Mobil versiya
Gənclik yeni tariximizin formalaşmasında önəmli rol oynayır
Tarix: 31-01-2024 | Saat: 12:19
Bölmə:Siyasət / Özəl | çapa göndər

Gənclik yeni tariximizin formalaşmasında önəmli rol oynayır

Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətdə olduğu hər iki dövrdə gənc nəslə diqqət və qayğının göstərilməsini, gəncliyin potensialının xalqın rifahına, ümummilli mənafelərə xidmətə yönəldilməsini hər zaman dövlət siyasətinin vacib hissəsi kimi diqqət mərkəzində saxlayıb. Hələ 1970-1980-ci illərdə Ümummilli Lider Azərbaycan gənclərinin keçmiş Sovetlər birliyinin ən qabaqcıl ali təhsil müəssisələrində oxumaları üçün böyük səylər göstərirdi. Bu siyasət Ulu Öndərimizin 1993-cü ildə xalqın təkidli tələbi ilə respublikada yenidən hakimiyyətə qayıdışından sonra daha böyük uğurla davam və inkişaf etdirildi. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Ulu Öndər Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə keçirdiyi görüşlər, həmin gənclərə “Prezident təqaüdü”nün verilməsi barədə qəbul etdiyi qərar Ümummilli Liderimizin gənclərin təhsilinə göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir.

Ulu Öndər Heydər Əliyevin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra, 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ümummilli Lider gənclər qarşısında tarixi bir vəzifə qoyaraq belə demişdir: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.” Bu tarixi hadisədən bir il sonra, 1997-ci ilin fevral ayının 2-də Ulu Öndər tərəfindən imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilir.

Bu gün ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində Heydər Əliyev strateji kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin inamla həyata keçirdiyi dövlət siyasəti Azərbaycan gənclərinin hərtərəfli inkişafını nəzərdə tutur. Dövlət başçısının gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişmələrinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri bu siyasətin müdrik uzaqgörənliklə gələcəyə dəqiq hesablandığını sübut edir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.

Cənab Prezident İlham Əliyev Azərbaycan gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərir. Dövlət başçısının imzaladığı 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsinin təsis edilməsi də bu qayğının növbəti bariz təzahürü oldu. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Yenə də gənclərimizin hərtərəfli inkişafının və onların karyera yüksəlişlərinin təmin olunması məqsədilə 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) fəaliyyətə başlayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin 2019-cu il tarixli 1 oktyabr tarixli Sərəncamına əsasən ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb. Bu gün artıq respublikanın 55 şəhər və rayonunda Mərkəzin nümayəndəlikləri uğurla fəaliyyət göstərirlər.

Artıq dördüncü ildir ki, Azərbaycan qalib dövlət olaraq öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır. Azərbaycan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə sayəsində özünün ərazi bütövlüyünü bərpa edib, 30 ilə yaxın işğal altında olan torpaqlarını geri qaytarıb. Heç şübhəsiz, bu böyük Zəfərin əldə olunmasında vətənpərvər Azərbaycan gəncliyi müstəsna rol oynadı. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimizin fədakarlığı sayəsində tarixi Zəfər əldə olundu. Bu Qələbədə Azərbaycan gəncliyinin rolunu yüksək dəyərləndirən və xüsusi qeyd edən dövlət başçımız bununla bağlı deyib: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.” Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycanda yüksək vətənpərvər ruhlu gəncliyin formalaşması əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən Gənclər siyasəti sayəsində təmin edilir.

Lütvəli Şıxəliyev,
Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-11-2024