Mobil versiya
Qəzənfər Abdullayev: “Ulu Öndər Heydər Əliyev bu il 100 yaşını qeyd edən Naxçıvan Muxtar Respublikasını bütün bəlalardan qorudu”
Tarix: 11-06-2024 | Saat: 17:59
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Qəzənfər Abdullayev: “Ulu Öndər Heydər Əliyev bu il 100 yaşını qeyd edən Naxçıvan Muxtar Respublikasını bütün bəlalardan qorudu”

“XX əsrin sonlarında öz müstəqilliyini yenidən bərpa etmək fürsətini əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın səsinə səs verən Ulu Öndər Heydər Əliyev əsl xilaskarlıq missiyasını öz üzərinə götürmüşdür. Ölkədə 1993-cü ilin iyununda kulminasiya həddinə çatmış hakimiyyət böhranı xaos və anarxiyanın respublikanı bürüməsinə zəmin yaratmışdı. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi düşdü. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Artıq hakimiyyət dəyişikliyi ölkənin və dövlətin varlığını xilas edə biləcək yeganə mümkün həll kimi bir zərurətə çevrilmişdi.”

Bu fikirləri aia.az-a verdiyi müsahibəsində Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev səsləndirib.

Daha sonra Şura sədri Ulu Öndər Heydər Əliyevin bütün Azərbaycanda böhranın kəskinləşdiyi bir zamanda Naxçıvanı böyük məharətlə idarə etdiyini və bütün bəlalardan qoruduğunu vurğulayaraq bunları demişdir: “2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur. Qeyd etmək lazımdır ki, bütün respublikamız kimi, Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi də birbaşa Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Qeyd etmək lazımdır ki, Ulu Öndərin Naxçıvana rəhbərlik etdiyi dövr milli dövlətçilik ənənələrinin bərpası baxımından da xüsusi əhəmiyyət kəsb edir. Məhz həmin mərhələdə Muxtar Respublikanın dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi və ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu Öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin davamı olan Yeni Azərbaycan Partiyası da məhz Naxçıvanda təsis edilmişdir. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur.”

Fikirlərini davam etdirən Q.Abdullayev Qurtuluş Gününün mahiyyətindən bəhs edərək bunları deyib: “Məhz belə bir kritik dönəmdə Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyev xalqın səsinə səs verərək respublikada ikinci dəfə hakimiyyət sükanını öz əllərinə götürdü. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev 1993-cü ilin iyun ayının 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu gün-gündən daha da artır. Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir. Məhz bu ordu 2020-ci ildə Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərimizin ən böyük, ən mühüm vəziyyətini yerinə yetirdi. Cənab Prezident Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız şəxsən dalğalandırdı. Bu gün cənab Prezident İlham Əliyevin Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan ölkəsinə çevrilib, yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib” – deyə, Qəzənfər Abdullayev müsahibəsini sona çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024