Mobil versiya
Tarixə yazılan ad- Alxas Yunusov
Tarix: 27-03-2024 | Saat: 12:40
Bölmə:Özəl | çapa göndər

Tarixə yazılan ad- Alxas Yunusov

Müstəqil həyata qədəm qoyan gündən canına yağı dadanmış Vətənin taleyi Alxas Mirxos oğlu Yunusovu çox düşündürür. Hələ ta uşaqlıq dövründə ali təhsil alıb xalqına təmənnasız xidmət etmək istəyi də var idi. Dünyaya gəldiyi Cəlilabad şəhərində yüksək mədəniyyətinə, əxlaqına, bacarığına görə tanınan gənc birinci, yəni 2004-cü ildə ordu sıralarına gedir. Düşdüyü hərbi hissədə bildirir ki, ermənilər günü-gündən azğınlaşır. Vətən öz cəsur oğlanlardan kömək istəyir. Belə bir vaxtda mən də cəbhə bölgəsində olmalıyam.
Belə də olur. Alxas bununla qürur duyur, əlində silah Vətənini göz-bəbəyi kimi qoruyur. Cəbhə xəttində dəfələrlə yağı düşmənlə qarşı-qarşıya gəlir. Şəxsi igidlik, şücaət göstərməklə onları vaxtında susdura bilir. Hərbi hissədə vətənpərvər, qorxmaz bir gənc kimi tanınır, hamının sevimlisinə çevrilir. Həmçinin təlimlərdə fəallığı və nizam-intizamı əsgər yoldaşlarına nümunə olur. Mərdlik-kişilik məktəbi olan hərbi xidmətini şərəflə yerinə yetirib doğma evinə qayıdır. El-obada Alxasın Vətən üçün yararlı övlad olduğunu bilənlər ali təhsil almağı ona məsləhət görürlər. Alxas Rusiyaya gedir, burada Moskva Dövlət Universitetinə daxil olur. Tələbəlik illərində Alxasın qəlbində erməni dığalardan intiqam, qisas almaq alovu get-gedə güclənir. Elə buna görə də təhsilini uğurla başa vurub sinəsini məqamında Vətənə sipər etmək, eləcə illərlə cəzasızlıqdan azğınlaşan yağı düşmənə yerini göstərmək üçün Azərbaycana qayıdır.
Bəli, hər an işğalçı dığalardan qisas alacağı günü gözləyən Alxas nəhayət ki, 2020-ci ilin 27 sentyabrında istəyinə çatır. Belə ki, 30 il işğal altında olan Qarabağımızın azadlığı uğrunda müharibə başlanan kimi düşmənlə haqq savaşına girir. Azərbaycan Ordusunun giziri iştirak etdiyi gərgin döyüşlərdə rəşadət nümunəsini göstərir, yağıya ciddi itkilər verir. Həmişə öndə olmaqla hər zaman sinəsini irəli verib qartal tək düşmənin üstünə şığıyan Alxas Tərtərdə, Suqovuşanda, Füzulidə gedən ölüm-dirim vuruşlardan dəfələrlə qalib çıxır. Elə Füzulidə ağır müharibədə ömrünün 34-cü ilində şəhidlik zirvəsinə ucalır.
Alxas Yunusov Vətəni, xalqının xoşbəxtliyi naminə öz qısa həyatını şərəflə yaşadı. Məhz buna görə də ölümsüzlüyə qovuşan qəhrəmanın yeri həmişə ürəklər olacaq. Həmçinin döyüş meydanında göstərdiyi şücaəti dövlət tərəfindən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medallarına layiq görülüb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2025