Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib -Fotolar
Tarix: 30-05-2025 | Saat: 19:15
Bölmə:Manşet / Siyasət / Parlament | çapa göndər

Mayın 30-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib.
Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclası açan Milli Məclisin sədri diqqətə çatdırıb ki, bildiyiniz kimi, iki gün öncə, Azərbaycanın Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı oldu. Açılışda Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti möhtərəm cənab Rəcəb Tayyib Ərdoğan iştirak etdilər. Spiker xatırladıb ki, Laçın Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərdə inşa edilmiş üçüncü beynəlxalq hava limanıdır.
Milli Məclisin sədri bildirib ki, strateji əhəmiyyət daşıyan bir ərazidə hava limanının açılması ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycanın yeni milli hədəflərə doğru inamla irəlilədiyini göstərən son dərəcə önəmli hadisədir. Hava limanının açılışında qardaş Türkiyə Cümhuriyyəti rəhbərinin iştirakı Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji müttəfiqlik əlaqələrinin sarsılmazlığını bir daha nümayiş etdirdi.
Spiker qeyd edib ki, Müstəqillik Günündə Laçında Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü də keçirildi. Bu görüş ortaq dəyərləri bölüşən üç dost və qardaş ölkənin strateji birliyinin yeni bir təzahürü oldu. İnamla söyləmək olar ki, Zirvə görüşündə qəbul edilmiş qərarlar dost və qardaş ölkələrin ən müxtəlif sahələrdə əməkdaşlığında yeni mərhələ açacaqdır.
Milli Məclisin sədri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yeni çağırışlara uyğun davam etdirən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası müstəqillik yollarında bundan sonra da inamla addımlayacaq və yeni böyük uğurlara imza atacaqdır.
Spiker çıxışının sonunda qeyd edib ki, Müstəqillik Günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclisin adından təbrik məktubları ünvanlanıb.
Sonra iclasda cari məsələlərin müzakirəsi keçirilib. Müzakirələrdə komitə sədrləri Zahid Oruc, Fazil Mustafa, deputatlar Nizami Səfərov, Razi Nurullayev, Vüqar Bayramov, Vasif Qafarov, Bəhruz Məhərrəmov, Vüqar İskəndərov, Rizvan Nəbiyev, Tural Gəncəliyev çıxış ediblər.
Deputatlar mayın 28-də Laçında keçirilmiş Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının Zirvə görüşünün ölkəmizin xarici siyasətində dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinin önəmli yer tutduğunu bir daha nümayiş etdirdiyini vurğulayıblar. Bu üç dövlətin siyasi, iqtisadi və müdafiə məsələlərinə dair birgə mövqeyindən söhbət açıblar. Laçında sürətli yenidənqurma və bərpa işlərinin həyata keçirildiyini diqqətə çatdıraraq, burada istifadəyə verilmiş hava limanının həm strateji, həm də Şərqi Zəngəzurun iqtisadi inkişafı, habelə turizmin genişləndirilməsi, sərmayələrin cəlb edilməsi baxımından vacibliyindən bəhs ediblər.
Millət vəkilləri ölkə Prezidentinin uğurlu hərbi və diplomatik strategiyasına nəzər salaraq, Azərbaycanın 30 illik işğala öz resursları hesabına son qoyduğunu xüsusi qeyd ediblər. Dövlət başçımızın regionda sülhün bərqərar olması üçün göstərdiyi səylərin beynəlxalq səviyyədə yüksək dəyərləndirildiyini vurğulayıblar.
