Mobil versiya
AZƏRBAYCAN – MİSİR ƏLAQƏLƏRİ ƏN YÜKSƏK SƏVİYYƏDƏ İNKİŞAF EDİR!
Tarix: 10-06-2024 | Saat: 11:19
Bölmə:Özəl | çapa göndər

AZƏRBAYCAN – MİSİR ƏLAQƏLƏRİ ƏN YÜKSƏK SƏVİYYƏDƏ İNKİŞAF EDİR!

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm uğurlar qazanan və beynəlxalq aləmdə söz sahibinə çevrilən Azərbaycanın istər bölgədə, istərsə də dünyada nüfuzu durmadan artır. Dövlətimizin başçısının yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Bunu dünya ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla əməkdaşlıqda maraqlı olmaları da təsdiqləyir. Ən yüksək səviyyəli qarşılıqlı səfərlər Azərbaycan dövlətinin beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfə verməkdədir. Azərbaycanın çoxşaxəli xarici siyasətində əsas istiqamətlərdən birini də ərəb dövlətləri ilə əlaqələr təşkil edir. Ərəb ölkələri, həmçinin mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər. Bir sıra ərəb dövlətləri, xüsusilə İraq və Misir illərdir mina problemindən əziyyət çəkir. Ölkəmiz mina probleminə beynəlxalq aləmdə daha çox diqqət çəkmək istiqamətində ərəb ölkələri ilə əməkdaşlıq edə bilər. Son aylar ərzində cənab Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının, “Avropa siyasi birliyi”nin, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin, indi isə Ərəb Dövlətləri Liqasının sammitlərində iştirakı ölkəmizin həm fəal, təşəbbüskar xarici siyasət aparmasının, həm də multilateralizmə, beynəlxalq əməkdaşlığa verdiyi önəmin bariz nümunəsidir. Azərbaycan belə tədbirlərdə iştirakla öz mövqeyini beynəlxalq müstəvidə irəlilətmək üçün əla imkanlar əldə edir.Azərbaycanın ərəb dövlətləri ilə əlaqələrində Misirlə münasibətlər də xüsusi əhəmiyyətə malikdir. İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Misir Respublikasına rəsmi səfəri başlayıb.
Bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan və Misir prezidentlərinin görüşləri keçiriləcək. Səfər çərçivəsində imzalanacaq sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcək. Azərbaycan-Misir əlaqələri bu gün sürətlə inkişaf edir. Bu əməkdaşlığın qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ilə Misir Prezidenti Hüsnü Mübarək arasında dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün yaxşı zəmin yaradıb. Bu gün bu siyasət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd etmək yerinə düşər ki, Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını da dəstəkləyir. Elə cənab Prezident İlham Əliyevin həmin səfəri zamanı Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlığın vəziyyəti, bu əlaqələrin genişləndirilməsi perspektivləri də müzakirə olunub, Liqaya üzv ölkələrin səfirləri ilə görüş keçirilib. Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələrimiz turizm sahəsində də inkişaf edir və son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda, Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir.
2008-ci ildə Qəlubiyyə vilayətində Misir-Azərbaycan dostluq parkının, parkda Ümummilli Lider Heydər Əliyevin abidəsinin və “Azərbaycan” küçəsinin açılışı olub. Abşeron rayonu ilə Qəlubiyyə vilayəti arasında əməkdaşlıq, Cənubi Sinay vilayəti və Qəbələ rayonu arasında 2015-ci ildə dostluq sazişinin imzalanması digər regionlar arasında da əməkdaşlıq üçün nümunə ola bilər. Ötən il yanvarın 27-28-də Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin Azərbaycana səfəri də yaddaqalan olub. Cənab Prezident İlham Əliyevlə geniş tərkibdə görüş başa çatdıqdan sonra iki ölkə arasında bir sıra sənədlər imzalanıb. Bu sənədlərə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Misir Ərəb Respublikasının Su Ehtiyatları və Suvarma Nazirliyi arasında su ehtiyatlarının idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyi arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Ticarət və Sənaye Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” aiddir. Diplomatik əlaqələrin qurulmasından bəri Azərbaycana gələn ilk Misir Prezidenti olmaqdan şərəf duyduğunu bildirən Əbdülfəttah Əs-Sisi isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurları görməkdən şad olduğunu deyib. Bu məqamlar bir daha göstərir ki, bu gün Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Bu baxımdan Azərbaycan Prezidenti cənab İlham Əliyevin Misirə rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verəcək.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025