Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan bundan sonra həm iqtisadi, həm də hərbi gücünü daha da artırmalıdır”
Tarix: 11-01-2024 | Saat: 16:16
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan bundan sonra həm iqtisadi, həm də hərbi gücünü daha da artırmalıdır”

“Düşünürəm ki, Ölkə Prezidenti cənab İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsində Azərbaycan ictimaiyyətini ən çox maraqlandıran məqamlardan biri də ötən il ölkəmizdə baş verən önəmli, tarixi hadisələrin mahiyyəti ilə bağlı təqdim olunan açıqlamalar oldu. Əlbəttə ki, 2023-cü ilin ən mühüm hadisələrindən biri də “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması idi. Hamımız bu hadisədən dərhal sonra ölkəmizə qarşı hansı təzyiqlərin başalnıldığını, “Qarabağda humanitar böhran yaradılır” kimi absurd ittihamların səsləndirildiyini yaxşı xatırlayırıq. Həmin dövrdə Xankəndidə separatçıların hələ də mövcudluğu vəziyyəti bir qədər də kəskinləşdirirdi. Azərbaycanın 2020-ci ildə Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra hələ də tamamlanmamış və öz həllini gözləyən vacib məsələlərdən biri də məhz Laçın dəhlizi ilə bağlı idi. Azərbaycan dövlətindən guya ki, humanitar məqsədlərlə fəaliyyətinə razılıq alınmış bu yolun əslində ölkəmizə qarşı terror və diversiyalar həyata keçirmək üçün yeni bazaların yaradılması məqsədilə istifadə olunduğu çox tez aşkar edildi. Bundan sonra Azərbaycan Laçın dəhlizinə nəzarəti özünə qaytarmaqla bağlı məsələ qaldırdı. Dövlət başçımız öz müsahibəsində xüsusi vurğuladı ki, həmin vaxt Rusiya tərəfinə beş dəfə ən yüksək səviyyədə müraciət edilmişdi ki, yola birlikdə nəzarət həyata keçirilsin. Lakin buna razılıq verilmədi. Nəhayət aprel ayının 23-də Azərbaycan cəmi bir neçə saat ərzində Həkəri çayının üzərindəki körpüdə öz postunu yerləşdirdi və buna etiraz edən qüvvələrin bütün cəhdlərinə rəğmən ordan bir daha çəkilmədi. Bununla da Qarabağa qanunsuz silahların, sursatların, minaların və canlı qüvvənin daşınması və göndərilməsi artıq mümkünsüz oldu. Həqiqətən də 23 aprel hadisələri çox önəmli bir tarixdir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün məhz 23 aprel tarixində tam bərpa edildiyini vurğulamışdır.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Həmçinin deputat bunu da qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycanı ötən ilin sentyabr ayında antiterror tədbiri keçirməyə məcbur edən amillər barədə təqdim etdiyi detallı açıqlamalar ölkəmizin bu qələbəsini hələ də qəbul etməyən və ona kölgə salmağa çalışan qüvvələrin qərəzli mövqelərdən çıxış etdiklərini bir daha sübuta yetirmiş oldu: “Azərbaycan dövləti II Qarabağ müharibəsi başa çatdıqdan sonra dəfələrlə bəyan etmişdi ki, bizim məqsədimiz yalnız ölkənin suverenliyini tam bərpa etməkdir və işğaldan azad edilmiş ərazilərdə yaşayan erməni əhalisi vahid Azərbaycan dövləti çərçivəsində rahat və təhlükəsiz yaşaya bilərlər. Əlbəttə ki, bu təklif Qarabağda yaradılmış qondarma separatçı rejimə şamil edilə bilməzdi. Lakin kimlərsə Xankəndidəki separatçıları, terrorçuları inandırmışdı ki, onlar