Çıxışlarda, habelə müasir dövrdə ölkənin kibersuverenliyinin təmin edilməsinin mühüm əhəmiyyətindən danışılıb. Kritik infrastruktur obyektlərinin etibarlı mühafizəsinin, vətəndaşların hüquq və mənafelərinin müdafiəsinin kibertəhlükəsizliyin təmin edilməsi ilə bağlı olduğu bildirilib. Vurğulanıb ki, ölkə Prezidentinin 19 mart 2025-ci il tarixli müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın əsas məqsədlərində milli təhlükəsizliyin, o cümlədən informasiya təhlükəsizliyinin, dezinformasiya hücumlarının qarşısının alınmasının və süni intellekt sisteminin mühafizəsinin təmin edilməsi üçün rəqəmsal alətlərin etimadlılıq səviyyələrinin gücləndirilməsi xüsusi yer tutur. Bu sahədə mövcud qanunvericiliyin təkmilləşdirilməsinin, qabaqlayıcı tədbirlərin görülməsinin önəmli olduğu qeyd edilib.
Müzakirələr zamanı deputatlar bir sıra digər aktual məsələlər barədə də öz fikirlərini bölüşüblər.
Sonra parlamentin sədri Sahibə Qafarova bugünkü iclasda 10 məsələnin müzakirə ediləcəyini söyləyib. O, birinci məsələnin Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumat olduğunu bildirib. Spiker bu məsələ ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın və komitənin əməkdaşlarının iclasda iştirak etdiyini qeyd edib.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu komitənin 2024-cü il üzrə məlumatını slaydlar vasitəsi ilə təqdim edib.
O, bildirib ki, 3 bölmədən ibarət məlumat 62 dövlət orqanı, 76 yerli icra hakimiyyəti və Naxçıvan Muxtar Respublikasından daxil olan informasiyalar, Dövlət Statistika Komitəsinin və digər dövlət orqanlarının məlumatları əsasında hazırlanıb. Qeyd edib ki, məlumata gender büdcəsi, gender bərabərliyinin tədrisi, COP29, gender məsələləri üzrə məsul şəxslərin fəaliyyətləri, qızların təhsilinə dəstək layihələri və azadlıqdan məhrum edilmiş şəxslərlə bağlı yeni hissələr daxil edilib.
Diqqətə çatdırılıb ki, məlumatın I bölməsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, gender əsaslı ayrı-seçkilik halları ilə bağlı mövcud vəziyyət, idarəetmədə qadın və kişilərin təmsilçiliyi barədə məlumatlar öz əksini tapıb.
2024-cü ildə qanunvericiliyə edilən dəyişikliklər barədə söhbət açan komitə sədri Ailə Məcəlləsinin nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasını nəzərdə tutan müvafiq maddəsinin ləğv edildiyini, erkən evlilik və məişət zorakılığı ilə bağlı cinayət və inzibati məsuliyyəti nəzərdə tutulan subyektlərin dairəsinin genişləndirildiyini, ümumi bioloji baba və nənəsi olan qohumlar arasında nikahın bağlanmasının qadağan edildiyini, qısamüddətli mühafizə orderinin müddətinin artırıldığını, zərərçəkmiş şəxslərə dövlət vəsaiti hesabına pulsuz hüquqi yardımın göstərilməsi qaydasının təsdiq edildiyini, məişət zorakılığının qarşısının alınması üzrə monitorinq və əlaqələndirmə mexanizminin yaradıldığını söyləyib.
Qeyd olunub ki, bir sıra problemli məsələlərə dair 860 Dəstək xəttinə daxil olan müraciətlərdə artım, Qadın Dəstək Xətt Xidmətinə daxil olan müraciətlərin sayında isə azalma müşahidə edilir. Habelə Daxili İşlər Nazirliyinə məişət zəminində baş verən insidentlərə dair daxil olmuş müraciətlərin, o cümlədən cinayət hadisələrinin sayı azalıb. Ötən il zərər çəkmiş şəxslərə 325-i qısamüddətli, 34-ü uzunmüddətli olmaqla ümumilikdə 359 mühafizə orderi icraatda olub.
Nəzərə çatdırılıb ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2024-cü ildə doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq azalıb.
