Mobil versiya
Mirasın irsi transmissiya qaydasında qəbulu-Aysu Nəbizadə yazır
Tarix: 29-02-2024 | Saat: 22:52
Bölmə:Manşet / Ölkə | çapa göndər

Mirasın irsi transmissiya qaydasında qəbulu-Aysu Nəbizadə yazır

İrsi transmissiya və ya irsi ötürülmə dedikdə mirası qəbul etmək hüququnun bu hüququn məxsus olduğu şəxsin vərəsələrinə keçməsi deməkdir. Belə ki, mirası qəbul etməli olan vərəsə mirası qəbul etmək imkanı olmadıqda, bu hüququnun həyata keçirilməsi onun vərəsələrinə ötürülür. Təbiidir ki, burada irsi tranmissiyanı mahiyyəti üzrə başa düşmək üçün onun tarixinə, bir-birinə vərəsə olma hüququ olan şəxslərin ölüm anlarına və onun digər oxşar institutlarla qarşılıqlı şəkildə müqayisəsinə nəzər yetirmək lazımdır.

Burada irsi transmissiyadan bəhs edərkən bir-birinə vərəsə ola bilən kimsələrin ölüm vaxtlarının müəyyənləşdirilməsi vacibdir. Tutaq ki, mirası qəbul etməli olan vərəsə mirası qəbul etməyə macal tapmamış ölür. Bu halda miras miras qoyanın vərəsəsinə, yoxsa vərəsənin vərəsələrinə keçəcəkdir? Hesab edirəm ki, burada müxtəlif tip situasiyalar yarana bilər. Belə ki, ola bilər ki, vərəsə ilə miras qoyanın hansının daha əvvəl öldüyünü müəyyənləşdirmək mümkün olmasın yaxud eyni vaxtda vəfat etsinlər. Yaxud vərəsə miras qoyandan əvvəl ölsün, yaxud ondan sonra miras qəbul edilənə qədər vəfat etsin.

Belə ki, əsas üç situasiya ilə qarşılaşılır. Birinci halda, vərəsə ilə miras qoyan eyni vaxtda ölmüş olması ilə bağlı yaranan münasibətlərdir. Klassik Roma hüquq dövründə bir-birinə vərəsə ola bilmə hüququna malik şəxslər eyni hadisə əsasında və hansının daha əvvəl öldüyünü müəyyənləşdirmək mümkün olmadığı təqdirdə, bu ölümlərin eyni anda gerçəkləşdiyi hesab olunurdu.Və bu zaman bu şəxslər bir-birinə vərəsə ola bilməzdi və hər birinə müstəqil miras açılırdı. Buna uyğun olaraq Yustanian dövründə eyni vəziyyət üçün bir-birindən əvvəl ölmüş olma prezumpsiyası qəbul edilərək, bu şəxslərin bir-birinə vərəsə ola bilmələri qəbul edildi. Azərbaycan Respublikasında da həmin təcrübəyə müvafiq qayda qəbul edilmişdir.

İrsi transmissiya hələ Klassik Romadan etibarən öz başlanğıcını götürmüşdü. Burada mirası qəbul etmək hüququ vərəsəlik hüququnda mövcud olan “mirasın ölən şəxsin ən yaxınlarına keçməsi” prinsipinin mahiyyətinə uyğun olaraq, onun ailə daxili vərəsələrinə keçirdi. Mirasa ailə daxilindən olmayan, digər vərəsələr çağrılsa idi mirası qəbul etmədən ölərsə, bu mirası qəbul hüququ onun vərəsələrinə keçməzdi.



İkinci halda, vərəsənin miras qoyandan əvvəl ölməsi halının tənzimlənməsidir. Bu hal qanunvericiliyimizdə qanun üzrə vərəsəlik kimi tənzimlənir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin ( bundan sonra MM) 1159.1.3-cü maddəsinə əsasən, “birinci növbə vərəsələrin nəvələri, nəticələri və uşaqları mirasın açılan zaman ölən şəxsin, yəni miras qoyanın vərəsələri olan valideynləri sağ olmadıqda qanun üzrə vərəsə hesab edilirlər. Onlar onların ölmüş vərəsə, yəni valideyninə çatası payla bərabər miras əldə edirlər.”

Yəni, vərəsə miras açıldığı vaxt sağ deyildirsə, onun vərəsələri mirası qəbul etmək hüququ əldə edərək öz valideynlərinin yerinə keçir. Mülki qanunvericilikdə bu hal, yəni vərəsənin miras qoyandan əvvəl ölməsi qanun üzrə vərəsəliyin tərkib hissəsinə daxil hesab olunur.

Roma hüququnda bu məsələ “təmsil etmə hüquq üzrə vərəsəlik” hesab olunurdu. Novitskiyə görə, daha uzaq dərəcəli azalan xətt üzrə qohumun vasitəsilə vəsiyyət edəndən törədiyi şəxs vərəsəlik açılanadək öldükdə, o vəsiyyət edənin daha yaxın azalan xətt üzrə qohumları ilə yanaşı vərəsəliyə çağırılırdı. Misal üçün, A şəxsinin oğlu B miras açılanadək ölmüşdür. Onun oğlu C, A öldüyü zaman vərəsəliyə çağrılacaqdır. Bu zaman C əslində B-nin deyil, A-nın vərəsəsi kimi çağrılacaqdır. Yəni, C öz atası B-ni təmsil edərək, babasının qanun üzrə vərəsəsi hesab olunur.

