Mobil versiya
“Uşaq hüquqlarının müdafiəsi” dövlətimizin prioritet vəzifələrindəndir
Tarix: 04-11-2023 | Saat: 16:03
Bölmə:Siyasət / Özəl | çapa göndər

“Uşaq hüquqlarının müdafiəsi” dövlətimizin prioritet vəzifələrindəndir

1989-cu il noyabrın 20-də BMT tərəfindən qəbul edilən Uşaq hüquqları Konvensiyası uşaqların hüquqlarının qorunması sahəsində hazırlanmış ən mükəmməl beynəlxalq sənəddir. Hazırda demokratik ölkə olan Azərbaycan da 1992-ci ildən bu Konvensiyaya qoşulmuş 189 ölkənin sırasındadır. Ümumiyyətlə, uşaq hüququnu qorumaq üçün ilk təşəbbüs 1924-cü ildə Millətlər Cəmiyyətinin hazırladığı “ Cenevrə ” bəyənnaməsi ilə yaranmışdır. 1959-cu ildə isə BMT Baş Məclisi “Uşaq Hüquqları Bəyannaməsini” qəbul etmişdir. Lakin Bəyannamənin hüquqi qüvvəsi olmadığından 1979-cu ildən təşkilat bu işin həlli ilə bağlı xüsusi İşçi qrupu yaradaraq, 1989-cu il noyabrın 20-də rəsmi şəkildə BMT-nin Uşaq Hüquqları Konvensiyasını qəbul etmişdir. Sənəd 1990-cı ildə 20 dövlətin razılığı ilə qüvvəyə minmişdir. Sonrakı mərhələdə isə bütün dövlətlər Konvensiyaya qoşuluraq, onun prinsip və öhdəliklərini dəstəkləmişlər. Konvensiyanın prinsipi əsasən uşaq şəxsiyyətidir. Konvensiya bu işə qoşulmuş ölkələri uşaqlara, öz vətəninin sosial-iqtisadi həyatında daha yaxından iştirak etmək üçün şərait yaratmağa çağırır. Burada əsas məqsəd uşaqların xoşbəxt böyümələri, həmçinin onların rifahı naminə göstərilən hüquq və azadlıqlardan istifadəni təmin etmək, uşaqlar arasında ayrı-seçkiliyə yol verməməkdir. Uşaqlar irqindən, dinindən, dərisinin rəngindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətlərindən asılı olmayaraq öz hüquqlarından istifadə etməlidirlər. Konvensiyada bu hüquqlar müəyyən formada qruplaşdırılmayıb. Lakin şərti olaraq bu hüquqları dörd qrupa bölmək olar. Bunlar – yaşamaq hüququ qrupu, inkişaf hüququ qrupu, müdafiə hüququ qrupu və iştirak hüququ qrupudur. Bu hüquqlar qrupu, dövlətləri uşaqlara gücləri çatdığı qədər cəmiyyətin həyatında yaxından iştirak etmək üçün şərait yaratmağa, onların şəxsiyyət olaraq yetişməsini təmin etməyə çağırır. Konvensiyanın bu qədər mühüm əhəmiyyət kəsb etməsi bir də onunla izah olunur ki, o özündə gələcəyi əks etdirir. Uşaqlara məhəbbətlə yanaşan cəmiyyət onların qabiliyyətlərini tam aça bilməyə şərait yaratmaqla, onların azadlıqlarının təmin edilməsini dəstəkləyir. İntellektual, mədəni, əxlaqi və mənəvi qabiliyyətlərini inkişaf etdirmək üçün uşağa hər bir şərait yaradılır. Burada da hər bir ölkənin gələcək taleyi indiki uşaqların əlindədir prinsipinə əsaslanır. Ölkəmiz isə bu konvensiyaya 1992-ci il iyulun 21-də üzv olmuşdur. Sonralar isə həmin sənədin müvafiq protokollarına qoşulub və bu konvensiyadan irəli gələn hər bir məsələnin həllinə çalışılır.
Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir. Əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi dövlət uşaq siyasəti milli strategiyaya çevrilib. Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil və yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.
