Mobil versiya
Ramil Qurbanov: İnkişafda olan əlaqələr
Tarix: 27-05-2024 | Saat: 14:51
Bölmə:Özəl | çapa göndər

Ramil Qurbanov: İnkişafda olan əlaqələr

Məlumdur ki, Azərbaycan və Tacikistan Respublikaları çox strateji əhəmiyyətə malik bölgələrdə yerləşir. Xəzər dənizi hövzəsi və Cənubi Qafqaz bölgələrinin aparıcı ölkəsi kimi Azərbaycanla əməkdaşlıq etmək Mərkəzi Asiyanın açar ölkəsi olan Tacikistanın maraqlarına da çox uyğundur. Digər tərəfdən, BMT və İslam Əməkdaşlıq Təşkilatında Tacikistan və Azərbaycan arasında sıx əlaqələr mövcuddur. Tacikistan həmçinin, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzvlüyünə dəstək verən ölkələrdən biridir. Odur ki, bütün məsələlərdə Tacikistanla Azərbaycanın dostluq münasibətləri hər zaman yüksək səviyyədə olmuşdur.
Bu ilin 23 may tarixi Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri və hər iki ölkə Prezidentinin mətbuata verdiyi bəyanatla yaddaqalan oldu.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda konkret addımlardan danışaraq bildirdi ki, sənaye kooperasiyası, humanitar sahədə əməkdaşlıq, habelə iqtisadi xarakterli bir çox layihənin reallaşdırılmasına dair konkret tapşırıqlar verilib. Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır.
Dövlət başçımız onu da vurğuladı ki, Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir. Tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı Azərbaycan tamaşaçılarına sevinc bəxş edəcəkdir.
Nəqliyyat sektorunun ölkələrimizin əməkdaşlığında diqqət mərkəzində olduğunu qeyd edən Möhtərəm Prezidentimiz bildirdi ki, Orta Dəhliz və onun bir hissəsi olan Transxəzər Nəqliyyat Dəhlizi Tacikistandan yükgöndərənlər üçün cəlbedici logistik layihədir.
Günbəgün artan potensialdan danışan ölkə rəhbəri onu da vurğuladı ki, Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır. Etibarlı münasibətlərə gəlincə ölkə rəhbərlərinin qarşılıqlı səfərləri birgə fəaliyyətin ən mühüm amilidir.
Qeyd etmək lazımdır ki, 23 may tarixində imzalanmış Azərbaycan-Tacikistan sənədləri də mühüm tarixi əhəmiyyət daşıyır. “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Tacikistan Respublikasının Sənaye və Yeni Texnologiyalar Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında İcra Xidməti arasında məhkəmə aktlarının və digər orqanların aktlarının icrası sahəsində əməkdaşlıq haqqında Memorandum” və digər sənədlər ölkələrimizin gələcək münasibətlərində mühüm rol oynayacaqdır.
Ümumilikdə imzalanmış 14 sənədin hər biri təbii ki, Azərbaycan-Tacikistan münasibətlərinin müqavilə-hüquq bazasını daha da möhkəmləndirəcəkdir. Əminik ki, ölkələrimizin tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə olan sıx əlaqələr bundan sonra da yüksələn xəttlə inkişaf edəcəkdir.

Ramil Qurbanov
YAP Qazax rayon təşkilatının fəalı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024