Mobil versiya
Bu gün Azərbaycan- Belarus münasibətləri dostluq ,qardaşlıq səviyyəsində davam edir
Tarix: 19-05-2024 | Saat: 22:07
Bölmə:Özəl | çapa göndər

Bu gün Azərbaycan- Belarus münasibətləri dostluq ,qardaşlıq səviyyəsində davam edir

Azərbaycan müstəqillik qazandıqdan sonra Belarusla dost ölkə kimi münasibətlərini daha da gücləndirdi. Demək olar ki, SSRİ-nin dağılmasından sonra postsovet məkanında yaranmış mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, hər iki ölkə arasında münasibətlər xalqlarımızın maraqlarına uyğun şəkildə inkişaf edir. Bu günlərdə Belarus Prezidenti Aleksandr Lukaşenkonun Bakıya səfərinin Prezident İlham Əliyevin qeyd etdiyi kimi zamanın sınağından çıxmış münasibətlərin inkişafına yeni güclü təkan verəcək.
Keçmiş SSRI-nin tərkibində 15 müttəfiq respublika birləşmişdi ki, Azərbaycan və Belarus da həmin respublikalardandır. Bu iki dövlət kommunist rejiminin süqutundan sonra münasibətlərini qoruyub saxlaya və inkişaf etdirə bildilər. Hər iki ölkədə səfirliklərin təsis olunmasından sonra ikitərəfli əməkdaşlıq daha da genişləndi. Müstəqillik illərində qarşılıqlı səfərlərin intensivliyi və imzalanmış müqavilələr siyasi-iqtisadi əlaqələrin dinamik inkişafı üçün müsbət zəmin yaratdı, münasibətləri keyfiyyətcə yeni mərhələyə çıxardı. Azərbaycan Belarus ilə münasibətlərinin dayanmadan inkişaf etdirilməsində maraqlıdır. Belarus lideri ilə görüşdə Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndirir. 
Hərtərəfli inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə, o cümlədən, maşınqayırma, nəqliyyat, tikinti, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlıq genişlənir. Bir sıra sahələrdə həyata keçirilən birgə layihələr, xüsusən, qeyri-neft sektorunda əməkdaşlıq iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərir. Bununla yanaşı, hər iki ölkənin malik olduğu güclü potensial iqtisadi əlaqələrin daha da genişləndirilməsinə imkan verir. Əlbəttə, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi zəruridir və Azərbaycanın azad edilmiş ərazilərində birgə layihələrin reallaşdırılması qarşılıqlı faydalı əməkdaşlığı daha da gücləndirə bilər. Prezident İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycan azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına şad olardı: “Nümayəndə heyətlərinin üzvləri bu məsələni də müzakirə ediblər. Nümayəndə heyətlərinin tərkibi də çox mətləblərdən xəbər verir.

Bu gün dünya sürətlə dəyişir və mürəkkəb geosiyasi reallıqlar fonunda münasibətlərin inkişaf dinamikasını diqqət mərkəzində saxlamağı zəruri edir. Tərəflər arasında imzalanmış dövlətlərarası sazişlər də belə deməyə əsas verir ki, iki dövlət malik olduğu potensialdan maksimum yararlanmaq istəyirlər. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 400 milyon dollardır və Prezident Aleksandr Lukaşenkonun mətbuata bəyanatında vurğuladığı kimi tərəflər bu rəqəmi 1 milyard dollara çatdırmaq niyyətindədirlər. İndiyədək imzalanmış çoxsaylı sazişlər iqtisadi əlaqələrin inkişafı üçün güclü qanunvericilik bazası rolunu oynayır. Birjalararası əməkdaşlıq var, Azərbaycan Respublikası Birja Şuraları İctimai Birliyi ilə Belarus Universal Əmtəə Birjasının Memorandumu qüvvədədir.
Belarusun 10 regionu ilə Azərbaycanın, xüsusən Qomel və Gəncə, Mogilyov və Sumqayıt, Qrodno və Qəbələ şəhərlərinin yaxın regionları arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq əlaqələri qurulur. Bakı ilə Minsk arasında qardaş şəhər əlaqələrinin yaradılması haqqında imzalanan memorandumun ölkələr arasında münasibətlərin inkişafına töhfə olacağı şübhəsizdir.
Səfər çərçivəsində cənab Lukaşenkonun Azərbaycan və onun lideri haqqındakı xoş sözləri hər birimizi qürurlandırdı.
Regionda Azərbaycanın timsalında olduqca güclü, normal, lider ölkənin mövcudluğunu bildirən Belarus Prezidenti azərbaycanlı həmkarına xitabən, Siz regionu nəzarətdə saxlamağa qadir və bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, zaman Sizi seçib, Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız fikirləri Prezident İlham Əliyevin beynəlxalq miqyasda yüksək nüfuzlu lider imicinin daha bir təsdiqi oldu.
Prezident Lukaşenkonun işğaldan azad olunmuş ərazilərimizə səfəri zamanı düşmənin xaraba qoyduğu yaşayış yerlərini və qısa müddətdə aparılmış geniş quruculuq işləri ilə yaxından tanışlığı Azərbaycanın lider dövlət kimi ərazi bütövlüyünü təmin etməklə yanaşı bölgədə inkişafın da tək ünvanı olduğunun bariz nümunəsi idi. Eyni zamanda Belarusun Qarabağın dirçəldilməsi prosesinə töhfə verməyə hazır olması iki dövlət arasındakı dostluq və qardaşlıq münasibətlərinin nə qədər yüksək olduğunu göstərmiş oldu.
Bakı ilə Minsk arasındakı münasibətlər artıq strateji tərəfdaşlıq səviyyəsindədir. Buna görə də iki dövlət başçılarının budəfəki görüşü səmərəli əməkdaşlığı daha da gücləndirir və ölkələrimiz arasında səmimi və müsbət münasibətlərin inkişafına güclü təsir göstərir.
Bəli Azərbaycan bu gün öz dinamik inkişafı ilə region dövlətlərinin qibtə obyektinə çevrilib. Qarabağda aparılan abadlıq, quruculuq işləri Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə sürətlə həyata keçirilir. Təbii ki, ölkəmizə səfər edən ölkə rəhbərləri Azərbaycanın sülhsevər, humanist bir dövlət olmasını bir daha canlı şəkildə müşahidə edirlər. Bütün bunlar müstəqil dövlətimizin günü-gündən siyasi, iqtisadi cəhətdən güclənərək regionda söz sahibinə çevrilməsini sübuta yetirir .

Məhəmməd Əliyev
YAP Cəbrayıl rayon təşkilatının sədr müavini





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə