Mobil versiya
Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır
Tarix: 24-05-2024 | Saat: 17:43
Bölmə:Özəl | çapa göndər

Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır

Azərbaycan xalqının tarixi, qəhrəmanlıq ənənələri ilə, şərəfli, mürəkkəb, bə’zən də ziddiyyətli və faciəli hadisələrlə zəngindir. Azərbaycan tarixinin şərəfli və ən faciəli mərhələlərindən biri də 1918-1920-ci illərdir. Bu illər Azərbaycan xalqının müstəqillik zirvəsinə qalxdığı və yenidən müstəmləkə qarmağına düşdüyü dövrdür.
Zaqafqaziya Seymi buraxıldıqdan sonra onun Azərbaycan fraksiyası 1918-ci il may ayının 27-də M.Rəsulzadə, Ə.Topçubaşov, Ə.Ağayev, Ə.Hüseynzadə və bir çox digər milli ruhlu Azərbaycan ziyalılarının iştirakı ilə Müvəqqəti Milli Şura yaratdı. Milli Şura mayın 28-də Azərbaycanın dövlət müstəqilliyini e’lan edən “İstiqlal Bəyannaməsi”ni qəbul etdi. Bəyannamə, tariximizə, Azərbaycanın dövlət müstəqilliyini e’lan edən sənəd və Azərbaycan Demokratik Respublikasının bütün fəaliyyətinin hüquqi əsaslarını özündə təsbit edən Konstitusiya aktı kimi daxil olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti çox qısa müddət — 23 ay yaşayıb, fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan tarixində qızıl hərflərlə yazılmış zəngin dövlətçilik ən’ənələri yaratmışdır.
Bütün ziddiyyətlərə və çətinliklərə baxmayaraq Azərbaycan Demokratik Respublikasının dövlət atributlarını yaratmaq istiqamətində ciddi addımlar atmışdır: türk dilini dövlət dili elan etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin milli dəyərlərimizə arxalanan üç rəngli ( mavi yaşıl, qırmızı) dövlət bayrağını, dövlət himnini qəbul etmiş, dövlət gerbini hazırlamış, daxili və xarici işlər orqanlarını təşkil etmiş və 40 minlik mütəşəkkil ordu yaratmışdı.
ADR hökuməti çevik siyasi fəaliyyət ilə müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü qoruyub saxlamaq sahəsində məqsədyönlü addımlar atmış, onu parçalanmaq təhlükəsindən xilas etmişdi.
Təhsilin ana dilində aparılmasına başlanmış, məktəblərdə rus tarixi əvəzinə ümümtürk tarixi tədris edilmiş, pedaqoji kurslar təşkil edilmişdi. Müxtəlif regionlarda 10 pedaqoji məktəbi, 8 seminariya açılmışdı. Ali təhsil almaq üçün xaricə 100 nəfər azərbaycanlı gənc göndərilmişdir.
ADR beynəlxalq münasibətlər və xarici siyasət sahəsində də önəmli və fəal diplomatik addımlar atmış, Rusiya və Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə mehriban münasibətlər yaratmışdı. Artıq 1919-cu ilin axırı üçün Azərbaycan Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqə yaratmışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin, dövlətçilik tariximizdə ən mühüm yeri bir də onun Azərbaycan xalqının milli istiqlal şüurunun, müstəqilliyin məna və mahiyyətini nəticəsini dərk etməkdə təsiredici rol oynamasıdır. Azərbaycanın milli istiqlal banilərindən biri olan M.Ə.Rəsulzadə vaxtıilə Stalinin “bir il yarımlıq hakimiyyətiniz ərzində xalqa nə verə bildiniz?” sualına cavabında demişdi: “Çox şey verə bilmədik... Amma milli azadlığın nə olduğunu başa saldıq. Azca da milli istiqlal dadızdırdıq” .
Xalqımızın 70 illik sovet əsarəti dövründə belə ölməyən istiqlal arzusu nəhayət ki, XX əsrin sonlarında yenidən çin oldu. Özünü Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi elan gənc Azərbaycan dövləti öz sələfinin yolu ilə addımlamağa başladı. 1993 – cü ildə müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda isə Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın banisi Heydər Əliyevin siyasi uzaqgörənliyi 1920–ci ilin aprelinin yenidən təkrarlanmasına mane oldu. Onun rəhbərliyi ilə gənc dövlətimiz Azərbaycan Demokratik Respublikasının qarşısına qoyduğu, lakin həyata keçirə bilmədiyi məqsədləri qətiyyətlə həyata keçirməyə başladı. Cümhuriyyətin uğrunda mübarizə apardığı bir amal məhz Heydər Əliyev qətiyyətinin nəticəsində öz layiqli təzahürünü tapdı.
Bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi və iqtisadi strategiya Azərbaycanın müstəqilliyini möhkəm əsaslar üzərində qurulmasını təmin edir və ölkə iqtisadiyyatının sürətli inkişafını şərtləndirir.
Xalqımızın özünü xoşbəxt saymağa haqqı var. Çünki onun doğma vətəni Azərbaycan azad və müstəqildir, dövlətçiliyi isə daim möhkəm, etibarlı əllərdədir.
Bu gün ADR qurucularının ruhu şaddır. Xəyallarında tutduqları müstəqil, möhtəşəm Azərbaycanı dünyaya tanıdan, onların ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzularını reallaşdıran Prezident, Ali Baş Komandan İlham Əliyev var. Onun rəhbərliyi ilə 30 ildən bəri düşmən nəzarətində olan Qarabağ əbədi azadlığına qovuşmuş, ölkəmiz davamlı və dinamik inkişaf tempinə malikdir.
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin ən şərəfli mərhələsini yaşayır.
Dövlət müstəqilliyi ən böyük tarixi nailiyyətimizdir. Ümummilli liderimiz Heydər Əliyevin sözləri ilə desək “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran ən mühüm vəzifə dövlət müstəqilliyimizi qorumaqdan, əbədi etməkdən ibarətdir”.
Bütün Xalqımızı Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 106-cı ildönümünü və “28 may –Müstəqillik günü” münasibəti ilə təbrik edirəm.

YAP Oğuz rayon təşkilatının sədr müavini
Mehman Ramazanov




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə