Mobil versiya
Azərbaycan-Qazaxıstan dostluğu bütün Türk dünyasını gücləndirir
Tarix: 13-03-2024 | Saat: 10:52
Bölmə:Siyasət / Özəl | çapa göndər

Azərbaycan-Qazaxıstan dostluğu bütün Türk dünyasını gücləndirir

Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsi Azərbaycan üçün prioritet məsələlərdən biridir. Bu baxımdan Qazaxıstan Respublikası ilə ölkəmizin qarşılıqlı əməkdaşlıq əlaqələrinin sürətlə inkişaf etməsi də xüsusi qeyd olunmalıdır. Məlumdur ki, ölkələrimiz və xalqlarımız arasında münasibətlər dərin tarixi köklərə malikdir və bu münasibətlərin formalaşmasına təsir edən əsas amillərdən biri də azərbaycan və qazax xalqlarının türkdilli xalqlar olmasıdır.

Münasibətlərin dinamikası qarşılıqlı səfərlərin xronologiyasından da aydın görünür. Son ilyarım ərzində cənab Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər etmiş, həmçinin bu dövrdə Qazaxıstan Prezidenti də üç dəfə ölkəmizdə olmuşdur. Heç şübhəsiz, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də Azərbaycana etdiyi səfər də bu əlaqələrin daha da genişləndirilməsi istiqamətində atılmış mühüm addım oldu.

Cənab Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında da qeyd etmişdir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyəti gələcəkdə də möhkəmləndirmək qarşımızda duran əsas vəzifələrdəndir. Bu təşkilat yaxın, dost, doğma ölkələri birləşdirir, həmçinin böyük potensiala, ən başlıcası inkişaf potensialına malikdir. Azərbaycan hər zaman Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verib. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb.

Tarixə nəzər salsaq deyə bilərik ki, hələ 2004-cü ildə Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci ildı Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin yeni mərhələyə keçidi üçün möhkəm baza yaradılıb. Məhz bu zəmin əsasında ötən illər ərzində Azərbaycan-Qazaxıstan münasibətləri həqiqətən də xeyli inkişaf edib və hazırda mövcud olan səviyyəyə yüksəlib. 2022-ci il avqustun 24-də hər iki ölkənin dövlət başçıları tərəfindən imzalanmış Qazaxıstan ilə Azərbaycan arasında strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə isə artıq iki dost ölkənin həm də müttəfiq olduqlarını deməyə əsas verir.

Qazaxısatan Prezidentinin ölkəmizə səfəri çərçivəsində baş vermiş daha bir önəmli hadisə də Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş Ağdam şəhərində tikilmiş Kurmanqazı adına Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin açılışı oldu. Əlbəttə ki, bu da dost ölkənin bizim xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, Qarabağın bərpası işinə töhfəsidir. Ölkə Prezidenti cənab İlham Əliyevin öz çıxışında dediyi kimi, Azərbaycan və Qazaxıstan iştirak etdikləri aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edir, daim bir-birilərini dəstəkləyirlər.

Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə