Mobil versiya
AŞPA ERMƏNİ MARAQLARINA XİDMƏT EDƏN BİR QURUMA ÇEVRİLİB!
Tarix: 25-01-2024 | Saat: 18:52
Bölmə:Özəl | çapa göndər

AŞPA ERMƏNİ MARAQLARINA XİDMƏT EDƏN BİR QURUMA ÇEVRİLİB!

Azərbaycanın regionda yaratdığı yeni siyasi reallıqlar mühüm nəticələrə yol açıb. Atılan və qarşıdakı mərhələ üçün nəzərdə tutulan addımlar iqtisadi-siyasi lideri statusunda çıxış etdiyimiz Cənubi Qafqazda erməni separatizmini sona çatdırıb, bölgənin qlobal münasibətlər sistemində müstəqil regional subyekt kimi çıxışını təmin edib, ən əsası isə bəzi imperialist maraqların regiona uzanan əllərini kəsib. Bu isə özündə qlobal güclərin bölgəyə yönəlik davranışlarında korrektləri ehtiva edir. Təbii ki, Azərbaycanın yeni geopolitik mərhələ formalaşdırması qeyd edilən imperialist güclərin, xüsusilə Vətən müharibəsindən və antiterror tədbirlərindən sonra Bakıya qarşı münasibətlərində rəngləri daha da tündləşdirən Qərb kontingentinin maraqları ilə uzlaşmır. Ermənilər vasitəsilə bölgəyə nüfuz etmənin yeni istiqamətlərini "müəyyənləşdirməyə" çalışan Avropa bu məsələdə əsl keçilməz səddə çevrilən Azərbaycanın qətiyyəti ilə qarşılaşıb. Bu səbəbdəndir ki, yeni mərhələdə ölkəmizə qarşı ikili standartlara söykənən "siyasi təzyiq" formalarına "müraciətlər edilir". Ölkəmizə qarşı diplomatik müstəvidə hücumların biri digərinin ardınca gəlir və ədalətsiz şəkildə edilən bu fasiləsiz hücumlar əlbəttə ki, təəccüb hissi doğurur. Hər halda, Avropa Şurası Parlament Assambleyasının, yəni AŞPA-nın da Azərbaycan əleyhinə qərəzli mövqe sərgiləməsi, ikili standartlarla ölkəmizə yanaşması başqa bir hiss doğura da bilməz. Çünki Azərbaycanın hüquqi, qanuni yolla və beynəlxalq normaları pozmadan öz ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi, ələlxüsus da öz ərazisində terrorçuluğun, separatçılığın kökünü kəsməsi bu yekəlikdə bir qurum tərəfindən qərəzli şəkildə deyil, təqdirəlayiq qarşılanmalı idi.Amma görürük ki, AŞPA bunun əksinə olaraq, Azərbaycanın səsini dondurmaq təşəbbüsü ilə çıxış edir və bu həmin təşkilat üçün çox utancvericidir.
Sözsüz ki, Azərbaycanın səsinin dondurulması təşəbbüsü ilə AŞPA-nın çıxış etməsinin səbəbi var, bu, artıq hamıya bəllidir. Hamıya bəllidir ki, Azərbaycan bir müstəqil, suveren dövlət olaraq, müstəqil də siyasət yürüdür. Məsələn, Ermənistan kimi, guya müstəqil olan dövlətdən tamamilə fərqli olaraq, heç bir qüvvənin, heç bir təşkilatın, heç bir fövqəl dövlətin belə tapşırığı ilə hərəkət etmir, heç bir asılılığı da yoxdur. Məhz elə bu fonda da çoxdandır müşahidə edilir ki, Azərbaycanın belə bir mövqeyi heç də hamını qane etmir. Əksinə, bir çoxlarını narahat edir. Hətta bunun qıcıq doğurduğunu belə desək, yanılmarıq. Hər halda, rəsmi Bakıya qarşı ədalətsiz yanaşmalar özü də deyilənləri təsdiq edir. Müxtəlif sanksiyalar hədəsi, yaxud hansısa vasitələrə əl atmaqla qorxutmaq istəyi hansısa dairələrdə təsir variantı kimi qəbul edilir, baxmayaraq ki, bunların heç birini ölkəmiz, dövlətimiz heç hesaba da almır. Ona görə ki, əvvəla bunlar əsassızdır, qərəzli yanaşmadır və heç bir mahiyyət də kəsb edə bilməz. Digər tərəfdən də hər birinin, hər bir təklifin, təşəbbüsün belə ancaq kağız üzərində qalacağı da çoxdan bəllidir. Yəqin ki, AŞPA dediyimiz qurumun bu vaxta qədər hansısa qərarının real müstəvidə hansısa proseslərə təsir etdiyinin müşahidə edilməməsi fonunda nə demək istədiyimiz hər kəsə aydındır. Maraqlıdır, Azərbaycanın torpaqlarının erməni separatçıları, terrorçuları tərəfindən işğal edilməsinə, ərazilərinə təcavüz edilməsinə, silahlı hücum, ölüm, əsirlik və işgəncə təhdidi fonunda azərbaycanlıların öz doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmasına, didərgin düşmələrinə görə AŞPA nə etdi ki, indi hansısa iddia ilə atılıb düşüb ortaya? Xalqımıza məxsus ərazilərin düz 30 il müddətində işğal altında qalmasına göz yuman həmin bu qurum sonradan sülh təşəbbüsü ilə də olsa çıxış etdimi? Etmədi.
Amma digər beynəlxalq təşkilatların, eləcə də həmin bu təşkilatın da sülh təşəbbüsü ilə çıxış etməsini, münaqişənin həllinə töhfə verməsini ölkəmiz, xalqımız səbrlə çox gözləməli oldu. Fəqət heç bir gözlənti özünü doğrultmadı. Onillər boyu torpaqlarımız işğal altında qaldı, məcburi köçkünlər də öz ata-baba yurdlarından kənarda yaşamaq məcbuyyətində oldular. Artıq keçmişdə qalan problemi də Azərbaycan öz gücü, öz potensialı hesabına həll etdi və həm torpaqlarını işğaldan azad etdi, terrorçulardan təmizlədi, həm suverenliyini tam bərpa etdi, həm də məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması təmin edilməkdədir. Bunun üçün əvvəla, ermənilər tərəfindən basdırılan minalardan ərazilərimiz təmizlənir, həm də ermənilərin dağıtdıqları infrastruktur tamamilə bərpa edilir, hətta bir çox ərazilərimizdə yenidən qurulur, yaşayış məskənləri, şəhərlər, kəndlər salınır. Bununla yanaşı, rəsmi Bakı çoxdandır sülh təşəbbüsü ilə çıxış edir və Ermənistan tərəfinin cavabını gözləyir. Yaxşı, bəs sülh təşəbbüsünü irəli sürən ölkəmizdən indi nə istənilir və Azərbaycanı hədəfə almaq hansı normalara sığışa bilər? Bunun adı qərəzdən başqa nə ola bilər axı?

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025