Mobil versiya
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar.
Tarix: 09-05-2024 | Saat: 12:13
Bölmə:Özəl | çapa göndər

Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar.

Dövlət başçısı İlham Əliyev Slovakiya Respublikasının Baş naziri Robert Fitson ilə birgə mətbuata bəyanatında bir daha vurğuladı ki, iki ölkənin münasibətlərində yeni səhifə açılır

Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən biri ayrı-ayrı dövlətlərlə ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Qarşılıqlı səfərlər çərçivəsində müzakirə olunan məsələlər, imzalan sənədlər bu əlaqələrin yüksələn xətlə inkişafında stimulverici amil rolunu oynayır. Bu baxımdan Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri xüsusilə diqqət çəkir. Səfər çərçivəsində Prezident İlham Əliyevin və Robert Fitsonun tətbətək və geniş tərkibdə görüşləri, mətbuata birgə bəyanatları iki ölkə arasında münasibətlərin dünəni, bugünu və gələcəyi barədə aydın təsəvvür yaratdı. Geniş tərkibdə keçirilən görüşdə dövlət başçısı İlham Əliyev bildirdi ki, Slovakiya-Azərbaycan əlaqələrinin çox gözəl gələcəyi var. Həm siyasi-iqtisadi, həm də enerji, sənaye istehsalı sahələrində əməkdaşlığın perspektivləri çox müsbətdir.
Onu da qeyd edək ki, Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə qurulmuşdur. Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Slovakiya Respublikasında (Bratislava şəhərində) səfirliyi 28 iyul 2023-cü ildə təsis edilmişdir. İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. 18 mart 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfər edib. Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Azərbaycan Respublikası Milli Məclisində 13 dekabr 2005-ci ildən etibarən Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
Dövlət başçısı İham Əliyev mətbuata bəyanatında səfər çərçivəsində strateji tərədaşlıq haqqında birgə Bəyannamənin imzalanmasını önə çəkərək bildirdi ki, bu, çox ciddi siyasi və əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran sənəddir. Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr niyyətimizi əks etdirir, eyni zamanda, gələcək əməkdaşlığın perspektivlərini də müəyyən edir.

İmzalanan sənədlər arasında müdafiə və müdafiə sənayesi sahələrinə aid sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparıldı və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara da start verildi.
Mətbuata bəyanatında Azərbaycanın enerji diplomatiyasının uğurlarından geniş bəhs edən cənab İlham Əliyev çoxtərəfli əməkdaşlıq sahəsində atılan addımları və uğurlu nəticələri diqqətə çatdırdı. Qeyd edildi ki, Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir. 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalandı və Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradıldı. Mətbuata birgə bəyanatda Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsini də xüsusi diqqət yönəldilərək bildirildi ki, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir.
Bugünümüzün əsas hədəfi işğaldan azad olunmuş ərazilərimizin bərpası və soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərinə başlayarkən bu prosesə dost ölkələrin dəstəyinin vacibliyini xüsusi qeyd etmişdir. Azərbaycan-Slovakiya münasibətlərinin mühüm istiqamətlərindən biri kimi azad edilmiş torpaqlarda Slovakiya şirkətlərinin fəaliyyəti təqdir edildi. Dövlət başçısı İlham Əliyev bildirdi ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. Bu da təbii ki, həm böyük rəmzi məna daşıyır, həm də əlaqələrimizin səmimiliyinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək.

Slovakiyanın Baş naziri Robert Fitson ölkəmizə səfərindən məmnunluğunu ifadə etdi və bu fikri xüsusi vurğuladı ki, səfərin nəticələri gözlədiyimdən də artıq oldu. “Siz suveren bir ölkəsiniz və suverenliyə gəldikdə nümunəvi ölkəsiniz. Suveren mövqe və fikirlərə gəldikdə, mən hər zaman belə ölkələri yüksək qiymətləndirmişəm. Siz ədalətsizliyə sinə gərirsiniz. Eyni yanaşmanı, mən Slovakiyada tətbiq etməyə çalışacağam ki, Slovakiya da suveren xarici siyasət apara bilsin və bizim kimi suveren ölkələr bir araya gəldikdə nəticələr çox gözəl ola bilər” söyləyən Baş nazir bildirdi ki, biz Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq. Azərbaycan-Slovakiya münasibətlərinin ayrı-ayrl istiqamətlər üzrə inkişafı üçün böyük imkanlar mövcuddur.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2024