Mobil versiya
Cənab Prezident İlham Əliyev Martın 18-də Xankəndidə Novruz tonqalını alovlandırdı
Tarix: 21-03-2024 | Saat: 19:45
Bölmə:Siyasət / Özəl | çapa göndər

Cənab Prezident İlham Əliyev Martın 18-də Xankəndidə Novruz tonqalını alovlandırdı

Milli birlik, bolluq, bərəkət bayramı olan Novruzu özünəməxsus inancları ilə seçilən çərşənbələri ilə qarşılayan xalqımız atəşpərəstliyin rəmzi olan Od, Su, Yel, Torpaq çərşənbələrində tonqal qalayır. Yaşından asılı olmayaraq hər kəs ötən ilin ağrı-acısını əvvəlki ildə qoymaq inancı ilə « ağırlığım- uğurluğum bu tonqalda yansın» deyərək odun üstündən tullanır, bütün evlərdən milli mətbəximizin şahı olan zəfəranlı plovun ətri duyulur. Əvvəlcədən cücərdilmiş səmənilərlə birgə qonşulara bayram payı göndərilir.
Çoxlarının ilaxır çərşənbə adlandırdığı sonuncu çərşənbəyə hazırlıq isə daha möhtəşəm olur. Qız-gəlinlər səliqə- sahman edərək qışın ətalətindən, his-pasından qurtarmaq üçün evlərdə təmizlik işləri görürlər. Yazın gəlişini tumurcuq gözləri ilə soraqlayan ağacların ətrafı, torpağı yumşaldılır, qurumuş budaqlardan təmizlənir.
...Bu gün də çərşənbələrin sonuncusu, Torpaq çərşənbəsidir. Torpağın oyanışını xəbər verən səməni göyərtməklə bayram hazırlıqlarına başlayan xalqımız Novruzun əsas atributlarını bu çərşənbədə yerinə yetirirlər. «Səməni saxla məni, ildə göyərdərəm səni» deyən nənələrimiz bir araya gələrək səməni halvası bişirir, hər kəsə pay verilir. Qız, gəlinlər bayramın ən özəl nemətlərindən sayılan şəkərburalara saldıqları naxışları ilə, paxlavalarının təmi ilə seçilməyə çalışırlar. Yeri gəlmişkən, artıq mütəxəssislər də təsdiq edirlər ki, səməni göyərtmək üçün isladılmış buğdanın azacıq cücərməsi halında döyülüb suyunun içilməsi xərçəng xəstəliyinin müalicəsi üçün çox əhəmiyyətlidir.
Həmin günlərdə körpələri alınan yeni geyimlərlə sevindirmək adəti də Novruza xas milli xüsusiyyətlərdəndir. Püstə, nabat, noğul, qoz, fındıq, qoğal, ləbləbidən ibarət bayram xonçalarından hər kəsə pay verilir. Ömrünün yaşanan illərinin sayı qədər bayram tonqalının istisini ürəyində saxlayan, qız –gəlinlərin simasında artıq tarixə qovuşmuş gəncliyini xatırlayaraq köks ötürən nənələr cavanların sevincinə şərik olur, xeyir-dualarını əsirgəmirlər. Babalar illər öncə belə tonqalların ətrafında gözaltı etdikləri yarıları ilə keçirdikləri gəncliklərini yada salır, qurduqları isti ocaqlarından pərvazlanan övladlarının əhatəsində olduqları üçün özlərini xoşbəxt hesab edirlər.
Gecə ilə gündüzün bərabər olduğu günə təsadüf edən , baharın gəlişindən xəbər verən Novruzun «bir addımlığında» olan ilaxır həm də niyyətlərin çin olduğu gündür. Kəndlərdə mağar, el məclisi qurulur, aşıqlar dastanlarımızdan söz açır, Dədə Qorquddan ərməğan qalmış sazın, sözün qüdrətini öz məharətləri ilə bir daha göstərirlər.
İlaxır axşamının səhəri, gün doğmamış axar sudan içmək, qarşıdan gələn ilin bolluq, bərəkət gətirməsinin simvolu olan bulaqlardan daş gətirmək, götürülən suyu evlərə, həyətlərə səpmək kimi adətləri yerinə yetirmək də insanlarda xoş inam yaradan inaclardandır.
Kütləviliyi ilə seçilən axır çərşənbədə həyətlərdə yandırılan, birlik, həmrəylik, səmimiyyət rəmzi olan tonqalların ətrafına toplaşanlar bayramın əsas personajlarından olan Kosa ilə Keçəlin oyunlarına tamaşa edir, şənlənirlər. Özünə «ərzaq toplayan», şən zarafatları ilə hamını güldürən Kosa ilə Keçəlin oyunlarına daha çox maraq göstərən
uşaqlar bu cütlüyün hərəkətlərini təqlid edir, onlarla birgə oynayırlar. Bayramın «yeddi ləvin» adlandırılan çərəzlərini yaşıdları ilə bölüşən uşaqlar nənələrinin boyadıqları qırmızı yumurtalarının bərkliyini yoxlayardılar. Adi görünsə də bu adət kiçik yaşlı oğlanlarda qalib gəlmək ruhu formalaşdırırdı. Həmin gün evlərdə dəmə qoyulan zəfəranlı bayram aşının xoş ətri ətrafa yayılır.
Bu bayramda elin və evin ağbirçək və ağsaqqalarını ziyarət edərək onlara baş çəkmək də adətdəndir.
