Mobil versiya
Azərbaycanla Tacikistan arasındakı əlaqələr öz yüksək inkişaf mərhələsini yaşayır
Tarix: 27-05-2024 | Saat: 17:57
Bölmə:Özəl | çapa göndər

Azərbaycanla Tacikistan arasındakı əlaqələr öz yüksək inkişaf mərhələsini yaşayır

Müstəqillik qazandıqdan sonra keçmiş SSRİ və bir çox dünya dövlətləri ilə qarşılıqlı əlaqələr yaratmaq dövlətimizin qarşıya qoyduğu hədəflərdən olub. Hər iki dövlət arasındakı mövcud ikitərəfli əlaqələrin tarixinin qədim olduğunu deyə bilərik.Ölkələrimiz hər zaman bir-birinə qarşı müttəfiqlik nümayiş etdiriblər. Azərbaycan və Tacikistan müstəqil olduqdan sonra iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli mövcuddur. Hər iki xalq əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər.
Bu gün Azərbaycanın uğurlu xarici siyasətində Mərkəzi Asiya ölkələri, o cümlədən Tacikistanla münasibətlər xüsusi yer tutur. Xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığına əsaslanan bu münasibətlər son dövrlər ölkə başçılarının siyasi iradəsi ilə daha da genişlənib. Qlobal iqtisadi-siyasi proseslər yaxın tarixi keçmişi olan ölkələrdən daha sıx əməkdaşlıq tələb edir. Azərbaycanın xarici siyasətində bu amil özünü daha qabarıq göstərir. Son 2-3 il ərzində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin liderlərinin qarşılıqlı səfərləri münasibətlərimizin strateji xarakter almasını şərtləndirir. Bu səfərlər zamanı imzalanan müqavilələr ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini səciyyələndirir. Azərbaycan-Tacikistan münasibətlərinin strateji səviyyəyə yüksəlməsində Prezident İlham Əliyevin və Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Tacikistan Prezident İlham Əliyev cənablarının Tacikistana indiyədək altı dəfə səfər etməsini xüsusi qeyd edib. Təkcə 2023-cü ildə Azərbaycan Prezidenti dost ölkəyə iki dəfə səfər edib.
Cənab Prezidentin 2023-cü il aprelin 5-6-da Tacikistana dövlət səfəri və sentyabrın 14-də Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının Düşənbədə keçirilən iclasında Emoməli Rəhmonun dəvəti ilə yeganə fəxri qonaq qismində iştirak etməsi münasibətlərimizdəki bağların qırılmazlığının əyani sübutudur. Bundan başqa, Tacikistan Prezidenti Emoməli Rəhmon isə ötən il noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olub.  Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, əsas məsələ münasibətlərimizdəki səmimiyyət, Tacikistanla Azərbaycan arasındakı münasibətlərin dostluq, qardaşlıq xarakteridir. Əgər iki ölkənin əlaqələri dostluq, qardaşlıq münasibətlərinə söykənmirsə, sırf iqtisadi maraqlar üzərində qurulubsa onun ömrü o qədər də uzun ola bilməz. Bu mənada Azərbaycan-Tacikistan münasibətləri bir çox ölkələr üçün nümunə olmalıdır.
Bir neçə gün öncə iki dövlət arasında imzalanan sənədlər onu deməyə əsas verir ki, Azərbaycan və Tacikistan arasında ikitərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf edir.
İnanırıq ki, Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövləti yaxın gələcəkdə iqtisadi və siyasi cəhətdən daha da güclənəcək və işıqlı gələcəyə doğru əzmlə addımlayacaq.

Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-07-2024