Mobil versiya
Novruzəli Aslanov: “Ermənistanı silahlandırmaq istəyən qüvvələr Cənubi Qafqazda gərginliyin artmasına çalışırlar”
Tarix: 13-10-2023 | Saat: 12:59
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Ermənistanı silahlandırmaq istəyən qüvvələr Cənubi Qafqazda gərginliyin artmasına çalışırlar”

“Oktyabrın 11-də Bakıda keçirilən MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasında müzakirə olunan məsələlər tədbirdə təmsil olunan ölkələrin yerləşdikləri regionlarda sülhün və sabitliyin əldə olunması və möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. İclasın iştirakçılarını qəbul edən Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışında bu məsələni xüsusi vurğulamış və əmin olduğunu bildirmişdir ki, bu tədbir ölkələrimiz arasında təhlükəsizlik sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişlənməsinə, bu istiqamətdə fəaliyyətin effektivliyinin artmasına xidmət edəcək. Etiraf olunmalıdır ki, bu gün MDB məkanında yerləşən ölkələrə qarşı kifayət qədər xarici təhdidlər mövcuddur. Belə bir şəraitdə həmin təhdidlərə qarşı effektiv tədbirlərin görülməsi üçün məhz təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar vacibdir. Bu baxımdan da təhlükəsizlik və xüsusi xidmət orqanlarının işi və həmkarlar arasında qarşılıqlı fəaliyyət hazırkı mürəkkəb beynəlxalq şəraitdə xüsusi əhəmiyyət kəsb edir. Bu gün bütün dünyada arzuolunmaz dərəcədə böyük intensivliklə yeni qeyri-sabitlik, hətta silahlı münaqişə ocaqları yaranmaqdadır. Əlbəttə ki, belə vəziyyətlər bir çox hallarda xarici qüvvələrin təsiri ilə də yaradılır. Buna görə də ölkələrin sabitliyi və təhlükəsizliyi bir çox hallarda məhz müvafiq strukturların operativ işindən asılı olur.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra deputat bildirib ki, Fransanın təhriki ilə Azərbaycana qarşı Qərb mediasında aparılan çirkin kampaniyanın, təşkil olunan ədalətsiz informasiya hücumlarının əsasında bu ölkənin öz iyrənc müstəmləkəçilik siyasətini Cənubi Qafqaza yeritmək istəyi və bu planın da məhz dövlətimiz tərəfindən qarşısının alınması faktoru durur: “Fransa dövlətinin istər Azərbaycana qarşı düşmənçilik münasibətləri, istərsə də bu ölkənin Cənubi Qafqaz siyasətinin əsl mahiyyəti bu gün heç kim üçün sirr deyil. Fransa uzun illər boyunca dünyanın ən müxtəlif bölgələrində apardığı işğalçılıq və müstəmləkəçilik siyasətini Cənubi Qafqazda həyata keçirə bilmədiyindən, bu regionda maraqlarını marionet ölkə olan Ermənistanın əli ilə təmin etməyə çalışır. Məhz bu məqsədlə Fransa artıq neçə müddətdir ki, Azərbaycana qarşı, Ermənistanı dəstəkləyən qərəzli qətnamələr qəbul edir, ölkəmizi müharibə cinayətləri törətməkdə əsassız yerə ittiham edir. Halbuki, bu ölkə müharibə cinayətlərinin nə demək olduğunu və bu cinayətlərin necə törədildiyini özünün zəngin təcrübəsindən yaxşı bilir. Bu təcrübə Fransanın uzun illər boyunca dünyanın müxtəlif bölgələrində işğal etdiyi 50-dən artıq ölkədə həyata keçirdiyi soyqırımları, kütləvi qırğınlar, talançılıq, etnik təmizləmələr və digər insanlıq əleyhinə cinayətlər üzərində əldə edilmişdir. Təkcə Əlcəzairdə bu ölkənin milyon yarım vətəndaşı sadəcə əlcəzairli və müsəlman olduğuna görə Fransa rejimi tərəfindən qətlə yetirilib. Azərbaycan isə, cənab Prezident İlham Əliyevin də çıxışında qeyd olunduğu kimi, həm işğal müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib. Beynəlxalq ekspertlər də bunu təsdiq edirlər və bu yaxınlarda azad edilmiş ərazilərdə səfərdə olan BMT missiyası da artıq iki dəfə vurğulayıb ki, Azərbaycan tərəfindən bütün humanitar normalara əməl olunub. Diqqətəlayiq haldır ki, Fransanın bu gün hələ də müstəmləkələr saxlaması barədə məsələ Azərbaycan tərəfindən və şəxsən cənab Prezident İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının sədri kimi dəfələrlə bu təşkilatın sammitlərində qaldırılıb, bəzi Afrika ölkələrinin göstərdikləri bütün səylərə rəğmən hələ də Fransanın müstəmləkə boyunduruğundan qurtula bilmədikləri diqqət mərkəzinə gətirilib.”