Axır çərşənbənin illərdən bəri qorunub saxlanılan xüsusiyyətlərindən biri də həmin axşam nişanlı qızlara, təzə ailə qurmuş gəlinlərə bayram xonçasının aparılmasıdır. Novruzu əbəs yerə mehribanlıq, səmimiyyət bayramı kimi əziz tutmurlar. Bu günlərdə küsülülər barışır, qonşular biri-birinə bayram aşından pay göndərirlər.
Çərşənbələrin ümumi atributlarına respublikamızıın hər yerində eyni qaydada əməl edilsə də bəzi bölgələrdə fərqli adət- ənənələr də mövcuddur. Naxçıvan şəhərinin sakinləri axır çərşənbənin ertəsi günü, hələ gün doğmamış Qoçüstü adlandırılan ərazidə elliklə şənlik təşkil edərlərdi. Cavanlar at yarışına çıxar, gənc qızlar səhənglərini Naxçıvan çayının təmiz suyu ilə doldurar, əl-üzlərini yuyardılar. Axır çərşənbə və Novruz bayramı Naxçıvan sakinlərinin yaddaşında bir hadisə ilə də qalıb. Sovetlər dönəmində, planlı iqtisadiyyatın mövcud olduğu illərdə muxtar respublikanın enerjisi « ermənisayaq planla idarə olunurdu.» Bilərəkdənmi və ya biləməyərəkdənmi o vaxt muxtar respublikaya elektrik enerjisi Ermənistandan ötürülürdü. İnsanların süfrə arxasında toplaşdığı məqamda evlərdə işıqlar erməni məkrinə uyğun söndürülərdi. Yəni, «mehriban ailənin üzvü» kimi yaşadığımız illərdə də ermənilər Naxçıvan sakinlərinin bayram sevincini az da olsa azaltdıqları üçün rahatlıq tapardılar. Bu, da ermənilərin qanlarında olan türkə qarşı nifrətin, mənfur xislətlərinin bir nümunəsi idi.
Ümummilli Lider Heydər Əliyev Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasını rəsmiləşdirməklə insanlarda ünsiyyət, mehribanlıq, dostluq duyğularını gücləndirdi. Prezident İlham Əliyevin bildirdiyi kimi, sözün əsl mənasında ümumxalq bayramının mahiyyətini illərdən bəri qoruyan Novruz bayramının respublikamızda böyük ruh yüksəkliyi, rəsmi səviyyədə geniş qeyd olunması dövlət müstəqilliyimizin bəhrələrindəndir.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri sayəsində Novruz bayramının bəşəriyyətin Qeyri Maddi-Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi Azərbaycanda Şərq aləmində özünə məxsusluğu ilə seçilən bu el şənliyinin bəşəri dəyərlərlə zənginliyindən xəbər verir.
Milli-mənənəvi dəyərlərimizə daim hörmət və vətəndaşlıq məsuliyyəti ilə yanaşan Prezident İlham Əliyevin hər il Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etməsi, paytaxt sakinləri ilə birgə şənliklərdə iştirakı artıq ənənə halını alıb. İkinci Qarabağ müharibəsindən sonra Şuşada, Cıdır düzündə alovlanan Novruz tonqalının ətrafında xalqa müraciətində «Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram. Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik etmək istəyirəm. Bir daha demək istəyirəm, bundan sonra da var gücümlə çalışacağam ki, Azərbaycan daim sürətlə inkişaf etsin, yüksələn xətlə getsin və qarşıda duran bütün vəzifələr icra edilsin. Qarabağ Azərbaycandır!» söyləyən Prezident İlham Əliyev vədinə sadiq qaldı. Ötən ilin sentyabrında aparılan lokal xarakterli antiterror tədbirləri ilə suverenliyimiz tam bərpa olundu. Qarabağ əsl sahiblərinə qaytarıldı. Erməni vəhşilərinin qurbanları olan Xocalı şəhidlərinin xatirəsini qətlə yetirildikləri yurdlarında qeyd edən, Xocalı memorial kompleksinin təməlini qoyan Prezident İlham Əliyev erməni separatizminə, faşizminə son qoydu.
Martın 18-də Prezident İlham Əliyevin Xankəndidə Novruz tonqalını alovlandırması, Azərbaycan xalqını bayram münasibətilə təbrik etməsi uzun illər separatizmin və terrorun yuvası olmuş bu əzəli torpağımıza da artıq sülhün, əmin-amanlığın gəlməsindən xəbər verir.
Bəli, yurdumuza bolluq, bərəkət rəmzi olan xonçalı Novruz gəlir. Gəlişi ilə insanlara sevinc bəxş edir. Qoy ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycanın hər qarış torpağında tonqallarımız gur alovlansın, ocağımız isti, süfrələrimiz nemətlərlə bol olsun!

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2024