Mobil versiya
Kərim Rzayev: “Güclü ordu olmadan Azərbaycan bu gün nə özünün ərazi bütövlüyünü, nə də tam suverenliyini bərpa edə bilməzdi”
Tarix: 06-06-2024 | Saat: 16:00
Bölmə:Özəl | çapa göndər

Kərim Rzayev: “Güclü ordu olmadan Azərbaycan bu gün nə özünün ərazi bütövlüyünü, nə də tam suverenliyini bərpa edə bilməzdi”

“Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi tarixi dövrün hər iki mərhələsi həm 1969-1982-ci, həm də 1993-2003-cü illər, qazanılan böyük uğurlar baxımından olduqca oxşardır. Xüsusilə dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik olan ikinci mərhələnin ən başlıca nailiyyəti odur ki, ölkəmizin dövlət müstəqilliyi qorunub saxlanmış, daha da möhkəmləndirilmiş və inkişaf etdirilmişdir. Azərbaycanda hüquqi dövlət quruculuğu, demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, işlək bazar iqtisadiyyatına keçid istiqamətində mühüm uğurların əldə edilməsi bu çox mürəkkəb və son dərəcə məsuliyyətli dövrün xarakterik cəhətlərindəndir. Bütün bu uğurların əsasında Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə tarixi qayıdışı və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri funksiyasını öz üzərinə götürməsi dayanır. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.”

Bu sözləri saytımıza verdiyi müsahibəsində Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Kərim Rzayev deyib.

Fikirlərini davam etdirən komitə sədri müstəqilliyimizin ilk illərində ölkəni təhdid edən təhlükələrdən bəhs edərək bunları deyib: “1991-1992-ci illərdə Rusiyanın siyasi-hərbi elitasında formalaşmış mövqeyə görə, ərazisindən hərbi bazaları çıxarılan və birmənalı olaraq Qərbə inteqrasiya xəttini seçən Azərbaycan regionda Kremlin gələcək planları üçün birbaşa təhlükə mənbəyi rolunu oynayırdı. Ulu Öndərin Azərbaycanda hakimiyyətə qayıdışına qədərki dövrü əhatə edən mərhələdə ölkə rəhbərliyinin həyata keçirdiyi səbatsız, səriştəsiz və əslində, antimilli mahiyyət kəsb edən daxili və xarici siyasət kursu Rusiyanın Azərbaycana münasibətdə məlum sərt mövqeyinin formalaşmasında az rol oynamadı. Nəticədə, məhz həmin illərdə Rusiyanın himayəsi ilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı həyata keçirildi. Digər tərəfdən isə, o dövrkü ölkə rəhbərliyinin mövcud şəraitə adekvat olmayan davranışı nəticəsində İranla da münasibətlər son dərəcə kəskinləşdi. Bu yarıtmaz siyasətin nəticəsində faktiki olaraq Azərbaycan həm şimaldan, həm də cənubdan ağır təzyiq altına düşdü. Bu da azmış kimi, ABŞ Konqresi də Azərbaycanı dövlət səviyyəsində hər cür yardımdan məhrum edən “907-ci əlavə”ni qəbul etdi. Belə bir şəraitdə dövlətçiliyimiz üçün ən təhlükəli perspektiv separatizm və onun nəticəsində ərazi bütövlüyümüzün növbəti dəfə pozulması təhlükəsi ilə bağlı idi. Ölkədə hakimiyyətsizlik və xaos hökm sürürdü. Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra hədəfinə çevrildiyimiz ağır problemlər öz həllini tapmağa başladı. Lakin bu prosesin özü də hamar yol ilə getmədi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında Azərbaycanın müstəqilliyini istəməyən xarici qüvvələrin himayəsi ilə respublikamızda dövlət çevrilişlərinə cəhdlər edildi. Yalnız Prezident Heydər Əliyevlə xalqın sarsılmaz birliyi ölkənin bu sınaqlardan da uğurlu çıxışını təmin etdi. Zəmanəmizin dühası olan Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin tarixində, əgər bir sözlə ifadə etmək mümkünsə, məhz xilaskar missiyasını yerinə yetirdi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində 1995-ci ildən başlayaraq ölkəmizin sosial-iqtisadi inkişafı və dünya iqtisadi sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlərə imza atıldı. Ən böyük nailiyyət isə ondan ibarət oldu ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli – Azərbaycan modeli yaradıldı.”

Daha sonra K.Rzayev Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Silahlı Qüvvələrinin yaradılmasında olan müstəsna xidmətlərindən danışıb: “Aydındır ki, güclü ordu olmadan Azərbaycan bu gün nə özünün ərazi bütövlüyünü, nə də tam suverenliyini bərpa edə bilməzdi. Azərbaycanın gələcək müstəqilliyini və bu müstəqilliyin qorunub-saxlanması üçün güclü nizami ordunun vacibliyini hələ ötən əsrin ortalarında görən Ulu Öndər Heydər Əliyev 1969-cu ildə respublika rəhbərliyinə gəlişindən dərhal sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesinə start verdi. Həmin dövrdə Ümummilli Liderimizin bu istiqamətdə atdığı ən mühüm, ən vacib addımlardan biri əlbəttə ki, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması oldu. Təbii ki, SSRİ-nin dövlət və partiya rəhbərləri Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına razılıq vermək istəmirdilər. Lakin Ulu Öndər özünün mahir diplomatiyası, uzaqgörən siyasəti ilə bütün bu maneələri aradan qaldırdı və böyük zəhmətlər bahasına hərbi məktəbin açılmasına nail oldu. İllər sonra öz müstəqilliyini bərpa etmiş Azərbaycanda C.Naxçıvanski adına Hərbi Məktəb ölkəmizin ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Həmçinin qeyd olunmalıdır ki, məhz Ulu Öndərin səyləri nəticəsində o dövrdə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumaları, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün olmuşdu. Həmin dövrdən fərqli olaraq, Müstəqilliyimizin ilk illərində ölkəni bürümüş xaos şəraitində ordu quruculuğundan söhbət belə getmirdi. Pərakəndə halda olan silahlı birləşmələr isə, hakimiyyət uğrunda mübarizə aparan ayrı-ayrı siyasi qüvvələrin maraqlarına xidmət edirdilər. Yalnız 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra bu sahədə də vəziyyət kökündən dəyişdi. Ulu Öndərin səyləri nəticəsində 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Milli Ordumuzun formalaşması prosesi daha da sürətləndi. Bu istiqamətdə əhatəli islahatlar aparıldı, qısa müddət ərzində hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması başa çatdırıldı. Bu gün Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatlarının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsi kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılan prioritet istiqamətlərdir. Birmənalı olaraq demək lazımdır ki, 2003-cü ildən sonra ölkəmizdə ordu quruculuğu tamamilə yeni, keyfiyyətcə daha yüksək bir mərhələyə keçid etdi. 44 günlük Vətən müharibəsi, eləcə də keçən ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror əməliyyatı Şanlı Ordumuzun gücünü-qüdrətini bütün dünyaya canlı olaraq nümayiş etdirdi. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işləri böyük vüsətlə davam etdirilir və ən qısa zamanda dünya həmin ərazilərdə bərpa olunan şəhərlərimizin timsalında növbəti Azərbaycan möcüzəsini seyr etmək imkanı əldə edəcək” – deyə, Kərim Rzayev müsahibəsini başa çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025