Komitə sədri bildirib ki, məlumatın II bölməsində əmək, təhsil, iqtisadi və sosial hüquqların həyata keçirilməsi sahəsində, həmçinin Qeyri-Hökumət Təşkilatları, həmkarlar ittifaqları və siyasi partiyaların fəaliyyətində gender bərabərliyinin təmin edilməsi ilə bağlı vəziyyət öz əksini tapıb.
O, 2024-cü ildə qadınların orta aylıq nominal əməkhaqqının 7,5%, kişilərin əmək haqqının isə 8,5% artdığını deyib. Həmçinin, işsiz şəxs kimi qeydiyyata alınmış, işlə təmin olunmuş, özünüməşğulluq proqramına və peşə hazırlığına cəlb olunmuş şəxslərin cins bölgüsü barədə məlumat verib, aparılan məqsədyönlü tədbirlər nəticəsində bu sahədəki statistik fərqlərin optimal xarakter daşıdığını söyləyib.
Təhsil hüququnun reallaşdırılmasını həyata keçirən müəssisələrdəki vəziyyətlə bağlı qeyd edilib ki, ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında oğlanlar, peşə təhsili üzrə kişilər, orta ixtisas təhsili üzrə qadınlar üstünlük təşkil edir.
Bildirilib ki, kişi və qadınların mülkiyyət hüququnun həyata keçirilməsinə və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bərabər imkanların yaradılmasına dair vəziyyətdə canlanma müşahidə olunur.
Bununla yanaşı, məlumatda Milli Məclisdə və bələdiyyələrdə qadınların sayının yüksəlməsi qeyd olunur. Həmkarlar ittifaqlarında qadınların 50,4% üstünlüyü ilə gender bərabərliyinin təmin edildiyi göstərilir. Vətəndaş cəmiyyətləri, siyasi partiyalar və həmkarlar ittifaqlarının təsis edilməsi, üzvlüyə qəbul, daxili proseslərin idarə edilməsində, istər qanunvericilik, istərsə də icra mexanizmləri sahəsində gender əsaslı ayrı-seçkiliyin olması ilə bağlı neqativ hallar müşahidə edilməyib.
Diqqətə çatdırılıb ki, məlumatın III bölməsində 2024-cü ildə Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində əldə edilmiş nəticələr, qarşıya qoyulan vəzifələr, o cümlədən təhsil, məşğulluq sahəsində gender bərabərliyinin gücləndirilməsi və gender əsaslı zorakılıq hallarının qarşısının alınması istiqamətində tövsiyələr öz əksini tapıb.
Çıxışının sonunda Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gender bərabərliyinin təmin edilməsi istiqamətində aidiyyəti qurumlarla səmərəli əməkdaşlığı davam etdirdiyini, bu sahədə uğurlu nəticələr əldə edildiyini bildirib.
Sonra parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı barədə rəhbərlik etdiyi komitənin rəyini diqqətə çatdırıb.
Komitə sədri Azərbaycanda gender bərabərliyinin təmin edilməsinin prioritet məsələlərdən olduğunu, bu sahədə mövcud qanunvericilik bazasına əsasən qadınlara bərabər imkanların yaradıldığını, ictimai həyatın bütün sahələrində onların fəal iştirakı üçün mühüm işlərin görüldüyünü bildirib.
O, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun icrası ilə bağlı parlamentdə davamlı olaraq müvafiq tədbirlərin, görüşlərin həyata keçirildiyini söyləyib. Müzakirəyə təqdim olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatında bütün sahələr üzrə aparılan ətraflı təhlillərə dair göstəricilərin, əldə edilən uğurlu nəticələrin, təklif və tövsiyələrin, habelə qarşıda duran vəzifələrin əks olunduğunu deyib.