sona qədər orada öz istədikləri kimi fəaliyyət göstərə biləcəklər. Təbii ki, bu, bəzi beynəlxalq aktorlar tərəfindən oynanılan çox mənfi rol olmuşdu. Ermənistana və separatçılara müəyyən dəstək mənası daşıyan mesajların verilməsi onlarda belə bir fikir yaratmışdı ki, bu vəziyyət sona kimi davam edə bilər. Hətta bu arxayınlıq elə bir həddə çatdırılmışdı ki, ötən ilin sentyabr ayının 2-də Ermənistanın baş naziri Paşinyan separatist rejimə “müstəqillik günü” münasibətilə təbrik məktubu göndərimişdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu, həm qırmızı xəttin pozulması idi, həm də ki, ümumiyyətlə, çox təzadlı bir addım idi. Çünki ondan qabaq Ermənistanın baş naziri Qarabağı Azərbaycan torpağı kimi rəsmən tanımışdı və bunu dəfələrlə bəyan etmişdi. Sentyabrın 9-da isə Xankəndidə məlum qanunsuz seçkilər keçirildi və bu da ikinci qırmızı xətt oldu. Artıq Azərbaycanın öz suverenliyini bərpa etməsi üçün silah işlətməkdən başqa yolu qalmamışdı. Antiterror əməliyyatı 23 saatdan da az müddət ərzində tamamlanmışdır. Erməni hərbi birləşmələrində olan təqribən 15 minə yaxın hərbçi tez bir zamanda təslim oldular. Bu hadisələrin gedişatı bir daha onu göstərdi ki, Azərbaycanla hədə-qorxu dili ilə danışmaq mümkün deyil. Təəssüflər olsun ki, artıq Ermənistanın özünün belə yaranmış yeni reallıqları qəbul etdiyi bir vaxtda, bəzi Qərb ölkələri hələ də Azərbaycanın keçirdiyi antiterror əməliyyatının nəticələrini qəbul etmək istəmirlər. Dövlət başçımızın öz müsahibəsində təqdim etdiyi detallı açıqlamalar bir daha sübut edir ki, bu yanaşma yalnız ölkəmizə qarşı qərəzli mövqeyin, qısqanclığın və ikili standartlar siyasətinin bariz göstəricisidir.”

Sonda N.Aslanov dövlət başçısının qarşıda duran vəzifələr barədə ifadə etdiyi fikirlərin əslində Azərbaycanın perspektiv inkişaf konsepsiyasının tərkib hissəsi olduğunu vurğulayaraq bunları deyib: “Öz müsahibəsində cənab Prezident İlham Əliyev birmənalı olaraq bildirdi ki, Azərbaycan artıq yeni dövrə qədəm qoymuşdur və bu dövrün yeni hədəfləri olmalıdır. Dövlət başçısı xüsusi olaraq vurğuladı ki, Azərbaycan cəmiyyətində heç bir halda sakitləşmə ovqatı yaradılmamalıdır. Biz hər zaman çox ayıq olmalıyıq, çünki ölkəmizə qarşı olan hərəkətlər, bundan sonra da davam edəcək. Azərbaycan elə bir Zəfər çalıb ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir. Buna görə də ölkəmizə qarşı ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdləri də bu məqsədi daşıyır ki, Azərbaycanı daim gərginlikdə saxlasınlar. Xüsusilə Fransanın siyasəti Qafqazda gərginliyin artmasına səbəb olur və bu siyasət Ermənistanda yersiz illüziyalar yarada bilər ki, nə vaxtsa onlar Qarabağı yenidən bizdən qopara bilərlər. Məhz bütün bunları nəzərə alan cənab Prezident bir daha bildirdi ki, cəmiyyətdə sakitləşmə olmamalıdır. Azərbaycan qurmalıdır, yaratmalıdır, özünün daha parlaq gələcəyinə doğru yoluna inamla davam etməlidir və əlbəttə ki, həm iqtisadi, həm də hərbi gücünü daha da artırmalıdır” – deyə, Novruzəli Aslanov fikirlərini başa çatdırıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə