Mobil versiya
Qərbi Azərbaycana layiqli qayıdış mütləq olacaqdır
Tarix: 04-04-2024 | Saat: 17:21
Bölmə:Siyasət / Özəl | çapa göndər

Qərbi Azərbaycana layiqli qayıdış mütləq olacaqdır

1989-cu ildə soydaşlarımızın Ermənistandan kütləvi surətdə qovulması nəticəsində yaradılmış Qərbi Azərbaycan İcması möhkəmliyin və sarsılmaz ruhun göstəricisidir. Bu İcma azərbaycanlıların Ermənistandan sistemli və etnik təmizlənməsinə cavab olaraq yaranıb. Zorakılıq, ayrı-seçkilik ilə müşahidə olunan bu müsibətlər nəticəsində bu gün Ermənistanda azərbaycanlıların mədəni irsi tamamilə silinib. Zaman-zaman ermənilər və onlara ağalıq edənlərin fəaliyyəti indiki Ermənistan ərazisində yaşamış türklərin kütləvi deportasiyası ilə nəticələnmişdir. Yüzlərlə kənd, məscid, mədəni abidələr erməni faşistləri tərəfindən darmadağın edilmiş, yerli türk toponimləri tamamilə dəyişdirilərək erməniləşdirilmişdir.
Etnik təmizləmə qeyri-maddi mədəni irsimizə də ciddi mənfi təsir göstərmişdir. Bizim adət-ənənələrimiz, həyat tərzimiz və sosial bağlarımız xeyli zərər görmüşdür. Ermənistan hökuməti Azərbaycan mədəni irsinin vəziyyətini qiymətləndirmək məqsədi ilə UNESCO-nun missiyasının Ermənistana göndərilməsinə imkan vermir. Avropa İttifaqı bizim dini və mədəni abidələrin dağıdılması və ziyarət hüququmuz məsələsinə tam etinasızlıq nümayiş etdirib.
Bütün bu olanlar öz yurd-yuvasından didərgin düşmüş yüz minlərlə soydaşımızın həyatına təsiri təsvir edilməsi mümkün olmayan hadisələr fonunda baş vermişdir.
Qərbi Azərbaycan İcması — Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq üçün yaradılan birlikdir.

1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisi olan 2022-ci il 3 avqustda "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin ümumi yığıncağında "Qərbi Azərbaycan İcması" (QAİ) adlanmağa başlamışdır.

İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. Bu məqsədlə İcmanın vəzifələri və hüquqları müəyyən edilib.

İcma 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur. 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyan hesablanıb və hazırda bu işlər davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, bütün kəndlər üzrə siyahılar tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanmasını davam etdirir. Bununla yanaşı, yer-yurd adları, toponimlər, oykonimlərə dair müxtəlif məqalələr, kitablar işıq üzü görmüş, gənc nəslin, qaçqın soydaşlarımızın varisləri üçün qiymətli mənbələrə çevrilmişdir.

İndiyə qədər yazılan kitabların geniş yayılması, təqdim edilməsi də təqdirəlayiqdir. İcma mövcud faktları cəmiyyətə tanıtmaq və təqdim etməklə insanların o torpaqlar, tarixi, mədəniyyəti, abidələri haqqında geniş, dolğun məlumat ala bilməsi kimi müqəddəs missiyanı da həyata keçirir.Görkəmli alimlərin, tanınmış ziyalıların icmada fəaliyyət göstərməsi, təşkilatçılıq işinin yaxşı qurulması nəticəsində bütün kənd icmaları təşkilatlanmışdır. Bu da icmanın fəaliyyətinə ciddi təsir göstərir.

Ölkəmzin başçısı, cənab Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının fəaliyyətinə önəm və dəstək verməsi bu İcamnın məqsədyönlü fəaliyyət göstərməsinə imkan veir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılış mərasimindəki çıxışında qeyd etmişdir ki, “Hesab edirəm ki, Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsi hamımız üçün çox önəmlidir - həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün. Hesab edirəm ki, biz bu işi bundan sonra daha məqsədyönlü şəkildə aparmalıyıq. Yəni, təşkilat qurulub, icma qurulub, dövlət orqanları öz dəstəyini göstərir və göstərəcək. Əlavə göstərişlər mənim tərəfimdən veriləcəkdir. Ona görə hesab edirəm ki, icma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir. Əlbəttə ki, ölkə daxilində bu icmanın fəaliyyəti daha da gözəgörünən olmalıdır. Hər halda Azərbaycan çərçivəsində bu icmanın fəallığı çox önəmli ola bilər.”
Son olaraq qeyd etmək yerinə düşər ki, İcmanın fəaliyyəti geniş ictimai dəstək qazanıb. İcma regionda gedən bütün siyasi hadisələrə verdiyi reaksiya ilə daim diqqət mərkəzində olur. Bu da onu deməyə əsas verir ki, zaman gələcək bu günkü siyasi iradə və qətiyyət Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın öz dədə-baba torpaqlarına ləyaqətli qayıdışını təmin edəcəkdir.

Gülər Sultanzadə,
Azərbaycan Texniki Universitetinin tələbəsi,
YAP Yasamal rayon təşkilatının fəal üzvü.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2024