarix: 24-06-2024 | Saat: 10:32
Bölmə:Özəl | çapa göndər

“Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır

Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır.
Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlarda söz sahibi kimi təkcə üzləşdiyimiz problemlərin yox, həm də qlobalmiqyaslı məsələlərin həllinə böyük töhfələr verir. Ölkəmizin 120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdəki fəaliyyətinə diqqət yetirəndə görürük ki, Azərbaycan qısa müddət ərzində bu təşkilatın nüfuz və gücünü beynəlxalq hadisələrə təsir etmək səviyyəsinə qaldırmışdır. Onu da xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan digər beynəlxalq təşkilatlar - Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və sair platformalarda olduqca fəaldır. Qeyd etdiyimiz bu uğurlu əməkdaşlıqlar həm də qlobal beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi üçün hərtərəfli zəmin yaradır. Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində COP29-un Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.
Enerji siyasətimizdə tarixi hadisələr baş vermişdir. Ulu öndər Heydər Əliyevin neft strategiyası bu gün tam şəkildə reallaşıbdır. Bu strategiyanın davamı üçün yeni təşəbbüslər irəli sürülübdür. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2006-2007-ci illərdə istifadəyə verilmişdir. Beləliklə, ilk dəfə olaraq Xəzər dənizinin neft-qaz ehtiyatları dünya bazarları ilə birləşmişdir. Dəhliz yaradılmışdır ki, bu dəhlizdən indi biz və qonşularımız istifadə edir. O dəhliz ki, onun üzərində strateji əhəmiyyətə malik olan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi icra edilir. Bu layihənin də təşəbbüskarı Azərbaycan olmuşdur. Əsas maliyyə yükünü də Azərbaycan öz üzərinə götürmüşdür. Ona görə, enerji siyasətimizlə bağlı olan təşəbbüslər və reallaşan layihələr çoxdan regional çərçivələrdən çıxıb və bu gün Azərbaycan qlobal enerji bazarında çox etibarlı, ciddi ölkə kimi tanınır. Bizim qərarlarımız, Bakıda verilən qərarlar enerji təhlükəsizliyi məsələlərində həlledici rol oynayır. Biz bunu bilirik. Bu reallığı öz siyasətimizlə, cəsarətli addımlarımızla və müstəqil siyasətlə biz yaratmışıq. İki neft və qaz kəmərinin tikintisi demək olar ki, bölgədə yeni enerji xəritəsini yarada bilmişdir. Bu gün enerji xəritəsinin yaradılması, o xəritəyə düzəlişlərin edilməsi məsələləri də Azərbaycanda həll olunur.
Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycan Respublikasında bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir.
Ölkəmizdə bərpa olunan energetika sahəsinin inkişaf etdirilməsi, bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ hüquqi aktlar qəbul edilmişdir. Son illərdə sahə üzrə görülən işlər davam etdirilmiş və bərpa olunan enerjinin inkişafına xüsusi töhfə verən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanunu təsdiq edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (“Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapmışdır. Belə ki, ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritetlərə uyğun olaraq, cari və gələcək dövrdə bərpa olunan enerji mənbələrindən istifadəyə, “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsinə daha çox diqqət ayrılmaqdadır. Bu sahədə aparılan işlər çərçivəsində bərpa olunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində ölkə üzrə kameral araşdırmalar davam etdirilmişdir. Milli Prioritetlər BMT-nin “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən külək enerjisi üzrə 3000 meqavat, günəş enerjisi üzrə 23000 meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.
Azərbaycanın yaşıl enerji infrastrukturunun inkişafını və bununla da regionun enerji təhlükəsizliyinə töhfə verməkdədir.
Azərbaycanın qlobal əhəmiyyətli enerji layihələrinin müzakirə olunduğu və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verən ölkə kimi mövqeyini dünyada yüksək qiymətləndirilir.

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının məsləhətçisi Şamo Qasımov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-07-2024