Mobil versiya
Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların yüksək effektivliyi ölkənin sürətli inkişafını təmin edir
Tarix: 07-03-2024 | Saat: 11:27
Bölmə:Siyasət / Özəl | çapa göndər

Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların yüksək effektivliyi ölkənin sürətli inkişafını təmin edir

Bu gün Azərbaycanın iqtisadi, siyasi, hərbi, beynəlxalq münasibətlər və ümumiyyətlə bütün digər sahələrdə əldə etdiyi uğur və nailiyyətlər Ölkə Prezidenti cənab İlham Əliyevin 2003-cü ildən bəri yürütdüyü xarici və daxili siyasət kursunun, eləcə də son bir neçə ildə həyata keçirilən əsaslı islahatların effektivliyindən xəbər verir. Əlbəttə ki, qeyd olunan nailiyyətlərin pik zirvəsi kimi 2020-ci ildə Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə nəticəsində 30 illik erməni işğalına son qoyulmasını və 2023-cü ildə ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsini qeyd etmək lazımdır.

Dediyimiz kimi, bütün bu qələbələrin fonunda son illər ölkədə həyata keçirilən islahatların səmərəliliyi özünü daha qabarıq formada göstərir. Azərbaycanda 2020-ci ildə Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsinin əsas məqsədi də məhz ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və parlamentin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev 10 mart 2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında etdiyi çıxışında da növbədənkənar seçkilərin respublikada həyata keçirilən sistemli islahatların davamı olduğunu qeyd etmişdi.

Bütün siyasi qüvvələrin eyni imkanlara sahib olaraq, sağlam rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmələri nəticəsində altıncı çağırış Milli Məclis çoxpartiyalı parlament kimi formalaşdı. Bu da ölkədə siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu olduğunu göstərir. İlk dəfə olaraq müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində, eləcə də müxtəlif komitələrin rəhbərliyində təmsil olunurlar. Əlbəttə ki, bu fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək baxımından böyük əhəmiyyət kəsb etmiş oldu.

Həmçinin dövlət başçımızın Milli Məclisinin ilk iclasında etdiyi çıxışında verdiyi tapşırıq və tövsiyyələrə uyğun olaraq, bu gün qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılır. Azərbaycanda çoxpartiyalı sistem möhkəm əsaslar üzərində qurulur və bu sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri tədricən yaradılır.

Bu gün Azərbaycan xalqının öz gələcəyinə olan inamını gücləndirən amillərdən biri də ölkəmizdə mövcud olan müsbət demoqrafik mənzərədir. Ölkə əhalisinin mütləq əksəriyyəti gənclərdən ibarət olması onların asudə vaxtlarının səmərəli təşkili, gənc nəslin fəal işə cəlb edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində qanunvericilikdə müvafiq addımların atılmasını zəruri edir. Cənab Prezident İlham Əliyevin çıxışında bu məsələ barədə yer almış açıqlamalarda Azərbaycan gəncliyinin milli-vətənpərvər ruhda tərbiyə almaları, xarici təsir altına düşməmələri dövlətin və cəmiyyətin qarşısında duran ən vacib məsələlərdən biri kimi qeyd olunmuşdur. Gənclərin Parlament seçkilərində çox sayda mandat almasının səbəbi də onlara göstərilən yüksək etimadla izah olunur. Dövlət başçımızın öz çıxışında səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki, gənc nəslin milli və hərbi-vətənpərvərlik hissləri ilə tərbiyə olunmasında dövlətlə xalqın üzərinə düşən vəzifə eynidir.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025