Mobil versiya
BU GÜN TÜRKİYƏ - AZƏRBAYCAN BİRLİYİ TƏKCƏ BÖLGƏ ÜÇÜN DEYİL, AVRASİYA ÜÇÜN ÖNƏMLİ AMİLƏ ÇEVRİLİB
Tarix: 20-02-2024 | Saat: 16:18
Bölmə:Özəl | çapa göndər

BU GÜN TÜRKİYƏ - AZƏRBAYCAN BİRLİYİ TƏKCƏ BÖLGƏ ÜÇÜN DEYİL, AVRASİYA ÜÇÜN ÖNƏMLİ AMİLƏ ÇEVRİLİB

Andiçmə mərasimində xarici siyasətimizin hədəflərindən söz açan, dövlət başçısı kimi ilk rəsmi səfərini ənənəvi olaraq qardaş Türkiyəyə reallaşdıran Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının gücləndirilməsinin vacibliyini bu sözlərlə ifadə edib: «Bizim başqa ailəmiz yoxdur.»

Bəzi ölkələrin, yaxud ölkələr qrupunun beynəlxalq ictimaiyyət funksiyalarını öz üzərinə götürmək, başqalarının adından danışmaq niyyətlərini təvazökarlıqdan uzaq cəhdlər adlandıran Prezident İlham Əliyev «Məhdud sayda olan hər hansı 20-30 ölkə beynəlxalq ictimaiyyət adından danışa bilməz, o ki qaldı bir ölkə, ümumiyyətlə, danışa bilməz» sözləri ilə fikrini tam ifadə edir.

Müstəqilliyinin ilk illərindən Azərbaycanın bütün dövlətlərlə qarşılıqlı əməkdaqlığa , biri-birinin daxili işlərinə qarışmamaq prinsipinə sadiqliyi beynəlxalq ictimaiyyət tərəfindən özünü doğruldan diplomatiya kimi daim dəstəklənir, ölkəmizin nüfuzu möhkəmlənir. Prezident İlham Əliyevin bu günlərdə işini başa vuran Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dövlət başçıları, nüfuzlu siyasətçilərlə, ekspertlərlə, şirkət rəhbərləri ilə aktual problemlərin həlli ilə bağlı keçirdiyi biri-birindən əhəmiyyətli görüşlər Azərbaycan diplomatiyasının uğurlu səhifələrindəndir. Türk dünyası ilə birlik və həmrəyliyinin möhkəmlənməsi isə xarici siyasətimizin əsas istiqamətlərindəndir.

Artıq ənənəyə çevrilən hər iki ölkənin dövlət başçılarının prezident seçkilərindən sonra qarşılıqlı olaraq Türkiyəyə və Azərbaycana səfərləri iki qardaş ölkənin sarsılmaz dostluq nümunəsi kimi dəyərləndirilir. Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də qardaş ölkəyə rəsmi səfəri dövlət başçımızın «Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır» sözlərinin həyatda təsdiqini tapmasıdır..
İllərin sınağından çıxan, bərkiyən, qırılmaz tellərlə bağlanan Türkiyə –Azərbaycan qardaşlığının əsl həmrəylik nümunəsi olduğunu təsdiqləyən tarixi məqamlar istənilən qədərdir. 15 sentyabr 1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik əsarətindən xilas etməsi, azərbaycanlıların Çanaqqala, Sarıqamış döyüşlərində türkiyəli əsgərlərlə düşmənə qarşı eyni cəbhədə vuruşmaları qardaşlıq nümunəsi idi.

Türkiyənin regionda güclənən mövqeyindən ehtiyatlanan qüvvələrin bir neçə il bundan əvvəl «Gezipark»da, Taksim meydanında, İstanbul Atatürk Hava Limanında törətdikləri terror aktlarını, təxribatları qanlı siyasət, mənfur niyyətlər kimi lənətləyərək qardaşlarına mənəvi dəstək olan Azərbaycan və türk xalqları birliyimizi dünyaya nümayiş etdirdilər.

