Mobil versiya
70 yaşlı xeyirxahlıq mücəssəməsi - Şamil Quliyev
Tarix: 17-04-2024 | Saat: 12:39
Bölmə:Özəl | çapa göndər

70 yaşlı xeyirxahlıq mücəssəməsi -  Şamil Quliyev

Bəli, Şamil Quliyevi cənub bölgəsində, eləcə odlar yurdu, dahilər beşiyi Azərbaycanın əksər yerində belə tanıyır və ona hörmət göstərirlər.
Şamil Oruc oğlu Quliyev 18 aprel 1954-cü ildə Lənkəran rayonunun Port–İliç (indiki Liman) şəhərində sadə zəhmətkeş ailədə dünyaya göz açib. 1972-ci ildə Liman şəhər 1 saylı orta məktəbi bitirib. Elə həmin il Sumqayıt Politexnik Texnikumunun “Yol hərəkətinin təşkili” ixtisasına qəbul olunub. İki illik əsgəri xidməti başa vurub Daxili İşlər Orqanlarında işə qəbul olub və Baş Dövlət Yol Polisi alayının Quba şəhərində yerləşən taqımına milis nəfəri kimi təyinat alır. Xidməti bacaracağı nəzərə alınaraq təyinatla Rusiyaya- xüsusi milis məktəbinə kursa göndərilib.
Ş. Quliyev bir il Astara daxili işlər şöbəsində işləyib. 1980-cı ildən Lənkəran Daxili İşlər Şöbəsinin Dövlət Yol Polisi bölməsində xidmətə başlayır. Bir neçə il Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının Göytəpə şəhərində yerləşən 11-ci taqımında dövlət avtomobil müfəttişi çalışıb. 1983-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Avtonəqliyyat” fakültəsinin qiyabi şöbəsinə qəbul olub. Təhsilini başa vurduqdan sonra polis leytenantı rütbəsi ilə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinın DYP bölməsində müfəttiş, rəis müavini, rəis əvəzi vəzifəsində xalqına ləyaqətlə xidmət edib. 1993-cü ildən təqaüdə çıxana qədər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Lənkəran şəhərində yerləşən 5 saylı rayonlararası qeydiyyat imtahan bölməsində axtarış üzrə rəis müavini olub.
.
Şamil Quliyev torpaq qeyrəti çəkən, Vətən sevgisi ilə yaşayan polis işçisi, xalqın mərd və cəsur oğludur. O, Azərbaycan torpaqlarını qorumaq üçün 1988-ci ildən başlayaraq dəfələrlə cəbhə bölgələrinə, ən qaynar nöqtələrə gedib. Şuşa, Xankəndi, Laçın, Qubadlı rayonlarının müdafiəsində yaxından iştirak edib. Sonuncu dəfə polis yoldaşları ilə 7 gün köməksiz vəziyyətdə mühasirədə qalıblar. Erməni dığaları qarşısında əyilməyən bu cəsurlar ağır döyüşə girərək düşmən mühasirəsini yarmışlar. O, I Qarabağ müharibəsi veteranıdır. Cəsur polis əməkdaşı haqqında Daxili İşlər Nazirliyin mətbu orqanı olan “Mübariz keşikdə” göstərdiyi rəşadətə görə təşəkkür elan edilib.
Ş. Quliyev 35 il daxili işlər orqanlarında qüsursuz xidmət etdikdən sonra 2010-cu ilin mayın 10–da kapitan rütbəsində ehtiyata buraxılıb. Asayişimizin keşiyində şərəflə və vicdanla xidmət etdiyi illərdə dəfələrlə Daxili İşlər Nazirinin, Baş Dövlət Yol Polisi İdarəsinin, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin və Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Fəxri fərmanlarına layiq görülüb. 1-ci, 2-ci, 3-cü və usta dərəcələrini alıbdır. Həmçinin 2008-ci ildə Azərbaycan Polisinin yaranmasının 90 illiyi münasibətilə Daxili İşlər Naziri general–polkovnik Ramil Usubov tərəfindən “Qüsursuz xidmətə görə” medalı, 65 illik yubileyində Lənkəran Ağsaqqallar Şurası və Respublika Veteranlar təşkilatı tərəfindən General Həzi Aslanov yubiley medalı ilə təltif edilib. O, 1996-cı ildə 42 yaşında olarkən Məşhəd, Kərbəla və Müqəddəs Həcc ziyarətlərində olub. Hacı Şamilin hərəkətində, davranışında, əməlində işıqlıq, doğma yurda, el–obaya bağlılıq var. Atası Oruc kişinin, anası Tahirə xanımın adını nəcib və xeyirxah işləri ilə ucaldır. Əliaçıq, çörək verən Allah bəndəsi, zəngin və mənəvi dəyərlərə malik nəslin ləyaqətli övladıdır.
Hazırda Hacı Şamil 3 övlad atası və 9 nəvə babasıdır. Həyat yoldaşı Təranə Quliyeva Lənkəran şəhər 1saylı tam orta məktəbdə müəllimə işləyir. Oğlu Cəmil Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzində elmi katibdir. Tarix üzrə fəlsəfə doktorudur. Qızları Nuranə və Rəvanə evdar qadındır.
Fəqət, bu dəyərli şəxsiyyət haqqında səmimi sözlər deyənlər çoxdur. Gəlin onları eşidək.

İbrahim Quliyev (Hacı Şamilin böyük qardaşı, Astaranın sabiq icra başçısı, ehtiyatda olan polis polkovniki, hüquq elmləri doktoru, professor, əməkdar müəllim, Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü) – Qardaşım Hacı Şamil haqqında yazmaq, fikir söyləmək, onu oxuculara lazımi səviyyədə yetərincə təqdim etmək olduqca çətin və məsuliyyətli bir işdir. Çünki bu çətinlik, bu məsuliyyət bir polis zabiti kimi xalqına, dövlətinə və insanlara göstərdiyi xidməti və qayğıkeşliyi ilə bağlıdır. Hacının keçdiyi ömür yolu, zəngin həyat təcrübəsi Azərbaycan xalqına, bütövlükdə insanlığa xidmətin parlaq nümunəsidir. Hazırda ömür yolunun müdriklik və kamillik zirvəsində olan Hacı Şamil Quliyev həyatda çoxları üçün örnək, şəxsi nümunədir. Mən qardaşımı, sədaqətli dostum Hacı Şamili 70 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edirəm, ona sağlam, mənalı, dolğun uzun ömür arzulayıram. Qoy Ulu Tanrı ona həmişə yar olsun!

Araz Əhmədov (Masallı rayon icra hakimiyyətinin başçısı, ehtiyatda olan general-mayor) – Hacı Şamil bölgədə sayılıb seçilən ziyalı ailənin layiqli oğlu kimi bir çox insana nümunə olacaq namuslu və ləyaqətli, çətin ancaq şərəfli bir həyat yolu keçmişdir. Hacı Şamil sadə, təvazökar, səmimi, dini və mədəni ənənələrə böyük hörmətlə yanaşan insan, sədaqətli ailə başçısı, çox sevimli ata və babadır. Şamil müəllimin Lənkəranın tanınmış ziyalıları arasında özünəməxsus layiqli yeri vardır. Mən də fəxr edirəm ki, həyatda belə bir gözəl insanla şəxsən tanış və dost olmuşam. Onunla çiyin-çiyinə Vətənə, Dövlətə və Azərbaycan xalqına xidmət etmişəm. Çox hörmətli hacımız fəxr etməlidir ki, bütün ömrünü şərəflə yaşamışdır. Mən uzaq məsafəni yaxın edib, dostumu bağrıma basır, Uca Allahdan ona can sağlığı, xoşbəxt həyatlı övlad və nəvələr arzulayıram.