Hicran Hüseynova ölkəmizdə gender bərabərliyinin təmin edilməsi istiqamətində müsbət dinamikanın olduğunu qeyd edib. Bildirib ki, qərarların qəbulunda və dövlətin idarə edilməsində qadınların iştirakçılığının artdığı müşahidə olunur. Belə ki, inzibati vəzifələri icra edən, hüquq-mühafizə, prokurorluq orqanlarında xidmət edən, xüsusilə hakim və vəkil qadınların sayı hər il artır. O, ölkədə əmək bazarında gender bərabərsizliyinin aradan qaldırılması istiqamətində bir çox işlərin görüldüyünü, bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin edildiyini diqqətə çatdırıb. Həmçinin gender əsaslı və məişət zorakılığının qarşısının alınması, zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində qanunvericiliyini davamlı olaraq təkmilləşdirildiyini söyləyib. O, illik məlumatda məişət zorakılığı ilə bağlı komitəyə edilən müraciətlərə dair geniş şəkildə təhlilin təqdim edildiyini deyib.
Parlamentin komitə sədri ölkəmizdə gender bərabərliyini təmin edilməsi ilə bağlı bəzi qanunlara edilən dəyişikliklərdən söhbət açıb. O, habelə gender bərabərliyi mədəniyyətinin təbliğinin gücləndirilməsinin, bu sahədə mütəxəssislərin, vətəndaş cəmiyyəti institutlarının, medianın daha aktiv iştirakının vacibliyini qeyd edib. Bununla yanaşı, müxtəlif qurumlarda bu sahəyə məsul olan şəxslərin fəaliyyətinin gücləndirilməsi, qurumlararası əməkdaşlığın genişləndirilməsi, dövlət proqramlarının icrası istiqamətində görüləsi işlərlə bağlı fikir və tövsiyələrini bölüşüb.
Hicran Hüseynova rəhbərlik etdiyi komitədə məsələnin geniş müzakirə edildiyini, illik məlumatın yüksək dəyərləndirildiyini diqqətə çatdırıb.
Məsələ ətrafında müzakirələrdə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, komitə sədri Zahid Oruc, deputatlar Vüqar Bayramov, Əli Məsimli, Bəhruz Məhərrəmov, Aydın Mirzəzadə, Ceyhun Məmmədov, Mehriban Vəliyeva, Günay Ağamalı çıxış edərək, öz fikir və qeydlərini bildiriblər.
Müzakirələrin sonunda Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatı nəzərə alınıb.
Spiker Sahibə Qafarova növbəti məsələnin üçüncü oxunuşda “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi olduğunu deyib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu məsələ barədə məlumat verib. O, əvvəlki oxunuşlarda sənədin ətraflı müzakirə edildiyini, səslənən fikirlərə münasibət bildirildiyini söyləyib, layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Sənəddə nəzərdə tutulan dəyişikliyə uyğun olaraq Nazirlər Kabinetinin hesabatının vaxtı iki orqan arasında razılaşdırılmaqla və hər iki orqanın iş qrafikinə daha uyğun vaxtda müəyyən ediləcək. Layihədə hesabatın verilməsi vaxtının martın 31-dək, yəni ilin I rübü ilə məhdudlaşıdırlması təklif olunur.
Konstitusiya Qanununun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Spiker Sahibə Qafarova xatırladıb ki, Konstitusiya qanunları Milli Məclisdə iki dəfə səsə qoyulur. O, bu gün birinci səsvermənin keçirildiyini, 6 aydan sonra bu Konstitusiya Qanununa ikinci səsvermədə münasibət bildiriləcəyini qeyd edib.
Milli Məclisin sədri növbəti məsələnin “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi olduğunu deyib. O, beynəlxalq sazişlə bağlı olduğuna görə bu qanun layihəsinin “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə uyğun olaraq, bir oxunuşda baxılıb, qəbul ediləcəyini söyləyib.
Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov həmin qanun layihəsini təqdim edib. O, dünyanın aparıcı ölkələrindən olan Çin Xalq Respublikası ilə imzalanmış bu sənədin xüsusi önəm kəsb etdiyini deyib. Azərbaycanla Çin arasında münasibətlərin iqtisadi, humanitar, nəqliyyat, enerji, beynəlxalq təhlükəsizlik sahələrində strateji xarakter daşıdığını bildirib. Hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına cari il aprelin 23-də baş tutmuş rəsmi səfərinin əhəmiyyətini vurğulayan komitə sədri, bu səfər çərçivəsində imzalanmış sənədlər sırasında “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
Sazişə əsasən, hər iki ölkənin ümumvətəndaş pasportuna malik vətəndaşları qarşı tərəfin ərazisinə vizasız şəkildə daxil ola bilər və orada hər dəfə maksimum 30 gün, həmçinin ardıcıl 180 günlük müddət ərzində ümumilikdə 90 gündən artıq olmamaq şərti ilə qala bilərlər. Saziş yalnız qısa müddətli səfərləri əhatə edir. Qarşı tərəfin ərazisində 30 gündən artıq qalmaq, yaşamaq, əmək fəaliyyəti ilə məşğul olmaq, təhsil almaq, media və digər icazə tələb edən sahələrdə fəaliyyət göstərmək üçün vətəndaşlar əvvəlcədən viza və müvafiq icazə almalıdırlar.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin spikeri gündəliyin növbəti beş məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.
Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihəsi barədə söhbət açıb. O, birinci oxunuşda təqdimat zamanı sənəd haqqında ətraflı məlumat verildiyini deyib və onun növbəti dəfə dəstəklənməsini xahiş edib.
Layihədə Cinayət Məcəlləsinə cinayət məsuliyyətindən azad etməni nəzərdə tutan maddələrin dairəsinə, həmçinin şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə halının da əlavə edilməsi təklif edilir. Sənəddə Cinayət-Prosessual Məcəlləsi üzrə istintaq və təhqiqat orqanlarının struktur qurumlarının rəhbərlərinə cinayət təqibinə nəzarət çərçivəsində cinayət işi üzrə icraatın əhəmiyyətli dərəcədə ləngiməsinin qarşısının alınması məqsədilə müvafiq səlahiyyətlərin verilməsi təklif olunur. Eyni zamanda, son dövrlərdə müasir informasiya texnologiyalarından istifadə olunmaqla əhalinin bank kartı hesablarından pul vəsaitlərinin talanması hallarında bu cinayətlərin təqibinin operativliyini təmin etmək məqsədilə müvafiq dəyişikliklər də nəzərdə tutulur.
Məsələ ilə bağlı müzakirələrdə deputat Qüdrət Həsənquliyev öz qeyd və təkliflərini səsləndirib. Millət vəkili Bəhruz Məhərrəmov qaldırılan məsələyə münasibət bildirib.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, birinci oxunuş zamanı məsələ barədə ətraflı məlumat verildiyini, komitəyə əlavə təklifin daxil olmadığını deyib, sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Layihə sağlamlığın qorunması hüququnun daha effektiv təmin edilməsi, həyat və sağlamlıq əleyhinə olan bəzi cinayətlərə qarşı mübarizənin gücləndirilməsi məqsədilə hazırlanıb. Sənəddə bir sıra cinayətlərin sanksiyalarında müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına alternativ olan digər əsas cəzalar çıxarılmaqla, həmin əməllərə görə sanksiyanın sərtləşdirilməsi təklif edilir.

Sonra parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə dair məlumatı təqdim edib.
O, bildirib ki, layihədə nəzərdə tutulan əsas dəyişiklik tibb mütəxəssislərinə sertifikasiya şəhadətnaməsini əldə etmək üçün 5 ildən bir sertifikasiya imtahanında iştirak etməklə yanaşı, elmi, pedaqoji və digər tədris fəaliyyətini ehtiva edən yeni – davamlı peşəkar inkişaf (DPİ) konsepsiyasının tətbiqi nəticəsində müvafiq kredit balları toplayaraq, sözügedən imtahandan azad olmaq hüququnu müəyyən edir. Digər dəyişiklikdə isə sertifikasiya imtahanından keçməyən tibb işçilərinin təkrar bu imtahandan keçənə qədər 6 ay müddətində vəzifə maaşının saxlanılması müəyyən edilir.