Türk dünyasının öndərlərindən olan Mustafa Kamal Atatürkün « Millətin zəkasından qaynaqlanan gücü heç bir qüvvət dayandıra bilməz» sözlərinin hikmətini 15 iyul 2016-cı ildə xarici dairələrin planlaşdırdıqları dövlət çevrilişinə cəhdin qarsısını qətiyyətləri ilə alan türkiyəli qardaşlarının yanında olan Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin «Bir millət, iki dövlət» aforizminin əbədiliyini təsdiqlədi. Hərbi qiyamın qarşısının alınmasında milyonlarla insanın eyni məqsəd naminə ayağa qalxması, hakimiyyətə gəldiyi gündən xalqın maraqlarını əsas tutaraq fəaliyyətini dünya siyasətinə uyğun tənzimləyən Türkiyə ilə bu birlik əsrlərdən qaynaqlanan milli-mənəvi dəyərələrə sadiqlik idi. Bu səmimi qardaşlıq münasibətini 15 iyul hadisələri ilə bağlı keçirdiyi görüşdə mitinqlərdə kənar partiyaların, həmkarlar təşkilatlarının bayraqlarının gətirilməsini məğbul hesab etməyən cənab Rəcəb Tayyib Ərdoğan yalnız Şimali Kipr Türk Respublikasının və Azərbaycanın bayraqlarının dalğalanacağını bildirmiş, ölkəmizə qardaş münasibətini bu sözləri ilə ifadə etmişdir : « Azərbaycan bizim ailəmizin üzvüdür.» Hər iki xalq arasındakı dostluğun sarsılmazlığı artıq aforizmə çevrilən bu sözlərlə də ifadə olunur: «Türkiyə ilə Azərbaycan tək ürəkdir!», « Biz birlikdə güclüyük!», «Türkiyə ikinci Vətənimiz deyil, iki Vətənimizdən biridir!»
Liderlik fəaliyyətində demokratiyaya, insan hüquq və azadlıqlarının qorunmasına , hər kəsə fərdi yanaşma prinsipinə üstünlük verən Prezident Rəcəb Tayyib Ərdoğanın bölgələrə səfərləri zamanı insanlarla ünsiyyəti, şəhid ailələrinin ağrı- acısına həssaslıqla yanaşması, yoxsul ailələrə göstərdiyi humanitar yardımlar dövlət başçısının şəxsi keyfiyyətlərini əks etdirməklə onun əsl vətəndaş, təcrübəli rəhbər olmasını təsdiqləyir. Azərbaycan –Türkiyə Media Platformasının (ATMP) yaradılması isə türk dünyasına, islamofobiyaya qarşı aparılan təxribatlarla mübarizədə ideologi silah, körpü kimi özünü doğruldur. İki qardaş arasındakı humanitar sahədə əməkdaşlığın nümunəsi olan bu platformanın yaradılması isə hər iki qardaş dövlətin mənəvi körpüsü, informasiya mənbəyi, dezinformasiyalara və xarici mənbələrdən gələn qara piarlara qarşı birgə mübarizədə vahid strategiya, ideoloji silahdır.«Biz nə qədər güclü olsaq, bizim həqiqətlərimiz də bir o qədər üstün olacaqdır. O qədər də bizim sözümüzü eşidəcəklər» söyləyən Prezident İlham Əliyevin sözlərini 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki siyasi qüdrətimiz, hərbi gücümüz təsdiqlədi. Türkiyədə və Azərbaycanda sabitliyi pozmağa çalışanların qarşısı hər iki xalqın birliyi ilə alındı.

Vətən müharibəsindən sonra Bakıda keçirilən Zəfər paradında, Füzuli, Artvin-Rizə Beynəlxalq Hava limanlarının açılışlarında Azərbaycanda, İzmirdə, İstanbulda keçirilən, «TEKNOFEST»in festivallarında Prezident İlham Əliyevlə həmkarı Rəcəb Tayyib Ərdoğanın qoşa dayanmalarından təşvişə düşənlər bu gücün güdrətini heç zaman unutmamalıdırlar. Şuşada Müttəfiqlik Bəyannaməsinin imzalanması mərasimində isti münasibətləri təsdiqləyən hər iki dövlətin başçılarının çıxışları əlamətdar hadisə kimi tarixə yazıldı. «Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, 100 il bundan əvvəl imzalanmış Qars müqaviləsinə istinad edilən Şuşa Bəyannaməsi o deməkdir ki, hər iki dövləti dəmir yolu , avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışılır, bu dəhliz əməli işlərlə yaradılır. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacaqdır.
Ötən ilin fevralında qardaş ölkənin bir neçə bölgəsində baş verən zəlzələnin dəhşətli fəsadlarının aradan qaldırılmasında səfərbər olan Azərbaycan xalqı yenə də haraya ilk çatan qardaş oldu.

«Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Ancaq bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır. Yenə də deyirəm, həm Türkiyədən, həm Azərbaycandan, həm digər ölkələrdən gələn xilasedicilər çox böyük iş görürlər…Yəni, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir» sözləri ilə xalqımızın dəstəyinin davamlı olacağını bildirən Prezident İlham Əliyev bu vədinə də sadiq qalıb. Ölkəmizin dəstəyi ilə Türkiyənin Kahramanmaraş vilayə­tində, ümumi sahəsi 32 hektar təşkil edən, 71 yaşayış binasının, sosial obyektlərin inşa olunduğu “Azərbaycan” yaşayış məhəlləsi”ndə tikinti işləri sürətlənir.”

Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə bu gün Türkiyə sürətlə inkişaf edir. Gücünə güc qatır. 28 may 2023-cü il bütün türk dünyası üçün birlik, həmrəylik bayramı kimi tarixə yazıldı. Həmin gün Türkiyədə ikinci turu keçirilən prezident seçkilərini öz maraqlarına uyğun məkrlə izləyən bəzi dövlətlər türk xalqından daha həyəcanlı idilər. Dünyanın düzənini sahmana salacaq siyasətin kimlər tərəfindən idarə ediləcəyi iddiasında olanların eyniləşən, bəzən ziddiyət təşkil edən ehtimalları seçki qutusundan çıxan nəticələrlə bəlli oldu. Türk xalqı bu dəfə də tarixin sınağından alnı açıq çıxdı. Qazanan ədalət, xalqın sarsılmaz iradəsi, milyonların qətiyyəti oldu. Bütün rəqiblərinə qalib gələn Rəcəb Tayyib Ərdoğanın uğuruna sevinən Azərbaycan xalqı növbəti dəfə islamofobiya, türkofobiya müəlliflərinə qardaşlığın sarsılmazlıq nümunəsini göstərdi. «Dünya beşdən ibarət deyil!» müdrik kəlamı ilə beynəlxalq aləmdə böyük nüfuz sahibi olan Prezident Rəcəb Tayyib Ərdoğan seçkidə qazandığı Qələbəsini ona etimad göstərən xalqının birlik və həmrəylik nümunəsi kimi dəyərləndirdi. Bu sevincə də ilk qoşulan Azərbaycan xalqı oldu.
Azərbaycan –Türkiyə qardaşlığının növbəti xoş sədası Nyu-Yorkda eşidildi. BMT Baş Assambleyasının 78-ci sessiyasındakı çıxışında Azərbaycanla bağlı qətiyyətini «Qarabağ Azərbaycan torpağıdır, bunun xaricində heç bir status qəbul edilməyəcək» söyləyən Rəcəb Tayyib Ərdoğanın bu sözləri Ermənistana , onun havadarlarına ulularımıza xas paşa qətiyyəti idi. Bugünkü Türkiyənin iqtisadi, hərbi qüdrətinin ifadəsi bunlardır: «Akınçı», «Qızılalma», «Altay»” «Togg»”, «Anadolu. «Akınçı»nın Azərbaycana gətirilməsi də qardaşlığın bir nümunəsidir. Son illərdə Azərbaycanla Türkiyənin siyasi, iqtisadi, hərbi qüdrətindən, iki qardaş arasında möhkəmlənən münasibətlərdən narahat olanlara cavab Prezident İlham Əliyevin «Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər. Əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq üçün, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayrıcı xətlər müşahidə olunur. Biz o ayrıcı xətləri çəkməmişik, biz bu ayrıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayrıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq! Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik» sözləridir. Prezident İlham Əliyev qətiyyətlə vurğulayır ki, bizim siyasətimiz böyük coğrafiyanı əhatə edən, hərbi gücü, iqtisadi inkişafı, təbii sərvətləri, nəqliyyat yolları ilə böyük əhəmiyyətə malik, gəncləşən, əhalisi artan, eyni kökdən qaynaqlanan türk dövlətlərinin birliyinə, həmrəyliyinə xidmət edir..

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-01-2025