Mobil versiya
Zərifə Əliyeva – Azərbaycan səhiyyəsinin ən parlaq simalarından biri
Tarix: 15-04-2024 | Saat: 17:13
Bölmə:Siyasət / Özəl | çapa göndər

Zərifə Əliyeva – Azərbaycan səhiyyəsinin ən parlaq simalarından biri

1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuş Zərifə Əliyeva öz həyatını Azərbaycan səhiyyəsinin inkişafına həsr etmişdir. Hələ gənc yaşlarından gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir. 1949-cu ildən başlayaraq Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur və praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir.

Məlum olduğu kimi, ötən əsrin qırxıncı illərinin sonlarından başlayaraq Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edən Zərifə xanım mütəmadi olaraq Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyurdu. Bu sahədə apardığı uğurlu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Respublikamızda traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə üsulu tezliklə bütün respublikada uğurla tətbiq edilir və Azərbaycan bu xəstəlikdən xilas olur.

1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasında dosent vəzifəsində çalışmağa başlayan Zərifə Əliyeva bir çox cərrahiyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edir. Bununla yanaşı o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparır. Traxoma ilə yanaşı Zərifə xanım həmçinin qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra ciddi tədqiqat işləri aparır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi.

Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülür. 1983-cü ildə Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının müdiri olur. Bundan sonra onun fəaliyyəti daha da genişləndi.

Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Zərifə xanım elmi-pedaqoji fəaliyyətində təkcə elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, eyni zamanda, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftolmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim oftalmoloqların böyük bir nəsli yetişmişdir. Azərbaycan səhiyyəsinin inkişafında böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Zərifə xanım bir sıra orden və medallara, Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, fundamental elmi fəaliyyəti ilə yanaşı Zərifə xanım Əliyeva eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Ulu Öndər Heydər Əliyev Zərifə xanımın bu xüsusiyyətlərini qeyd edərək belə demişdir: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.”

Azərbaycan xalqı hər il aprel ayının 15-də görkəmli elm xadimi, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini sonsuz sevgi və ehtiram hissi ilə anır. Zərifə xanım xalqımız tərəfindən hər zaman ehtiramla yad olunacaq, onun xalq qarşısında, Azərbaycan səhiyyəsi qarşısında misilsiz xidmətləri daim minnətdarlıq hissi ilə qeyd ediləcək.

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2024