Qeyd edilib ki, sənədin qəbulu ölkəmizdə tibb mütəxəssislərinin bilik və bacarıqlarının səviyyəsinin artırılmasını təmin edəcək, əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsinə mühüm töhfə verəcək.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələ barədə bu komitənin müsbət rəyini bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Pasportlar haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, birinci oxunuş zamanı məsələ barədə ətraflı məlumat verildiyini və sənədin deputatlar tərəfindən dəstəkləndiyini bildirib, ikinci oxunuşda səsə qoyulmasını xahiş edib.
Layihədə "Dövlət qulluğu haqqında" Qanuna təklif olunan dəyişiklikdə Prezident Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına aid edilib. Bu dəyişikliklərin icrası məqsədi ilə "Pasportlar haqqında" Qanuna edilən düzəlişə əsasən, Prezident Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinləri diplomatik pasportu əldə edə biləcək subyektlər dairəsinə daxil edilir.

Sonra komitə sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib.
O, qeyd edib ki, layihənin məqsədi bütün inzibati xətalar haqqında protokol və qərarları ümumiləşdirərək, onun uçotunun izlənilməsi üçün "İCMAL" informasiya sisteminin yaradılmasıdır.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri gündəliyin son iki məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib və deputatlardan çıxışlar zamanı birinci oxunuşun tələblərini nəzərə almalarını xahiş edib.
Sonra “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim olunub. Məsələ ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Qanun layihəsinin əhəmiyyətindən söz açan komitə sədri təklif olunan dəyişikliklərin ədliyyə orqanlarında keçirilən islahatların yeni mərhələsi ilə bağlı olduğunu deyib. Bildirilib ki, təqdim olunan qanun layihəsinin əsas mahiyyəti ədliyyə orqanlarının xüsusi xəzinə hesabının yaradılmasından ibarətdir. Bu hesabın yaradılmasında məqsəd nazirliyin hesabına daxil olan maliyyə vəsaitlərinin vahid hesaba cəmlənməsi, həmin vəsaitlər hesabına ədliyyə orqanlarında çalışan əməkdaşların maddi təminatının və sosial müdafiəsinin gücləndirilməsidir.
Həmçinin qanun layihəsində icra sənədini könüllü icra etməyən fiziki və hüquqi şəxslərin barəsində tətbiq edilən icra ödənişlərinin miqdarının artırılması təklif edilir. Sözügedən dəyişiklik icra sənədini müəyyən olunmuş vaxtda borclu tərəfindən könüllü icra etməyə stimullaşdırmaqla icra sənədlərinin vaxtında icrasını təmin etmiş olacaq. Təklif edilən mühüm dəyişikliklərdən biri də odur ki, icra məmuru vəzifəsinə qulluğa qəbul üçün ali hüquq təhsili tələbi götürülür.
Layihənin müzakirəsində komitə sədri Zahid Oruc və deputat Qüdrət Həsənquliyevin fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Gündəliyin sonuncu məsələsi - Vergi Məcəlləsində, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.