Elçin Rzayev (İmişli rayon icra hakimiyyətinin başçısı) – Hacı Şamilin böyüklüyü hər şeydən əvvəl onun sadəliyində, mehribançılığında, varlı ürək sahibi olmasındadır. Dünyada yeganə həqiqi xəzinə varsa, o da varlı ürəkdir. Gənclərimiz Hacıdan çox şey öyrənə bilərlər. Ömrünün müdriklik çağını yaşayan, əziz və hörmətli Şamil müəllimə möhkəm cansağlığı, uzun ömür, rayon ağsaqqalı kimi nəcib və xeyirxah işlərində müvəffəqiyyətlər arzulayıram.

Vasif Nuriyev (Masallı rayonu, Ərkivan qəsəbəsi, ehtiyatda olan polis polkovnik leytenantı) – Hacı Şamili 80-cı illərdən tanıyıram. Tale elə gətirdi ki, Quliyevlər ailəsinin ağsaqqalı İbrahim Quliyev 1993-cü ildə Astara polisində mənim rəisim oldu və bu ailəni daha yaxından tanıdım. Hacı işlədiyi dövrdə iş prinsipini dövlətçiliyə sədaqət, insanlara xoş münasibətlə qurub.
Cəmiyyətdə üzüağ, alnı açıq gəzir və hörmət edilən şəxsiyyətdir. Mən imanlı Hacı qardaşımla fəxr edirəm. Onu 70 illik yubiley yaşı münasibətilə təbrik edir, möhkəm can sağlığı arzulayıram.
Əlixan Zeynalov (Bakı şəhəri, ehtiyatda olan polis polkovnik-leytenantı) – Hacı Şamil Quliyevlə 80-cı illərin sonundan Dövlət Yol Polisində işlədiyim vaxtlardan bir-birimizi yaxşı tanıyırıq. 1997-ci ildə DYP-nin Lənkəran şəhərində yerləşən 5 saylı rayonlar-arası qeydiyyat imtahan bölməsinə rəis təyin olundum. Şamil həmin bölmədə axtarış üzrə müavin işləyirdi. Biz Hacı ilə çiyin-çiyinə uzun illər bir yerdə dövlətə xidmət etdik. Onunla bağlı xatirələrim çoxdur. Şamil müəllim hazırda ömrünün müdriklik çağını yaşayır. Əhali arasında böyük hörmət və nüfuzu vardır. Belə bir şəxs haqqında söz demək, onun həyat və fəaliyyətini gələcək nəsillərə çatdırmaq xeyirxah, savab işdir. Anadan olmasının 70 illiyi münasibətilə Hacı Şamil Quliyevi təbrik edir, gələcək həyatında xoş günlər arzulayıram.