Belə çıxır ki, təmsil etmə hüququ üzrə vərəsəlik irsi tranmissiya ilə oxşardır. Hər ikisində vərəsə olmaq hüququ vərəsənin vərəsələrinə keçir. Lakin, birinci halda təmsil yolu ilə vərəsə olurlarsa, irsi transmissiyada vəziyyət belə deyildir. Belə ki, irsi transmisiyada əsas məqamlar bunlardır:

1 Vərəsə miras açıldığı məqamda sağ olmalıdır. (Məhz bu element irsi transmissiyanın ana elementidir)

2 Miras qəbul edilənə qədər ölmüş olmalı, yəni mirası qəbul etməyə macal tapmamalıdır.

3 Transmisssar bunu yalnız transmitentin ölüm vaxtı belə hüququ olduğu təqdirdə alacaqdır. (qanunla və ya vəsiyyətnamə ilə mirasdan kənarlaşdırılmadı və ondan imtina etməmişdirsə)

4 İrsi ötürülmə, varislərinin vəfat etmiş vərəsənin yerinə ölən vərəsənin hüquqlarının yerinə yetirilməsini təmin edir.

5 Mirasın qəbul edilməsi hüququ tranmissara keçir. Ancaq statusu ilə adi bir vərəsəyə bərabər olduğundan, mirasdan imtina etmək hüququ var. Bu o deməkdir ki, irsi ötürülmə olduqda, ötürücünün mirasları qəbul etmək vəzifəsi yoxdur, əksinə hüququ var. Yəni həm, mirası qəbul etmək hüququ, həm də imtina etmək hüquq vərəsəlik üzrə keçir.


Bu zaman məhz yuxarıdakı misalı bu situasiyaya tədbiq etsək, vəziyyət dəyişəcək. Burada artıq, B mirası qəbul edənə qədər ölsə, bu hüquq onun vərəsəsi C-ə keçir. Lakin, C artıq babasının deyil, atasının vərəsəsi kimi iştirak edəcəkdir.

Türk Mədəni Qanunun (TMK) 580-ci maddəsində həmin məsələ tənzimlənir. Belə ki, bu maddəyə əsasən vərəsə olmaq üçün əsas şərt sağ olmaqdır. Miras açıldığı anda sağ olan vərəsə sonradan ölərsə, onun miras haqqı öz vərəsələrinə keçər. Bununla yanaşı türk qanunvericiliyində vərəsənin miras qoyandan əvvəl ölməsi halında da, vərəsənin yerinə öz altsoyu keçir. Buna “kök daxili xələflik” deyilir.

Mirasın qəbulu üçün müddətin qüvvədən düşmüş hesab edilməsinə baxmayaraq, hələ də MM-in 1252-ci maddəsində mirasın irsi transmissiya qaydasında qəbul edilməsi üçün müddət nəzərdə tutulmuşdur. Tutaq ki, vərəsə A miras açıldıqdan sonra mirası qəbul etməmiş ölür. Yəni A-nın ölümü mirasın açılmasından sonra amma qəbul edilməsindən əvvələ təsadüf edir. Bu halda həmin normaya əsasən həmin miras artıq A-nın vərəsələrinə keçir. A-nın vərəsələri isə mirası hansı ki A-nın qəbul müddətinin sonuna kimi qəbul edə bilərlər. Belə çıxır ki, bu müddət 3 aydan az olarsa, bir 3 ay da uzadılır. Burada irsi transmissiya qaydasında mirasın qəbulu üçün müddətin nəzərdə tutulması məqsədəuyğun deyildir. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenum Qərarında MM-in 1246-cı maddəsi qüvvədən düşmüş hesab edilmişdir.

Bundan əlavə, 1253.1-ci maddədə göstərilir ki, “vərəsə mirası irsi transmissiya qaydasında qəbul etməsə də, o mirası, yəni çatası payı əldə etmək imkanından məhrum olmur.” Göründüyü kimi qeyd edilən norma ilə irsi transmissiya üçün nəzərdə tutulmuş müddət məsələsi ziddiyyət təşkil etməkdədir. Beləliklə, hesab edirəm ki, irsi transmissiya qaydasında qəbul üçün də müddətin nəzərdə tutulmaması məqsədəmüvafiqdir.

Qeyd edilənlərdən əlavə, MM-in 1194-cü maddəsi göstərir ki, “məcburi payı tələb etmək hüququ vərəsəlik üzrə keçir”. Lakin, bir sıra ədəbiyyatlarda məcburi payın şəxsi xarakter daşıdığını və müstəsna hüquq olduğundan irsi transmissiya qaydasında keçmədiyi ifadə edir. Belə ki, məcburi pay məhz bu hüquqa məxsus olan vərəsə ilə bağlı olduğu və onun təmin olunması ilə əlaqədar hüquq olduğu bildirilir. İrsi ötürülmənin bu cür məhdudlaşdırılması, iradədən asılı olmayaraq müəyyən bir vərəsənin miras hesabına təmin edilməsi ilə əlaqəli mirasdakı məcburi payın sosial mahiyyəti və məcburi pay hüququnun müəyyən bir subyekti ilə əlaqədardır. Hesab edirəm ki, məhz şəxsi xarakteri ilə əlaqədar olaraq məcburi pay vərəsəlik hüququ üzrə keçə bilməz.

Aysu Nəbizadə,
Hüquqşünas




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2024