Komitə sədri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda yerli özünüidarəetmə sahəsində korrupsiyaya şərait yaradan səbəblərin aradan qaldırılması ilə bağlı tədbirlərin görülməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur. Qeyd edilib ki, təklif olunan müvafiq dəyişikliklər də Milli Fəaliyyət Planında qeyd edilən tədbirlərin təmin edilməsi məqsədi ilə hazırlanıb. Belə ki, "Bələdiyyələrin statusu haqqında" Qanuna təklif olunan yeni maddə bələdiyyələrin vahid informasiya sisteminin yaradılmasını nəzərdə tutur. Vahid informasiya sisteminin yaradılması bələdiyyələrin fəaliyyətində hüquqpozmaların qarşısının alınmasına və şəffaflığın artırılmasa xidmət edəcək. Sözügedən sistemin yerli büdcənin gəlirləri hesabına maliyyələşdirilməsi təklif olunur. Qanun layihəsində təklif olunan digər dəyişikliklər isə, bələdiyyə bildirişlərinin elektron qaydada göndərilməsini nəzərdə tutur.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ ilə bağlı bu komitənin müsbət rəyini diqqətə çatdırıb. Müzakirədə deputat Elçin Mirzəbəylinin dəyişikliklərlə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Gündəlikdəki məsələlər başa çatdıqdan sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu gün yaz sessiyasının son iclasıdır. Spiker qeyd edib ki, Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq, 85 deputat növbədənkənar sessiyanın çağırılması üçün ona müraciət edib və iyun ayında Milli Məclisin növbədənkənar sessiyası olacaq.
Sonra yaz sessiyasının yekunları barədə məlumat verən Milli Məclisin sədri qeyd edib ki, sessiya ərzində parlamentin 14 iclası keçirilib, 65 qanun qəbul edilib. Başqa sözlə, 55 qanunda, o cümlədən 2 Konstitusiya qanununda dəyişiklik qəbul edilib, 8 beynəlxalq sənəd təsdiq olunub.
Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam həcmdə yerinə yetirib. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin və islahatların qanunvericilik bazası daha da möhkəmləndirilib və təkmilləşdirilib.
Spiker qeyd edib ki, hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq yeddinci çağırış dövründə də Milli Məclisin qarşısında dayanan vəzifələrin uğurla yerinə yetirilməsinə kömək göstərir. Bununla əlaqədar o, həmişə olduğu kimi, parlamentlə hökumət arasında konstruktiv iş birliyini xüsusi vurğulayaraq, bildirib ki, yaz sessiyasında müxtəlif hökumət qurumlarının, o cümlədən nazirliklərin və dövlət komitələrinin nümayəndələri mütəmadi olaraq Milli Məclisin və komitələrin iclaslarına dəvət olunub, qanun layihələrinin müzakirəsi zamanı onların rəyləri dinlənilib. Bununla birlikdə, deputatların bir sıra mülahizə və təklifləri də icra orqanları tərəfindən nəzərə alınıb.
Milli Məclisin sədri deyib ki, bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Bununla əlaqədar Milli Məclisdə bir neçə tədbir keçirilib.
Mayın 8-də parlamentin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunan xüsusi iclası keçirilib. İclasda Ulu Öndərin müəllifi olduğu müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının qələbələrlə başa çatdırılması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması kimi tarixi hadisələrin əhəmiyyətindən danışılıb. Bu mövzuda keçirilən digər bir tədbir Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkil etdiyi elmi-praktik konfrans olub. Konfransda ilk Konstitusiyamızın hazırlanması, qəbulu və keçdiyi inkişaf yolu ilə bağlı məruzələr dinlənilib və müzakirələr aparılıb. Eyni mövzuda başqa bir tədbir isə Qarabağ Universitetinin bir qrup tələbəsi ilə keçirilən görüş olub.
Sessiya dövründə böyük ictimai əhəmiyyət daşıyan məsələlərin müzakirəsi və qanun layihələrinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə ictimai dinləmələr keçirilməsi praktikası davam etdirilib.
Üç ictimai dinləmə və üç ictimai müzakirə təşkil olunub. “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ailə, qadın və uşaq məsələləri komitəsi “Ailə, qadın və uşaq hüquqları konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda, İctimai birliklər və dini qurumlar komitəsi “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda, Aqrar siyasət komitəsi isə “Aqrar sektorda sahibkarlığa dəstək: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçiriblər.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi “Enerji səmərəliliyi: nəticələr və gözləntilər” mövzusunda ictimai müzakirə təşkil edib. Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya isə iki ictimai müzakirə təşkil edib. Bu müzakirələrdən biri “Cənubi Qafqazda sabitliyə “sülh missiyası” adlı hibrid hücum” mövzusuna, digəri isə “Azərbaycanın media resurslarına 20 fevral hücumları: kibermüdaxilədən dezinformasiyaya” mövzusuna həsr edilmişdi. Eyni zamanda, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda genişləndirilmiş iclası keçirilib.