Şahbaz Quliyev (Cəlilabad rayonu, ehtiyatda olan polis mayoru) – Hacı Şamil Quliyevlə uzun illər bir kollektivdə - 5 saylı rayonlar-arası qeydiyyat imtahan bölməsində xidmət etmişik. Bu, sədaqətli dost, mehriban insan haqqında danışılası, deyiləsi ö qədər söz var ki!...Bilmirsən haradan başlayasan, harada qurtarasan. Sözü-söhbəti hamıya nəsihətdir. Şərəfli, hər kəsə nəsib olmayan bir həyat yolu keçib. Harada, hansı vəzifədə çalışıbsa, Vətənin sadiq zabiti olduğunu yaxşı, xeyirxah əməlləri ilə sübuta yetirib. Anadan olmasının 70 illik yubileyi münasibətilə Hacı Şamil Quliyevi ürəkdən təbrik edirəm.
Asif Quliyev (Bakı şəhəri, ehtiyatda olan polis mayoru) – Hacı bütün ömrünü, həyatını şəxsi şöhrəti üçün deyil, ümumi işə, el-obasına, rayonuna həsr edib. Adamlara arxa-dayaq durduqca, işığa, halallığa üz tutduqca böyükdən kiçiyədək hamının gözündə ucalıb, ucaldıqca da adı-sanı Respublikaya yayılıb. Bizim uşaqlığımız Port İliçdə keçib. O, Lənkəranda, mən Bakıda xidmət etsəm də əlaqələrimiz davamlıdır. Hacı Şamili doğum günü münasibəti ilə təbrik edir, ona xoş və ruzili günlər diləyirəm.
Hacı Akif (Bakı şəhəri, təqaüdçü) – Deməli Hacı dostum Şamil müəllim haqqında söz demək mənə çox xoşdur. Daxili təmiz qəlbim ilə deyirəm Şamil müəllim dövlət məmuru işləməklə bərabər o, dövlətə çox sadiq adam olub. 1-ci Allahına sadiq olub 2-ci dövlətinə. Bu baxımdan mən onunla çox ünsiyyətdə olmuşam, ona işim düşüb və təmənnasız olaraq hər şeyə haqlı dərəcədə köməklik edib. Cənub bölgəsində maşınlara qeydiyyat nömrə nişanlarının və sürücülük vəsiqələrinin verilməsi Hacı Şamilin çalışdığı 5 saylı RQİB-də idi. Mənim yaxşı insanlarla eləcə də Hacı ilə çox yaxşı münasibətim olub. Söhbət əsnasında belə bir sual verdim: ”Ay Hacı Şamil müəllim, hər bir insan haqqında bir nəfərdə olsun narazılıq edir. Mənim ətrafımda olan insanlar hamı sizdən razıdır. Bu necə olur?” Qayıtdı mənə dedi ki, əziz dostum Hacı Akif səndə Masallıdan tanınmış, hörmətli bir qardaşsan. Mənim də sənə hörmətim var., Allahına baş əyən, dövlətinə, xalqına və Cənab Prezidentinə sadiq olan məmur çalışdığı vəzifəsində kimisə incitməz. Mən bu cavabdan sonra durdum Hacı qardaşımı qucaqlayıb alnından öpdüm və bağrıma basdım... Mənim ona duam odur ki, əziz dostumu Allah qorusun,100 yaşasın.
Hacı Yaqub Rzayev (Lənkəran rayonu, Göyşaban kəndi, stomatoloq) – Hacı Şamillə 1996-cı ilin aprel-may aylarında Müqəddəs Məşhəd, Kərbəla və Həcc ziyarətlərində bir yerdə olmuşuq. Hacı Şamilin ömür yolu enişli-yoxuşlu olsa da, heç vaxt çətinlikdən qorxmamış, qəlbinin odunu, hərarətini elin yolunda sərf etmişdir. Onun haqqında danışılası o qədər söz var ki... Arxada qalan illər artıq unudulmaz xatirəyə çevrilib. Əsl insana xas olan bütün keyfiyyətlər onda vardır. Əziz Hacı Şamil qardaşıma Allahdan mənalı ömür və xoş günlər arzulayıram.
Balağa Səfərov (Lənkəran şəhəri, təqaüdçü) – Hacı Şamillə hər gün telefonla danışıb hal-əhval tuturuq. Həftədə ən azı 4-5 dəfə görüşürük. Birgə xeyir-şər məclislərində oluruq. Xəstələrə baş çəkirik. Hacı Şamil dostluqda sədaqətlidir. İnsanlara qarşı həssasdır. Hacı mənim əvəzolunmaz dostumdur. Hacı 70 yaşda gəlib çatdı...70 səhifəlik ömür kitabını vərəqləmək asan deyil. Ötüb-keçənlər yaddan çıxmır, acılı-şirinli xatirələrə çevrilib. Taleyin, qismətin isə qaçılmaz qanunları var. Hacı kimi Vətən, xalq üçün yadda qalan yaxşı, nəcib işlər görmək lazımdır. Hacı əziz qardaşım sənin doğum gününü təbrik edirəm.

