Mobil versiya
Novruz Qarabağa xalqımızla qayıtdı
Tarix: 20-03-2024 | Saat: 16:30
Bölmə:Siyasət / Özəl | çapa göndər

Novruz Qarabağa xalqımızla qayıtdı

Artıq dördüncü ildir ki, Azərbaycan xalqı bütün Türk dünyasının qədim bayramı olan Novruzu qalib ölkə, qalib xalq olaraq qarşılayır. Təxminən 30 illik fasilədən sonra, 2021-ci ildə ilk dəfə Azərbaycan bu gözəl bayramı artıq Qarabağda da qeyd etdi. Bu imkanı bizə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu bəxş etdi və bundan sonra əbədi olaraq Novruz doğma Vətənimizin bütün ərazisində böyük təntənə ilə qeyd olunacaq. Möhtərəm dövlət başçımızın ötən ilin 15 oktyabr tarixində Xankəndidə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdığı günü biz hamımız qürurla xatırlayırıq. Bu il isə, martın 18-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, bu qədim Azərbaycan şəhərində Novruz tonqalını alovlandırdı. Sonra dövlətimizin başçısı Azərbaycan xalqını bayram münasibətilə təbrik etdi. Hər zaman olduğu kimi, Azərbaycan Prezidenti öz çıxışında ilk növbədə torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının əziz xatirəsini yad etdi və bununla bizim, bütün xalqımızın bu gün tariximizin ən şərəfli dövrünü yaşamağımıza görə ilk növbədə məhz onlara borclu olduğumuzu bir daha hər kəsin daim xatırlamalı olduğunu vurğuladı.
Həmçinin dövlətimizin başçısı bir daha vurğuladı ki, Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərib. Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı və qəhrəmanlığı nəticəsində bu gün xalqımız bu torpaqlarda qurur, yaradır, bu torpaqlara həyat qayıdır. Bütün Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri davamlı olaraq aparılır. Artıq keçmiş köçkünlərin bir hissəsi öz dədə-baba torpaqlarına qaytarılmışdır və bu il də bu proses davam edəcək. Lakin Azərbaycan əlbəttə ki, bu Qələbəni heç də asanlıqla əldə etməyib. Xalqımız iyirmi il ərzində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqların azad olunmasına hazırlaşıb. Həmin dövrdə dövlət başçımızın bilavasitə rəhbərliyi ilə və nəzarəti altında ən müxtəlif istiqamətlər üzrə planlı şəkildə işlər aparılıb. Dövlət başçımızın uğurlu xarici siyasəti sayəsində dünyada Azərbaycanın mövqeləri möhkəmləndirilib, dostlarımızın sayı artıb. Nəticə olaraq beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı ölkəmizin mövqeyini dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etdilər ki, bu da münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratdı. Cənab Prezident İlham Əliyevin uğurlu strategiyası iqtisadi inkişafı təmin etdi, ölkəmiz iqtisadi müstəqilliyə nail oldu və bu gün heç kimdən nə iqtisadi cəhətdən, nə də siyasi cəhətdən asılı deyil. Güclü iqtisadiyyat Azərbaycana imkan verdi ki, beynəlxalq müstəvidə öz siyasətini müstəqil şəkildə aparsın. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.
Azərbaycan müharibə yolu ilə öz torpaqlarını işğalçılardan azad etdi. 2020-ci ilin sentyabr-noyabr ayları ərzində, cəmi 44 günə rəşadətli Azərbaycan Ordusu mənfur düşməni torpaqlarımızdan qovdu və Qarabağda Azərbaycan Bayrağını ucaltdı. Keçən ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Azərbaycan xalqı öz Prezidentinin, cənab Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi, öz haqqını, öz hüquqlarını döyüş meydanında bərpa etdi, işğal edilmiş torpaqları qan tökərək azad etdi. Bu gün isə, Azərbaycan azad edilmiş ərazilərini yenidən qurur, həyatı yenidən həmin torpaqlara qaytarır.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024