Azərbaycanda həmişə uşaqlara məhəbbətlə yanaşılıb, onların sağlam və gümrah, eyni zamanda savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradılır. Hətta müstəqilliyimizə çox mürəkkəb ictimai-siyasi və hərbi vəziyyətdə nail olmağımıza baxmayaraq, dövlətimiz üçün uşaq hüquqlarının müdafiəsi hər zaman prioritet olub. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin qoşulduğu ilk beynəlxalq sənədlərdən biri “Uşaq Hüquqları haqqında Konvensiya”dır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artırılmasına səbəb olmuşdur. Xüsusilə də “Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq” devizini irəli sürən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” və “Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidənqurulması” layihəsi çərçivəsində 100-dək körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur. Uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, “Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi”, “Təhsilə dəstək” və “İnklüziv təhsil” proqramlarının həyata keçirilməsi Fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır. Fondun prezidenti kimsəsiz və yetim uşaqlara, fiziki sağlamlığında problemi olanlara xüsusi yardım göstərir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri cəmiyyətin diqqətinin uşaqların sağlamlığına yönəldilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.
Ədliyyə Nazirliyi tərəfindən xüsusi qayğıya ehtiyac olan uşaqlara mütəmadi baş çəkilir, görüşlər keçirilir, xeyirxah tədbirlər, mədəni yığıncaqlar təşkil edilir. Həmçinin Nazirlik tərəfindən uşağın ilk rəsmi sənədinin-doğum haqqında şəhadətnamənin alınması xüsusi nəzarətdə saxlanılır. Doğumun dövlət qeydiyyatına alınması üçün ananın ünvanına Qeydiyyat şöbəsi tərəfindən bildiriş göndərilərək doğumun dövlət qeydiyyatına alınmasının məcburiliyi, bir ay ərzində qeydə alınmasının zəruriliyi diqqətə çatdırılır.
Ölkəmizdə UNICEF-in Azərbaycandakı nümayəndəliyi və Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə  “Uşaqların Ədliyyəyə çıxışı”, “Uşaq yönümlü Ədliyyə” mövzusunda mütəmadi olaraq seminarlar təşkil olunur. Tədbirin keçirilməsində əsas məqsəd yetkinlik yaşına çatmayanların müdafiəsi və sosial-psixoloji reabilitasiyası zəruriliyi olmuşdur.
Son illərdə milyonlarla azərbaycanlı uşağın həyatının yaxşılaşdırılmasına, yoxsulluq səviyyəsinin, ölüm hallarının azalmasına, məktəbə gedən uşaqların sayının artmasına, uşaqların və anaların sağlamlığının yaxşılaşdırılmasına əhəmiyyətli diqqət göstərilir.
Uşaq hüquqlarının müdafiəsi yalnız bir dövlətin deyil, beynəlxalq birliyin, vətəndaş cəmiyyətlərinin, həmçinin siyasi və sosial qüvvələrin birgə səyləri nəticəsində mümkündür. Əgər ailə dövlətin kiçik modelidirsə, uşaqlar da ailənin özəyidir. Uşaq hüquqlarının təmin olunması valideynlərlə yanaşı, dövlətin də qarşısında duran əsas məqsədlər sırasındadır.
Uşaq ailənin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir. Çalışmalıyıq ki, onların məsumluğunu, təbəssümünü, xoşbəxtliyini qoruyub saxlaya bilək. Biz elə etməliyik ki, dövlətimizin gələcəyi olan uşaqlar sağlam və rəqabətə dayanıqlı vətəndaş kimi böyüsün. Bütün bunlara nail olmaq üçün isə hər birimiz səylərimizi gücləndirməli və birləşdirməliyik.

Rəşad Qəhrəmanov,
Saatlı rayon qeydiyyat şöbəsinin rəisi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-01-2025