Mobil versiya
Qərbi Azərbaycana qayıdış bizim qanuni haqqımızdır
Tarix: 31-05-2024 | Saat: 10:22
Bölmə:Özəl | çapa göndər

Qərbi Azərbaycana qayıdış bizim qanuni haqqımızdır

“1918-ci ildə Azərbaycan Respublikasının ərazisi 114 min kv. kilometr olub. İndi isə 86 min kv. km-dir. Gör əlimizdən nə qədər torpaqlar gedib. Əsrlər boyu Vətən, torpaq anlayışı xalqımızın ləyaqətini, mənliyini, şərəfini əks etdirib. Xalq öz torpağının müqəddəsliyini qorumaq üçün onun uğrunda ölüm-dirim mübarizəsi aparıb. Ulu babalarımız Vətən torpağının hər bir qarışını namus simvolu kimi qoruyub, onun yolunda canlarını və övladlarını qurban verməkdən belə çəkinməyiblər. Təəssüf ki, biz bu ənənələri unuduruq. Buna artıq dözmək olmaz. Ona görə də təklif edirəm ki, bir Dağlıq Qarabağ məsələsi yox, bütün 1920-ci ildən indiyədək Azərbaycan ərazisindən Ermənistana verilmiş torpaqların hamısının haqq-hesabı aparılsın.” Bu fikirlər Ulu Öndər Heydər Əliyevə məxsusdur. 05.02.1991-ci ldə Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasında çıxış edən Ulu öndər ilk dəfə belə bir ideya və təkliflə çıxış edərək xatırlatdı ki, indiki Ermənistan ərazisi əslində Qərbi Azərbaycandır və o torpaqlar bizim ata-baba yurdumuzdur.

Ermənistana qarşı artıq müdafiə mövqeyində yox, hücum mövqeyində durmalı olduğumuzu bildirən Ümummilli lider təklif edirdi ki, “... burada deputatların dediyi kimi, o torpaqların geri qaytarılması üçün mübarizə aparaq. İndi biz mübarizəyə keçməliyik və mən də bu mübarizəyə hazıram. Əgər deputatlar razı olarsa, bizim sessiyamız Ermənistanı təcavüzkar dövlət adlandır¬malıdır. Biz bu barədə xüsusi qərar çıxarmalı və onu bütün dünyaya bəyan etməliyik, Soruşdular ki, o torpaqları kim verib? Mən təklif edirəm ki, aydınlaşdırılsın. Eyni zamanda arayış verə bilərəm ki, 1969-cu il 14 iyuldan (mən başa düşdüm, o sualı mənə niyə verdilər), Azərbaycana rəhbərlik etdiyim dövrdən, 1982-ci ilin dekabrına qədər Azərbaycan ərazisindən bir qarış da olsa, Ermənistana torpaq verilməyib. Mən buna cavab verirəm və özümü çox xoşbəxt hesab edirəm ki, o dövrdə ermənilərin torpaq iddialarının qarşısını ala bildik”.

Ulu öndərin irəli sürdüyü bu fikirləri və ideyanı daha da inkişaf etdirən cənab Prezident İlham Əliyev dünya ictimaiyyətinə bu həqiqəti çatdırmağa müvəffəq oldu. Artıq dünya bilir və anlayır ki, Cənubi Qafqazda heç vaxt Ermənistan adlı ərazi və dövlət olmamışdır. Ermənilərin yüz illər boyunca yaratdıqları mif dağılmışdır. Cənab İlham Əliyev Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin 09.03.2007-ci ildə baş tutan I forumunda çıxış edərək bildirmişdir ki, “Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki, sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır”.

Öz əzəli torpaqlarımızdan zaman-zaman deportasiya edilən, qovulan, müxtəlif zorakı üsullarla çıxarılan Azərbaycan türklərinin bir təşkilatda birləşməsi və mübarizə aparması gözlənilən idi. Təəssüf ki, əvvəlki hakimiyyətlər dövründə buna ciddi yanaşılmamış, hətta bunun qarşısı alınmışdır. Ümummilli liderin irəli sürdüyü ideyanı inkişaf etdirən cənab İlham Əliyev Qərbi Azərbaycan icmasının fəaliyyətinə dəstəyini ifadə edərək bu təşkilatın fəaliyyətini yüksək qiymətləndirmişdir. Bu İcma azərbaycanlıların Ermənistandan sistemli və etnik təmizlənməsinə cavab olaraq yaranıb. Zorakılıq, ayrı-seçkilik ilə müşahidə olunan bu müsibətlər nəticəsində bu gün Ermənistanda azərbaycanlıların mədəni irsi tamamilə silinib. Zaman-zaman ermənilər və onlara ağalıq edənlərin fəaliyyəti indiki Ermənistan ərazisində yaşamış türklərin kütləvi deportasiyası ilə nəticələnmişdir. Yüzlərlə kənd, məscid, mədəni abidələr erməni faşistləri tərəfindən darmadağın edilmiş, yerli türk toponimləri tamamilə dəyişdirilərək erməniləşdirilmişdir.

İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir.

İcmanın qəbul etdiyi ən mühüm sənədlərdən biri Qərbi Azərbaycana Qayıdış Konsepsiyasıdır. Qayıdış Konsepsiyasında bir neçə müddəa var ki, o torpaqlara qayıtmağımız üçün Ermənistan hökuməti azərbaycanlılara məxsus viran edib, dağıtdıqları evlərin təmirini aparmalı, bərpa etməlidir. O cümlədən qərbi azərbayacanlıların o yerlərdə təhlükəsizliyinin qarantı üçün Azərbaycan Dövləti və Azərbaycan Dövlətinin seçdiyi dövlətlər tərəfindən təminat alınmalıdır. Yəqin ki, bununla bağlı yaxın vaxtlarda beynəlxalq məhkəmələrə müraciət edəcəyik. Bundan sonra biz torpağımıza qayıdacağıq. Biz düşünürük ki, bizə təminat verən ölkənin kim olacağı mütləq Azərbaycan Dövləti ilə razılaşdırılmalıdır. Pakistan, Türkiyə, İngiltərə kimi beynəlxalq qanunları hər zaman özündə ehtiva edən ölkələr təhlükəsizliyimizlə bağlı bizə zəmanət verə bilər.

Ermənistan ərazisi olan Azərbaycan torpaqlarında 300-dən yuxarı Azərbaycan kəndləri olub. Həmin kəndlər hazırda, demək olar ki, boşdur, heç kim yaşamır. O cümlədən də Ermənistanın böyük şəhərlərinin əsas hissəsini azərbaycanlılar təşkil edib. O yerlərdə boşluq var və biz azərbaycanlılar vaxtilə boşaltdığımız yerlərə qayıdıb, öz ata-baba torpaqlarımızda yaşayacağıq. Bu, bizim qanuni haqqımızdır.

Gülər Sultanzadə,
Azərbaycan Texniki Universitetinin tələbəsi, YAP Yasamal rayon təşkilatının üzvü.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025