Mobil versiya
Şəhidlik şərəfi
Tarix: 23-01-2024 | Saat: 10:52
Bölmə:Özəl | çapa göndər

Şəhidlik şərəfi

Tariximizə hünər, qeyrət, şərəf səhifəsi kimi daxil olan 44 günlük haqq savaşımızda qazandığımız qələbə ilə düşmən barışmaq istəmirdi. Separatçı qruplarının ölkəmizə qarşı dəfələrlə törətdiyi təxribatlar bunu çox aydın şəkildə göstərirdi. Məhz buna görə də şanlı ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi 19-20 sentyabr 2023-cü il tarixində altında lokal antiterror əməliyyatını keçirtdi. Nəticədə 24 saatlıq döyüşlərdə ordumuz tərəfindən məhv edilən erməni dığaların bütün arzuları ürəyində qaldı. Azərbaycan isə növbəti tarix qələbəsi ilə ərazi bütövlüyünün bərpasına nail oldu. Müzəffər Ali Baş Komandan və şanlı ordumuzun bu, haqq savaşında son damla qanına qədər vuruşub canını Vətənə fəda edən qəhrəman oğullar da çoxdur. İndi adı özündə xalqın qəhrəmanlıq simvolunu yaşadan belə Vətən sevdalıları arasında Masallı rayonu, Ərkivan qəsəbə ərazisinin Allahyarlı kəndində dünyaya göz açan şəhid Ramil Habil oğlu Məmmədov vardır. Ramil 19 yaşında şəhidlik şərbətini daddı. Məhz buna görə də ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır.
Təmiz ürəkli, vicdanlı, olduqca qeyrətli gənc olan Ramil Məmmədov 2023-cü il yanvarın 24-də ordu sıralarına yollanıb. Yüksək fiziki hazırlığı ilə fərqlənən Ramil Hərbi Dəniz Qüvvələrinin (HDQ) 1-ci dəniz piyadaları taborunda xidmət edir. Çox qisa bir zamanda komandirlərin sevimlisinə çevrilir, ətrafında olanların məhəbbətini qazanır. Təlim və məşğələlərdə, idman və atışlarda, döyüş məşvərət toplanışlarında heç kimdən geri qalmır, bütün sınaqlardan uğurla keçir. Cəsurluğu, çevikliyi, vətənpərvərliyi onu həmişə diqqət mərkəzində saxlayır . Vətənə sevgi, düşmənə nifrət onun həyat amalı olur. 2023-cü il 19 sentyabr tarixində Qarabağ bölgəsində həyata keçirilən qısamüddətli lokal antiterror tədbirlərinə könüllü qatılır, odlu-alovlu səngərlərdə yağı düşmənə qan qusdurur. Sentyabrın 19-da, axşam üstü döyüş meydanında yanına düşən mərmi qəlpəsindən şəhidlik zirvəsinə ucalır.
Ramilin bölük komandiri, baş leytenant Tural Həsənli deyir:- Harada idiksə, Ramil də bizimlə idi – çətin relyefli ərazilər, dağ-dərə. Vətən naminə ona həvalə olunan tapşırığı sakitcə, dəqiq, vaxtında yerinə yetirirdi. Həm də o, bilirdi ki, düşmən hələ Vətən torpaqlarını diş qıcıyır. Onun axırına çıxmaq üçün təlimlərdə nə qədər çox əziyyət çəksək, bir o qədər üstünlüyə sahib olarıq. Və belə də oldu, düşməni xalqımıza məxsus torpaqlardan tam qovduq. Ramil heç vaxt qorxu bilməz, canavar kimi döyüşkən idi. Həmişə öndə getməyə can atırdı. Ağdam rayonunun Xanabad kəndi istiqamətindəki hakim yüksəklikləri ələ keçirməli idik, Ramilin qanı bahasına buna nail olduq. Belə qəhrəmanlar torpağa gömülmür, köç etdikləri yer könüllər olur . Ramil indi təkcə Məmmədovların deyil, bütöv Azərbaycanın oğludur.
Respublika Prezidenti İlham Əliyevin 07 noyabr 2023-cü il tarixli Sərəncamı əsasında Azərbaycanın ərazi bütövlüyünün təmin olmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifəsini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyi üçün şəhid matros Məmmədov Ramil Habil oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” medalı ilə təltif edilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-01-2025