Mobil versiya
Azərbaycan-Gürcüstan dostluq münasibətləri bütün Cənubi Qafqaz xalqlarının rifahına xidmət edir
Tarix: 18-03-2024 | Saat: 09:43
Bölmə:Siyasət / Özəl | çapa göndər

Azərbaycan-Gürcüstan dostluq münasibətləri bütün Cənubi Qafqaz xalqlarının rifahına xidmət edir

Azərbaycan və Gürcüstan iki qonşu dövlət və strateji tərəfdaş ölkələr olaraq bir-biriləri üçün xüsusi əhəmiyyət kəsb edirlər. Qeyd olunmalıdır ki, bu əlaqələr ölkələrimiz və xalqlarımız arasında tarixən mövcud olmuş səmimi dostluq və qonşuluq münasibətləri əsasında formalaşıb. Eyni zamanda deyə bilərik ki, bu gün ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasında Azərbaycan və Gürcastanın ölkə rəhbərlərinin səyləri misilsiz töhfələr verir. Bu fakt öz əksini Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin cari ilin 16 mart tarixində Azərbaycana rəsmi səfəri zamanı cənab Prezident İlham Əliyevin və Gürcüstanın Baş nazirinin mətbuata bəyanatla çıxışlarında da öz təsdiqini tapıb. Məlumdur ki, Azərbaycan-Gürcüstan əlaqələrinin genişlənməsində və möhkəmlənməsində bu iki qonşu respublikaya həm sovet dönəmində, həm də müstəqillik illərində rəhbərlik etmiş Heydər Əliyev və Eduard Şevardnadzenin arasında mövcud olmuş şəxsi münasibətlərin müstəsna rolu olmuşdur. Bu iki dahi şəxsiyyət təxminən eyni vaxtda müstəqil Azərbaycana və müstəqil Gürcüstana rəhbərlik etməyə başlayaraq, ən ağır dövrdə bu iki ölkəni inamla müstəqilliyə doğru aparmış və inkişaf yoluna çıxarmağa nail olmuşlar.
Demək lazımdır ki, Azərbaycan-Gürcüstan əməkdaşlıq əlaqələri mühüm regional və qlobal əhəmiyyət kəsb edir. Bu əlaqələrin inkişafında bütün Avropa İttifaqı ölkələrinin maraqlı olduğu danılmaz faktdır. Strateji tərfdaş olan iki ölkənin birgə həyata keçirdiyi infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq. Öz çıxışında bu məsələyə xüsusi toxunan cənab Prezident İlham Əliyev bildirdi ki, Bakı-Tbilisi-Qars dəmir yolunun bir-iki aydan sonra artıq genişləndirilmiş formada fəaliyyətə başlaması böyük nailiyyətlərdən biridir. Yeni formatda dəmir yolunun ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq və eyni zamanda, bu dəmir yolunun fəaliyyəti bir çox ölkələr üçün də cəlbedici olacaq.
Məlumdur ki, Azərbaycan, Gürcüstan və Türkiyə Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarları kimi xüsusi rola malikdirlər. Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq və Gürcüstan ilə Azərbaycanın iki etibarlı tərəfdaş kimi çıxış etdikləri enerji layihələri bundan sonra da bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edəcək. Həmçinin neft və qaz kəmərlərindən başqa Azərbaycandan Avropaya elektrik enerjisinin ixrac istiqaməti də məhz Gürcüstandan keçir. Beləliklə, Azərbaycan-Gürcüstan əməkdaşlığı beynəlxalq əhəmiyyət kəsb etməklə bütün Avropa İttifaqı ölkələrinin maraqları baxımından böyük önəm kəsb edir.
Həmçinin cənab Prezident İlham Əliyev Gürcüstanda tam bərqərar olmuş ictimai-siyasi sabitlik amilini də yüksək qiymətləndirmiş və bu sabitliyin əsas mənbəyinin Gürcüstanda yaşayan vətəndaşların hökumətə olan dəstəyi olduğunu bildirmişdir. Dövlətimizin başçısı qeyd etmişdir ki, bu sabitlik və hökumətin gələcəyə yönəlmiş aydın baxışları dost ölkəyə bir çox önəmli layihələri icra etməyə, iqtisadiyyatını gücləndirməyə və insanların rifah halını ildən-ilə yaxşılaşmasını təmin etməyə imkan verir.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-11-2024