Mobil versiya
Gülər Sultanzadə : “Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin təhsil sistemini yenidən dirçəltdi”
Tarix: 07-06-2024 | Saat: 09:00
Bölmə:Özəl | çapa göndər

Gülər Sultanzadə : “Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin təhsil sistemini yenidən dirçəltdi”

“Ulu Öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi diqqət və həssaslıqla yanaşmış, gənclərimizin yüksək səviyyədə təhsil alması üçün əlindən gələn hər şeyi etmişdir. Məhz Heydər Əliyevin respublikamızın təhsil sisteminə olan xüsusi diqqət və qayğısının nəticəsi olaraq, 1969-1982-ci illərdə Azərbaycanda çox sayda məktəb binaları tikilərək istifadəyə verilib. Yenə də həmin illərdə ölkədə yeni ali təhsil müəssisələri açılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub. Ulu Öndər daim gənclərin hərtərəfli inkişafına böyük önəm verirdi. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilirdi. Həmin gənclər Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza savadlı, bacarıqlı mütəxəssislər kimi qayıdırdılar. Keçmiş SSRİ dövründə Azərbaycan gənclərinin İttifaqın ən nüfuzlu ali təhsil ocaqlarını bitirdikdən sonra ölkəmizə qayıdıb iqtisadiyyatın müxtəlif sahələrində millətə fayda verməsi də daim ulu öndərin diqqətində olan məsələlərdən biri idi.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının üzvü Gülər Sultanzadə deyib.

Daha sonra müsahibimiz müstəqilliyimizin ilk illərində ölkəni bürümüş ümumi xaos şəraitində humanitar sahələrin də dərin böhran yaşamalarından bəhs edib: “Azərbaycan 1991-ci ildə artıq ikinci dəfə öz müstəqilliyini elan etdikdən sonra hakimiyyətə gələn qüvvələrin səriştəsizliyi, öz ambisiyalarını dövlətin və xalqın maraqlarından üstün tutmaları qısa müddət ərzində ölkəni həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə iflas həddinə gətirib çıxardı. Separatçı qüvvələr tərəfində yaradılan silahlı dəstələr ölkədə vətəndaş qarşıdurmasına yol açdı. Ölkə xaosun artıq açılmış qapıları önündə idi. 1993-cü ildə Azərbaycan dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqımızın Ümummilli Lider Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı yalnız o böyük insan aradan qaldıra bilərdi. O zaman vəziyyəti düzgün qiymətləndirən xalqın yeganə tələbi Bakıya – ölkə rəhbərliyinə Heydər Əliyevin gəlməsi oldu. Heydər Əliyevə ünvanlanan müraciətlər Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün qəbul edilən tarixi ümumxalq qərarı idi. 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Bakıya gəldi. Ümummilli Liderin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə, ruh yüksəkliyi ilə qarşılandı. Ulu Öndər Heydər Əliyevi Naxçıvandan Bakıya gətirən yol Azərbaycan xalqının və dövlətçiliyinin nicat və qurtuluş yoluna çevrildi. Dövlətçiliyimizə qənim kəsilən dairələrin xaos yaradıb Azərbaycanı parçalamaq planları puça çıxdı. Xalqın tələbi ilə Bakıya qayıdan Ümummilli Lider ölkəmizin başı üstünü almış təhlükənin qarşısını qısa vaxtda aldı. Bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, 1991-1992-ci illərdə bütün digər sahələrdə olduğu kimi ölkənin təhsil sistemi də iflic vəziyyətində idi. Ölkənin, dövlətin hansısa mücərrəd gələcəyi deyil, konkret sabahı böyük sual altında olduğu bir vaxtda, əlbəttə ki, humanitar sahələrin vəziyyəti heç kimi düşündürmürdü.”

Fikirlərini davam etdirən Gülər Sultanzadə Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra təhsil sahəsində həyata keçirilən islahatlar nəticəsində böyük uğurlara imza atıldığını bildirib: “Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin ikinci dövrü olan 1993-2003-cü illərdə də təhsil sahəsinin inkişafına xüsusi diqqət və qayğı göstərib. Bu illərdə Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Xeyli sayda məktəb binaları tikilərək istifadəyə verilib, yeni dərsliklər hazırlanıb və şagirdlərə pulsuz paylanıb. Təhsil üzrə müxtəlif proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilib. Ümummilli liderin siyasi hakimiyyətə qayıdışı ilə müstəqil Azərbaycanın yeni təhsil siyasətinin əsası qoyuldu, təhsilə, təhsil işçilərinə dövlət qayğısı artırıldı. Ümummilli Liderimiz təhsil sistemimizdə olan problemlərin optimal həlli üçün Azərbaycan tarixində ilk dəfə təhsil sahəsində əsaslı islahatların aparılması üçün tapşırıqlar verdi. Bu məqsədlə 1998-ci il martın 30-da Ölkə Prezidentinin sərəncamı ilə Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası yaradıldı. 1998-ci ildə Azərbaycan müəllimlərinin birinci qurultayı keçirildi. Xalqımızın böyük oğlu Heydər Əliyev qurultayda tarixi çıxış etdi. Bu çıxış təhsil işçilərinin qarşısında duran vəzifələrin uğurlu həlli üçün əsl proqrama çevrildi. Bu gün Azərbaycanda bütün sahələrdə Ulu Öndərimizin daxili və xarici siyasəti, iqtisadi və sosial sahələr üçün müəyyən etdiyi strateji istiqamətlər möhtərəm Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Məhz bu siyasətin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin nəticəsidir ki, son illərdə Azərbaycan istər sosial-iqtisadi, istərsə də elm və təhsil sahəsində möhtəşəm nailiyyətlər əldə edə bilib. Hətta dünyanın bir sıra ölkələrinin qlobal pandemiya və iqtisadi böhranla çarpışdığı bir vaxtda belə Azərbaycan özünün iqtisadi uğurlarını ilbəil artırdı və bu proses indi də davam edir. Cənab Prezident İlham Əliyevin ayrı-ayrı dövlət proqramları şəklində irəli sürdüyü layihələr müasir, müstəqil və suveren Azərbaycanımızı sürətlə irəli aparır” – deyə, Gülər Sultanzadə fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025