Şahin Ələkbərov (Ağdam şəhəri, təqaüdçü, ehtiyatda olan polis polkovnik-leytenantı) – Hacı Şamillə 1983-1989-cü illərdə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunda
bir yerdə oxumuşuq. O illərin əlçatmaz mənzərəsi yenidən gözlərimin önündə canlanır. Hacı ilə 41 ildir dostluq edirik. Tez-tez danışırıq. Tələbə vaxtı biz 3 dost gəzərdik. Hacı Şamil, mən və Lənkərandan olan tələbə yoldaşımız mərhum Oqtay Rzayev. Təhsilimizi qiyabı alırdıq. Mən və Şamil QAİ-də çalışırdıq. Bu gün bu dostluğu övladlarımız davam etdirir. Allahdan Hacıya uzun ömür, can sağlığı arzulayıram.
Ramin Rzayev (Lənkəran şəhəri, dövlət qulluqçusu) – Hacı Şamil əmi mərhum atam Oqtay Rzayevlə 80-cı illərdə Texniki Universitetdə birgə təhsil alıblar. Mən dəfələrlə yay və qış sessiya müddətində mərhum atamla gedib mehmanxanada qalardım. O dövrdə Şamil əmi ilə tanış olmuşam. Sonradan bu mehribançılıq ailə dostluğuna çevrildi O gündən bu günə kimi də bu münasibətlər saxlanılır. Hacının oğlu Cəmillə tez-tez görüşürük. Hacı Şamil əmi çox gözəl insan, məsuliyyətli ailə başçısıdır. Əsl ata olmaqla bərabər insani keyfiyyətlərə malik şəxsdir. Lənkəranda işlədiyi müddətdə həmişə çalışıb ki, insanlara bacardığı yaxşılığı etsin. Xeyr-şər məclislərində iştirak etməyi də bizə həmişə tövsiyə edir. Əlindən gələn köməkliyi heç vaxt əsirgəməyib. Cavanlara ağıllı məsləhətlər verir, düzgün yol göstərib. Daima səbirli və təmkinli olmağı tövsiyə edib. Böyük kiçik yerini bilən insandır .Rayonda nüfuz sahibidir. 70 illik yubileyi münasibətilə Hacı Şamil əmini təbrik edir, Allahdan ona sağlamlıq arzu edirəm.
Mehman Qaraxanoğlu (Astara rayonu, Şiyəkəran kəndi) – Böyüklərin aşağıdakı müdrik fikri bu gün də qüvvədədir. “İnsanı tanımaq üçün onunla səfərə çıxmaq lazımdır”. O dövrün səfərləri məlum olduğu kimi, bir günlük, üçgünlük, beşgünlük olmazdı, çox çəkərdi. Səfərin uzun müddətliyi insanları bir-birinə tanıdardı. Amma indi situasiya bir qədər başqadır, qısa səfərlər zamanı insanları tanımaq olur... Məncə , insanı tanımaq üçün ən böyük səfər onu düşüncəsinə və bu düşüncələrin ən etibarlı ifadəçisi olan dilinə olmalıdır. Dörd ildən çoxdur ki, Şamil əmini tanıyıram. Dilindən əskik olmayan duaları həmişə beynimdə səslənir: ”Allahın ətəyindən tut, bala. Həmişə gözəl xəbərlər eşidək, inşallah”. Tanrı ətəyi, dualar və gözəl xəbərlər... Hər üçü bir-birini möhtəşəm bir halətdə tamamlayır. Bu cazibədar üçlüyə çatmaq üçün Şamil əmi nə az, nə də çox düz 70 il çətin, nahamar və ağrılı bir yol gəlib, dövlətinə, xalqına sədaqətlə xidmət edib.
70 yaşın mübarək, Şamil əmi!

Hacı Atakişi Atakişiyev (İmişli rayonu, ehtiyatda olan polkovnik, Xocalının sabiq prokuroru) – Hacı Şamil mənim Həcc yoldaşım və qardaşımdır. Tanışlığımız 1996-cı ildə Müqəddəs torpaqlara səfər zamanı olub. Şamil dostluqda sədaqətlidir. Biz tez-tez əlaqə saxlayır hal-əhval tuturuq. Ömrünün müdriklik çağını yaşayan Hacı Şamil gənc asayiş keşikçilərinin yetişməsində xüsusi istedadı olan vətənpərvər ziyalıdır. Anadan olmasının 70 illik yubileyi ürəkdən təbrik edir, ona uzun ömür və möhkəm can sağlığı arzulayıram.

Hazırladı:
Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-04-2024