Mobil versiya
Zəngəzur dəhlizinin (TRIPP) reallaşması Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək - DEPUTAT
Tarix: 15-08-2025 | Saat: 17:04
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Zəngəzur dəhlizinin (TRIPP) reallaşması Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək

Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin avqust ayının 7–9 tarixlərində Amerika Birləşmiş Ştatlarına, Prezident Donald Trampın dəvəti ilə etdiyi işgüzar səfər bu gün Avrasiya məkanında yerləşən bir çox ölkələrin siyasi kuluarlarında qızğın müzakirə olunan əsas mövzudur. Məsələ bundadır ki, Ağ Evdə keçirilmiş Azərbaycan, ABŞ və Ermənistan ölkə rəhbərlərinin Zirvə görüşü nəticəsində əldə olunan razılaşmalar və imzalanan sənədlər Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olunmasını, demək olar ki, həll olunmuş bir məsələyə çevirməklə bu region vasitəsilə öz bağlantılarını daha etibarlı və təhlükəsiz şəkildə möhkəmləndirmək niyyətində olan Asiya və Avropa ölkələrinə indiyədək görünməmiş perspektivlər vəd edir. Təbii ki, bu baxımdan Ağ Evdə imzalanmış Birgə Bəyannamədə, sənəddə “Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu” (TRIPP) adlandırılan və Şərq–Qərb beynəlxalq nəqliyyat dəhlizinin önəmli hissəsinə çevriləcək Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutan müddəanın yer alması son dərəcə mühüm əhəmiyyət kəsb edən bir məqamdır.

İlk növbədə, Zəngəzur dəhlizinin (TRIPP) reallaşması, əlbəttə ki, Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək və ölkəmizin iqtisadi qüdrətini bir qədər də artıracaq. Belə ki, bu layihə yalnız regiondaxili nəqliyyat və logistika imkanlarını artırmaqla kifayətlənməyərək, eyni zamanda ölkəmizin beynəlxalq ticarət marşrutlarında strateji rolunu daha da möhkəmləndirəcəkdir.

Əldə olunacaq imkanlar sırasında ilk növbədə iqtisadi üstünlüklərimizi qeyd etmək lazımdır. Aydındır ki, dəhlizin açılması ilə Azərbaycan, Türkiyə, Çin, Mərkəzi Asiya və regionda yerləşən ölkələrlə yük və sərnişin daşımalarında yeni, daha qısa və təhlükəsiz marşruta sahib olacaq. Bu isə, öz növbəsində, ticarət dövriyyəsinin artmasına səbəb olacaq. Nəqliyyat məsafəsinin qısalması logistik xərcləri azaldacaq ki, bu da ixrac və idxal proseslərini sürətləndirəcək. Dəhliz boyunca sənaye zonaları, logistika mərkəzləri və xidmət sektoru kimi sahələrə investisiya qoyuluşları üçün yeni, geniş imkanlar açılacaq. Bütün bunlar iqtisadi üstünlükləri şərtləndirən əsas amillərdir.

Layihənin Azərbaycana verəcəyi növbəti üstünlüklər geosiyasi xarakter daşıyır. Məlumdur ki, Azərbaycan artıq bu gün Şərqlə Qərb arasında mühüm tranzit qovşağına çevrilməkdədir və ölkəmizin beynəlxalq nəqliyyat şəbəkələrində rolu getdikcə artır. Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə bu proses daha da sürətlənəcək və Azərbaycanın strateji tranzit mərkəzi statusu bir qədər də yüksələcək. Layihənin ən önəmli cəhətlərindən biri, əlbəttə ki, Azərbaycan və Türkiyə arasındakı quru yol üzrə bağlantının təmin edilməsi olacaq və bu, iki qardaş ölkə arasındakı əməkdaşlığı daha da möhkəmləndirəcək. Eyni zamanda, Xəzər üzərindən Zəngəzur dəhlizinə (TRIPP) çıxış almaqla Mərkəzi Asiya ölkələri ilə Türkiyə arasında bağlantılar yaranacaq. Beləliklə, bu möhtəşəm layihə Türk dövlətləri arasında iqtisadi, siyasi və mədəni əlaqələrin güclənməsinə mühüm töhfə verəcək.

Zəngəzur dəhlizinin (TRIPP) təqdim edəcəyi növbəti imkanlar sosial və regional xarakterli üstünlüklər olacaq. Bu baxımdan, ən önəmli məqam kimi Naxçıvanın blokadadan çıxmasını vurğulamaq lazımdır. Dəhlizin açılması Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında fasiləsiz quru əlaqəsini bərpa edəcək. Bu da bölgənin iqtisadi və sosial inkişafını sürətləndirəcək. Həmçinin dəhliz boyunca reallaşdırılacaq infrastruktur layihələri, yaradılacaq xidmət sektoru və logistika sahələrində minlərlə yeni iş yeri açılacaq. Marşrut üzərində yerləşən bölgələrin nəqliyyat və xidmət infrastrukturlarının inkişafı isə bu ərazilərdə turizm imkanlarının genişlənməsinə zəmin yaradacaq. Bu da, təbii ki, yerli iqtisadiyyata əlavə gəlirlər gətirəcək.

Nəhayət, Zəngəzur dəhlizinin (TRIPP) ən mühüm cəhətlərindən biri də regional sülhün və əməkdaşlığın möhkəmlənməsinə, genişlənməsinə verəcəyi mühüm töhfə olacaq. Məsələ bundadır ki, yuxarıda qeyd olunan imkanların reallaşması, mahiyyət etibarı ilə, özündə sülh və sabitliyin bərqərar olunmasını ehtiva edir. Beləliklə, Zəngəzur dəhlizinin (TRIPP) açılmasının ən böyük üstünlüyü də məhz bölgədə qarşılıqlı iqtisadi imkanları artıraraq uzunmüddətli sülhün möhkəmlənməsinə xidmət etməyində olacaq.

Göydəniz Qəhrəmanov
Milli Məclisin deputatı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-08-2025