Mobil versiya
Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi
Tarix: 19-02-2024 | Saat: 17:47
Bölmə:Siyasət / Özəl | çapa göndər

Ermənilərin məqsədi Xocalını yer üzündən birdəfəlik silmək idi

1992-ci ildə baş vermiş Xocalı qırğınını təkcə Azərbaycan xalqına qarşı yönəlmiş cinayət əməli kimi qiymətləndirmək düzgün olmaz. Bu, bəşəriyyətin tarixində törədilmiş və bütün insanlığa qarşı yönəlmiş ən ağır və qanlı cinayətlərdən biridir. Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədləri bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Beləliklə, Erməni işğalından sonra Xocalıda bütün maddi mədəniyyət abidələrinin məhv ediliməsi, dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Məlum olduğu kimi, Xocalı faciəsinə ilk dəfə məhz Ümummilli Lider Heydər Əliyev siyasi qiymət verib. 1994-cü ildə Ulu Öndərimizin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisinin qəbul etdiyi Qərara əsasən 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib. Bu gün isə bu faciə ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və günahkarların layiqli cəzalandırılması istiqamətində Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə məqsədyönlü iş aparılır. Artıq İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olması öz təsdiqini tapıb. Həmçinin Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.

Lakin bütün bu tədbirlərlə yanaşı, Azərbaycan təkcə Xocalı qurbanlarının deyil, həm də bütün şəhidlərimizin qanını 2020-ci ildə döyüş meydanında düşməndən aldı. Həmin ilin sentyabr-noyabr aylarında rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı II Qarabağ müharibəsini tarixi Zəfərlə başa vuraraq Vətən torpaqlarını azad etdi. Keçən il isə, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev işğaldan azad edilmiş bütün ərazilərdə olduğu kimi, qədim Azərbaycan şəhəri olan Xocalıda da müqəddəs bayrağımızı qaldırdı. Bu gün isə, əlləri dinc azərbaycanlıların qanlarına bulaşmış erməni qatillərindən bir çoxu artıq Azərbaycan qanunları qarşısında cavab verir. Heç bir şübhə yoxdur ki, bu aqibət Xocalı qətliamının, eləcə də xalqımıza qarşı törədilmiş başqa cinayətlərin bütün digər iştirakçılarını da gözləyir.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024