Mobil versiya
Eltun Süleymanov: “Qüdrətli ordumuzla qürur duyuruq.”
Tarix: 20-06-2024 | Saat: 10:52
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-7 | çapa göndər

Eltun Süleymanov: “Qüdrətli ordumuzla qürur duyuruq.”

1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayanmış, Ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi geniş vüsət almışdır. Ümummilli liderin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır. Təsadüfi deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu.

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ermənistan ilə müharibə vəziyyətində idi. O zaman Azərbaycana rəhbərlik edən şəxslər Silahlı Qüvvələr yarada bilmədilər. 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o zamankı respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün ciddi səy göstərmirdi. Yalnız Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Ulu Öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur. Özünümüdafiə dəstələri və könüllü batalyonlar ləğv edildi və beləliklə, Ulu Öndər Heydər Əliyev vahid komandanlığa tabe olan nizami Azərbaycan Ordusunu yaratdı.
Dahi sərkərdə 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəsə nail olmasından sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlamışdır. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırılmış, orduya çağırış, fərarilik halları ilə bağlı bütün problemlər öz həllini tapmışdır. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən, mənəvi baxımdan sağlam zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri qanunlar qəbul edilməklə silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.

Eltun Süleymanov qeyd edib ki, “ 1994-cü ilin əvvəlində başlayan uğurlarımız bu günə qədər davam edir. 2012-ci ildən düşmənə rahatlıq verməyən Silahlı Qüvvələrimizin fəaliyyətləri uğurlu Aprel döyüşləri, Günnüt əməliyyatı, Babakər və Tovuz hadisələri ilə müşaiyət edildi. Son nəticədə isə Horadiz zəfəri ilə başlayan uğurlarımız Vətən Müharibəsindəki möhtəşəm qələbəmiz ilə nəticələndi. Bu gün onu da əminliklə deyə bilərik ki, müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz, Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır. Hazırda müasir müstəqil Azərbaycan inkişaf yolunda inamla və uğurla irəliləyir, qazanılan qələbələr, nailiyyətlər dövlətimizin qüdrətini daha da artırır. İndi müstəqil Azərbaycanımızın güclü ordusu, məğrur xalqı və bütün dünyada böyük nüfuzu var. Hər birimiz, hər bir azərbaycanlı ölkəmizi xarici və digər təhlükələrdən layiqincə qorumağa qadir qüdrətli ordumuzla qürur duyuruq.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2024