Həmçinin N.Aslanov Ermənistanın ona Azərbaycan tərəfindən olunan sülh təkliflərini hələ də qəbul etməməsini, rəsmi İrəvanın xarici qüvvələrin təhriki ilə, öz xalqının maraqlarını nəzərə almadan hələ də destruktiv mövqelərdən çıxış etməsini Cənubi Qafqazda sülhə və əmin-amanlığa nail olunması işinə ciddi əngəl kimi qiymətləndirib: “Son zamanlar mətbuatda Ermənistanın yenidən silahlanmaya meyillənməsinə dair müəyyən məlumatlar dərc olunur. Yenə də Fransanın özü bu məsələ ilə bağlı bəzi bəyanatlar səsləndirib. Sual olunur, Ermənistan bu silahları kimə qarşı işlətmək niyyətindədir? Yoxsa bu ölkə özünü növbəti dəfə “Dəmir yumruğ”un zərbəsi altına qoymaq istəyir? Üç həftə əvvəl həyata keçirilən tədbirlər nəticəsində artıq ölkənin bütün ərazisində özünün suverenliyini tam bərpa etmiş Azərbaycanın dövlət başçısı dəfələrlə qəti və birmənalı olaraq bəyan edib ki, bizim heç bir ölkənin ərazilərində gözümüz yoxdur. Bu o deməkdir ki, Ermənistanın özünü Azərbaycandan necə müdafiə etmək barədə düşünməyinə və bu məqsədlə silahlanmağına heç bir ehtiyac yoxdur. Hər zaman eskalasiyanın, gərginliyin tərəfdarı olmuş Fransa kimi dövlətlərdən uzunmüddətli kreditlə silahlar alıb onsuz da müflis durumda olan ölkənin maliyyə vəziyyətini bir qədər də ağırlaşdırmaqdansa Azərbaycanla sülh sazişini imzalamaq və bundan sonra açılacaq imkanlardan necə maksimum yararlanmaq barədə düşünmək daha məqsədəuyğun olmazdımı? Əlbəttə bu, Ermənistanın daxili işidir. Amma digər tərəfdən də regionda vəziyyəti gərginləşdirməklə rəsmi İrəvan bütün Cənubi Qafqazın inkişafını ləngidir. İstənilən halda Azərbaycanın yaratdığı yeni reallıqlardan geri dönüş variantı birmənalı olaraq mövcud deyil və olmayacaq. Bu o deməkdir ki, Azərbaycanın mövcud olduğu regionda heç bir kənar qüvvə, heç bir xarici dövlət hegemonluq edə bilməz. Ermənistanın isə inkişafa doğru gedə biləcək yeganə yolu Azərbaycanla sülh müqaviləsini imzalamaqdan keçir. Maraqlıdır ki, bir çox xarici ölkələr bunu Ermənistandan daha yaxşı anlayırlar. Buna görə də bu gün bəzi ölkələr və beynəlxalq təşkilatlar Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasında vasitəçilik etməyə çalışırlar. Xüsusi olaraq qeyd etmək istərdim ki, öz çıxışında cənab Prezident İlham Əliyev bu həssas məqama da toxunaraq Azərbaycanın vasitəçilik missiyası ilə bağlı bəzi məqamlara dair qəti və birmənalı mövqeyini ortaya qoydu. İlk növbədə möhtərəm dövlət başçımız açıq mətnlə Fransanın vasitəçiliyinin qətiyyən qəbuledilməz olduğunu bəyan etdi. Azərbaycanla münasibətlərində bütün diplomatik normaları pozan Fransanın verdiyi təhqiramiz bəyanatların, Qərb mətbuatında ölkəmizə qarşı apardığı çirkin kampaniyaların, yürütdüyü açıq-aşkar ermənipərəst və anti-azərbaycan xarakterli siyasətin fonunda Azərbaycan Prezidentinin bu qərarı tamamilə haqlıdır və yeganə doğru qərardır. Eyni zamanda da dövlət başçımız vasitəçilik missiyasının “piar” kampaniyasına çevirmək cəhdlərinin yolverilməz olduğunu və bu missiyanı üzərinə götürəcək tərəfin real əməli nəticəyə nail olmaq üçün ciddi səylər göstərməsinin vacib şərt olduğunu bildirmişdir”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024