Mobil versiya
Qazaxıstan Prezidentinin Azərbaycana növbəti dövlət səfəri əlamətdar hadisədir
Tarix: 14-03-2024 | Saat: 16:59
Bölmə:Siyasət / Özəl | çapa göndər

Qazaxıstan Prezidentinin Azərbaycana növbəti dövlət səfəri əlamətdar hadisədir

Cari ilin mart ayının 11-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan və Qazaxıstanın dövlət başçıları arasında görüş keçirilmiş və vacib müzakirələr aparılmışdır. Azərbaycan üçün Qazaxıstan qardaş ölkə və strateji tərəfdaşdır. Qeyd edək ki, dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Münasibətlərin dinamikası qarşılıqlı səfərlərin xronologiyasından aydın görünür. Son ilyarım ərzində Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti üç dəfə ölkəmizdə olmuşdur.

Məlum olduğu kimi, Azərbaycan-Qazaxıstan əlaqələri dərin tarixi köklərə malikdirlər. Bu münasibətlərin formalaşmasına təsir edən əsas amillərdən biri də azərbaycan və qazax xalqlarının türkdilli xalqlar olmasıdır. Xalqlarımızın etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxın olmaları müasir dünyamızda bütün sahələrdə, o cümlədən nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaratmışdır. Qeyd etmək lazımdır ki, son illər ərzində Azərbaycan-Qazaxıstan münasibətləri xeyli inkişaf edib və hazırda müttəfiqlik səviyyəsinə yüksəlib. Belə ki, 2022-ci il avqustun 24-də Bakıda hər iki ölkənin dövlət başçıları tərəfindən imzalanmış Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə artıq iki dost ölkənin həm də müttəfiq olduqlarını deməyə əsas verir. Eyni zamanda 2023-cü il aprel ayının 10-da Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol” və dövlət başçılarının birgə bəyanatı ölkələrimiz arasında əlaqələrin və müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsinə yönəlib. Mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasında müttəfiqlik münasibətləri qarşılıqlı fəaliyyətin gələcək inkişafının möhkəm təməlidir. Hazırda bu təməl konkret məzmunla zənginləşdirilir və son iki ildə qəbul edilmiş qərarlar bu gün artıq reallaşır.

Həmçinin qeyd etmək lazımdır ki, ölkələrimiz arasında mövcud strateji tərəfdaşlığın mədəni-humanitar tərkibi üzrə əməkdaşlıq da xalqlarımızın yaxınlaşması baxımından çox mühümdür. Çünki iki qardaş xalqın bir-birilərinin mədəniyyətinə maraqları hər zaman yüksək olub.

Xüsusi olaraq cənab Prezident İlham Əliyev öz çıxışında ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin rəmzi kimi, Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən hədiyyə olunaraq tikilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini xüsusi olaraq qeyd etdi. Möhtərəm dövlət başçımız bildirdi ki, bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən yüksək qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev isə, Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibəsində Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini deyib.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024