Mobil versiya
Xuduş İsgəndərov: “Aldığım mükafat bütün Zəngilan ziyalılarının fəaliyyətinə verilən dəyərdir”
Tarix: 17-03-2024 | Saat: 16:15
Bölmə:Özəl | çapa göndər

Xuduş İsgəndərov: “Aldığım mükafat bütün Zəngilan ziyalılarının fəaliyyətinə verilən dəyərdir”

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə dövlət qulluğu və müxtəlif ictimai vəzifələrdə çalışan bir qrup şəxs “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmuşdur. Bu mükafata layiq olanların sırasında Zəngilan rayon Ağsaqqallar Şurasının sədri, rayon ziyalısı İsgəndərov Xuduş Əmən oğlu da yer almışdır.

Bu münasibətlə saytımıza müsahibə verən Xuduş İsgəndərov ilk növbədə bildirmişdir ki, Ölkə Prezidenti cənab İlham Əliyevin ölkəmizin və xalqımızın rifahı naminə göstərdiyi misilsiz fəaliyyət tutduğu vəzifəsindən, çalışdığı sahədən asılı olmayaraq hər bir azərbaycan vətəndaşını var gücü ilə çalışmağa, təmsil etdiyi sahədə yüksək nailiyyətlər əldə etməklə yazılan tariximizin bir parçası olmağa daha çox həvəsləndirir: “Ölkə Prezidenti cənab İlham Əliyevin 2003-cü ildən davamlı olaraq həyata keçirdiyi son dərəcə uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünya arenasında sabit və güclü mövqeyə malik bir dövlət olaraq qəbul olunub. Ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının gələn il ölkəmizdə keçirilməsi barədə qəbul olunmuş qərar Azərbaycanın hörmətini və nüfuzunu təsdiq etməklə mühüm siyasi əhəmiyyət daşıyır. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Bu, cənab Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasətin, prinsipial mövqeyinin və gördüyü möhtəşəm işlərin nəticəsidir. Bir sözlə, Azərbaycan Prezidenti bu gün sözün əsl mənasında xalqımızın və dövlətimizin ən yeni tarixini yazır və hər bir azərbaycanlı da öz sahəsində əldə etdiyi uğur və nailiyyətləri ilə bu tarixin bir parçası olmağa çalışır.”



Daha sonra Xuduş İsgəndərov xüsusi olaraq vurğulayıb ki, Prezident İlham Əliyevin bütün bu illər ərzində yürütdüyü daxili və xarici siyasət kursu ilk növbədə Qarabağ probleminin həllinə yönəlmişdi: “Şanlı Azərbaycan Ordusu 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz xalqına tarixi Qələbəni bəxş etdi. Əlbəttə ki, bu Zəfər 2003-2020-ci illər ərzində cənab Prezident İlham Əliyev tərəfindən böyük zəhmət və gərgin səylər hesabına həyata keçirilmiş hazırlıq işlərinin nəticəsində əldə edilmişdir. Əlbəttə ki, dövlət başçımızın bu məqsədlə hər zaman şəxsən xüsusi diqqət mərkəzində saxladığı ordu quruculuğu məsələsi müstəsna önəm kəsb etmişdir. Şanlı Azərbaycan Ordusunun gücünə, yüksək döyüş qabiliyyətinə 44 gün davam edən Vətən müharibəsinin gedişi zamanı bütün dünya şahid oldu. Tarixi Qələbəmizdən 3 il sonra, 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin edildi. Bundan beş ay sonra keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu. 15 oktyabr 2023-cü il tarixində isə, Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında şəxsən özü Azərbaycan Bayrağını qaldırdı. Bununla da dövlət başçısı öz xalqına verdiyi bütün vədlərinə tam əməl etmiş oldu.”
Sonda Zəngilan rayon Ağsaqqallar Şurasının sədri layiq görüldüyü mükafata görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək bu sözləri deyib: “Həqiqətən də cənab Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasında ilk növbədə insan amili durur. Məhz bu amil möhtərəm dövlət başçımızın hər bir vətəndaşın qayğısına qalmağını, özünün dediyi kimi, hər bir vətəndaşın Prezidenti olmasını təmin edir. O cümlədən hesab edirəm ki, təltif olunduğum “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı da sadəcə mənim deyil, bütün Zəngilan ziyalılarının fəaliyyətinə verilən ən böyük dəyərdir və mən, bu təltifə layiq görüldüyümə görə cənab Prezident İlham Əliyevə sonsuz minnətdarlığımı bildirmək istəyirəm” – deyə, Xuduş İsgəndərov müsahibəsini sona çatdırıb.

Öz növbəmizdə, aia.az saytının redaksiya heyəti olaraq, biz də Zəngilan rayon Ağsaqqallar Şurasının sədri, rayon ziyalısı Xuduş İsgəndərovu bu yüksək mükafata layiq görülməsi münasibətilə ürəkdən təbrik edirik, hörmətli Xuduş müəllimə bundan sonrakı fəaliyyətində də yeni-yeni uğurlar diləyirik!



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025