Mobil versiya
Novruzəli Aslanov: “Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası xalqın və dövlətin müqəddəratını həll etdi”
Tarix: 14-06-2024 | Saat: 09:39
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası xalqın və dövlətin müqəddəratını həll etdi”

“Ümummilli Lider Heydər Əliyevin respublikaya 34 illik rəhbərliyi dövrü Azərbaycanın tarixinə ən önəmli inkişaf mərhələsi kimi düşmüşdür. Müstəqil ölkəmizin bugünkü uğurları Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının, müəyyən etdiyi daxili və xarici siyasət kursunun təntənəsi, Azərbaycan tarixinə müasir müstəqil dövlətimizin qurucusu və xalqın xilaskarı kimi daxil olmuş Ulu Öndər Heydər Əliyevin xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında göstərdiyi misilsiz xidmətlərin ən önəmli nəticələrindən biridir.”

Bu sözləri 15 iyun – Milli Qurtuluş Günü ilə bağlı fikirlərini paylaşan Milli Məclisin deputatı Novruzəli Aslanov aia.az-a açıqlamasında deyib.

Deputat Milli Qurtuluş Gününün mahiyyətindən bəhs edərək bildirib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi ikinci dəfə öz üzərinə götürməsi xalqın və dövlətin müqəddəratını həll edəcək tarixi zərurət idi: “1990-cı illərin əvvəllərində, müstəqilliyimizin ilk illərində suverenliyimizin itirilməsi və dövlətçilik ənənələrinin milli yaddaşdan silinməsi təhlükəsi ilə üzləşdiyimiz vaxtda müdrik dövlət xadimi, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin xalqın təkidli çağırışına səs verərək və birmənalı dəstəyinə arxalanaraq xilaskarlıq missiyasını öz üzərinə götürməsi Azərbaycanı geri dönüşü mümkün olmayacaq bir uçuruma yuvarlanmaqdan qurtardı və ölkənin tarixini inkişafa doğru istiqamətləndirdi. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyev respublikamızın ziddiyyətlər və qarşıdurma məkanına çevrildiyi, mürəkkəb regional və beynəlxalq proseslərin cərəyan etdiyi bir şəraitdə Azərbaycanı getdikcə daha çox bürüməkdə olan faciə və fəlakətlərin qarşısını almış, ölkənin formal deyil, gerçək müstəqilliyini təmin etmişdir. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, xalqın öz liderinə olan sonsuz inam və etimadı Ulu Öndərin respublikamızın qurtuluşu naminə siyasi məsuliyyəti öz üzərinə götürməsi zərurətini şərtləndirən əsas amil olmuşdur. Həmin vaxt ölkədə yaşanan siyasi böhran artıq elə bir təhlükəli həddə çatmışdı ki, artıq o zaman hakimiyyətdə olan və bu vəziyyətin formalaşmasına bilavasitə səbəb olmuş qüvvələr də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur olmuşdular. Ümummilli Lider bütün bunları nəzərə alaraq Bakıya qayıtmış, Azərbaycan xalqının və dövlətçiliyimizin xilası, dövlətçilik ənənələrimizin, milli qürur və ləyaqətin bərpası naminə tarixi missiyasını yerinə yetirməyə başlamışdı. İyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdir. Məhz həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi yazılmışdır.”

N.Aslanov fikirlərini davam etdirərək Ümummilli Lider Heydər Əliyevin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi dövrü Azərbaycanı tarixi Zəfərə aparan yolun başlanğıcı kimi səciyyələndirib. Deputat xüsusi olaraq vurğulayıb ki, torpaqlarımızın işğaldan azad edilməsinin yeganə mümkün yolu da məhz Heydər Əliyevin müəyyən etdiyi strateji kursun davam etdirilməsi olub: “Ümummilli Lider Heydər Əliyev respublikaya ikinci dəfə rəhbərliyə gəldiyi ilk gündən işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində sistemli və məqsədyönlü fəaliyyətin əsasını qoymuş, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda ardıcıl işlərə başlamışdır. İlk növbədə Ulu Öndər ordu quluculuğu işinə başlamışdı. Bu vacib işi 2003-cü ildən bəri böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə Silahlı Qüvvələrimizin artıq həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsini daha da gücləndirdi və bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Bütün bu illər ərzində Ali Baş Komandanımız ordu quruculuğu məsələlərini daim diqqət mərkəzində saxladı. Dövlət başçısı hər zaman öz çıxışlarında ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Qarabağ münaqişəsinin kökündən və birdəfəlik həllində ordunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirirdi. Məhz bu məqsədlərlə ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi istiqamətində görülən işlərin, Silahlı Qüvvələrdə aparılan islahatların nəticəsi olaraq bu gün Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Şanlı ordumuz XXI əsrdə ilk dəfə olaraq irimiqyaslı hərbi əməliyyatlarda qalib gələrək öz ölkəsinin ərazi bütövlüyünü bərpa edib. Ötən il keçirilmiş lokal xarakterli antiterror tədbirinin nətcəsində isə, Azərbaycan otuz il davam edən münaqişəni qidalandıran ən böyük bəlanın, Qarabağda yaradılmış erməni separatizminin kökünü kəsdi və öz suverenliyini bütün ölkə ərazisində tam bərpa etdi. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət kursunun Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən zamanın tələblərinə, müasir dövrün ictimai və siyasi çağırışlarına müvafiq surətdə davam etdirilməsi nəticəsində Azərbaycan bu gün müasir, dinamik inkişaf edən, nüfuzlu dünya dövlətlərindən birinə çevrilib” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-12-2024