Spiker qeyd edib ki, yaz sessiyasında Milli Məclisin nəzarət funksiyasının yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər görülüb. Belə ki, Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun, bu gün isə bildiyiniz kimi, Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının hesabat, məruzə və məlumatları da dinlənilib.
Milli Məclisin sədri bildirib ki, yaz sessiyasında parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində zəruri tədbirlər həyata keçirilib.
Belə ki, Milli Məclisin 60 deputatı 32 ölkəyə 50 səfər həyata keçiriblər. Deputatlarımız 13 beynəlxalq təşkilatın tədbirlərində iştirak və çıxış ediblər. Millət vəkillərimiz Rumıniyada keçirilən prezident seçkilərini və Tacikistanda keçirilən parlament seçkilərini müşahidə ediblər. 41 ölkənin və 8 beynəlxalq təşkilatın 48 nümayəndə heyəti, ümumən 443 nəfər xarici qonaq Milli Məclisdə olub.
Spiker əlavə edib ki, Milli Məclis sədrinin 4 ölkəyə rəsmi və 3 ölkəyə işgüzar səfərləri olub. Milli Məclisin sədri parlamentdə 3 ölkənin dövlət başçıları, 16 ölkənin parlament sədrləri və sədr müavinləri, 3 beynəlxalq təşkilatın rəhbərləri, 2 ölkənin icra hakimiyyəti orqanı və partiya nümayəndələri, 7 dövlətin Azərbaycandakı səfirləri ilə görüşlər keçirib. Görüşlərdə aparılan danışıqlarda ikitərəfli və çoxtərəfli parlamentlərarası əlaqələr və digər məsələlər müzakirə edilib.
Milli Məclis 5 beynəlxalq tədbirə ev sahibliyi edib. Belə ki, fevralın 18-dən 20-dək Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası, martın 17-də Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisinin ikitərəfli parlamentlərarası komissiyasının 22-ci iclası, aprelin 5-də Asiya Parlament Assambleyasının koordinasiya görüşü, aprelin 6-da Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Dördüncü Konfransı, aprelin 15-də isə TÜRKPA-ya üzv dövlətlərin parlamentlərinin Müdafiə və təhlükəsizlik komitələri sədrlərinin ikinci iclası Milli Məclisin təşkilatçılığı ilə keçirilib.
Spiker qeyd edib ki, hal-hazırda Milli Məclis 5 beynəlxalq təşkilata sədrlik edir. Həmin təşkilatlar, Asiya Parlament Assambleyası, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Türk Dövlətlərinin Parlament Assambleyası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasıdır. Spiker onu da deyib ki, 2026-cı ildə Milli Məclis İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına da sədrlik edəcək.
Yaz sessiyası dövründə Milli Məclis və iki ölkənin, Gürcüstan və Birləşmiş Ərəb Əmirliklərinin parlamentləri ilə əməkdaşlıq haqqında, eləcə də Milli Məclisin sədrlik etdiyi Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında, həmçinin Tolerantlıq və Sülh Təşkilatı arasında memorandumlar imzalanıb.
Çıxışına yekun vuran spiker qeyd edib ki, beləliklə, Milli Məclis yaz sessiyasını uğurla başa çatdırır. O, səmərəli iş üçün hər kəsə təşəkkürünü bildirib və Milli Məclisin yaz sessiyasını bağlı elan edib.
İclasın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bununla da Milli Məclisin 2025-ci il yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-05-2025
30-05-2025