Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan heç bir xarici qüvvəyə Qarabağda gedən proseslər ətrafında siyasi manipulyasiyalar aparmaq imkanı verməyəcək”
Tarix: 01-10-2023 | Saat: 09:37
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan heç bir xarici qüvvəyə Qarabağda gedən proseslər ətrafında siyasi manipulyasiyalar aparmaq imkanı verməyəcək”

“Azərbaycanda müxtəlif mötəbər beynəlxalq tədbirlərin keçirilməsi artıq çoxdan adi hal kimi qarşılanır. Ölkəmiz uzun illərdir ki, humanitar, siyasi, iqtisadi, elmi və bütün digər sahələrdə təşkil olunan beynəlxalq forum və sammitlərə uğurla ev sahibliyi edir. Bununla yanaşı qeyd etmək lazımdır ki, son üç ildə bu kimi tədbirlərin həmçinin işğaldan azad edilmiş şəhərlərdə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bir tərəfdən artıq reallaşmaqda olan Böyük Qayıdış proqramı çərçivəsində 30 illik fasilədən sonra öz dədə-baba yurdlarına qayıdan insanlarımız belə tədbirlərin məhz onların yaşadıqları bögələrdə keçirilməsindən böyük mənəvi dəstək, ruh yüksəkliyi almış olurlar. Digər tərəfdən isə həmin ərazilərdə keçirilən tədbirlər dünya ictimaiyyətinə yeni Azərbaycan reallıqlarının təqdim olunması üçün ən münasib platforma rolunu oynayırlar. O cümlədən sentyabrın 29-da Zəngilanda təşkil olunmuş və 53 ölkədən 200-ə yaxın xarici qonağın iştirak etdiyi “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi də bir çox məqamları ilə dünya ictimaiyyətinin diqqətini cəlb etmiş oldu. Tədbirdə çıxış edən ölkə Pezidenti cənab İlham Əliyev xüsusi olaraq Şərqi Zəngəzurun Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edildiyini vurğulamaqla, 30 illik işğal dövrü ərzində ermənilərin ölkəmizin ərazilərində misli görünməmiş dağıdıcılıq fəaliyyətlərini bir daha diqqət mərkəzinə çəkdi. Həmçinin qeyd olundu ki, foruma ev sahibliyi edən Zəngilan şəhərinin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə isə bu şəhərin ilk sakinlərinin tarixi yaşayış yerlərinə qayıdacaqları gözlənilir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Prezident İlham Əliyevin çıxışında Şərqi Zəngəzurun və məxsusi olaraq Zəngilanın inkişaf perspektivlərinə dair yer almış açıqlamaların xüsusi maraqla qarşılandığını qeyd edən deputat bildirib ki, bölgənin yol infrastrukturunun şaxələndirilməsi bu inkişafa təkan verən əsas amillərdən biri kimi çıxış edəcək: “Dövlət başçımızın qeyd etdiyi kimi, Zəngilan mühüm nəqliyyat dəhlizləri üzərində yerləşməklə strateji əhəmiyyətli nəqliyyat qovşağıdır. Hazırda bu potensialın reallaşdırılması məqsədilə bölgənin yol infrastrukturu surətlə şaxələndirilir. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Həmçinin bölgədə sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. Təsəvvür etmək belə çətin olsa da, işğal dövründə həmin dəmir yolları da erməni talançıları tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası sürətlə davam etdirilir və tezliklə beynəlxalq nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Məlum olduğu kimi, bu layihə Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və oradan da həmin dəmir yolu İran və Türkiyəyə keçərək, Avropaya çatacaq. Həmçinin Zəngilan Beynəlxalq Hava Limanının inşası bölgənin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu amil gələcəkdə Zəngilanda xarici turistlərin də sayının artmasını təmin edəcək. Çünki füsunkar təbiəti, meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan Azərbaycanın ən gözəl guşələrindəndir.”

Daha sonra N.Aslanov Qarabağda gedən proseslər və onların ətrafında siyasi manipulyasiyaların yolverilməzliyi barədə Prezident İlham Əliyevin bəlli ünvanlara göndərdiyi mesajın dövlət başçısının qətiyyəti və siyasi iradəsinin daha bir nümayişi olduğunu vurğulayaraq bunları deyib: “Möhtərəm cənab Prezidentimizin hər bir çıxışı, işlətdiyi hər bir ifadə sadə insanlarımızın, bütün xalqın ürəyini qürurla doldurur. Dövlət başçımızın çıxışlarındakı prinsipiallıq və qətiyyət bütün anti-azərbaycan ruhlu qüvvələri onlara ünvanlanan mesajları tam ciddiliyi ilə qəbul etməyə məcbur edir. Prezident İlham Əliyev Zəngilanda etdiyi çıxışında da bir daha istər 44 günlük Vətən müharibəsinə, istərsə də sentyabrın 19-da ölkəmizin həyata keçirdiyi antiterror tədbirlərinə görə birbaşa Ermənistan rəhbərliyinin və onun xarici havadarlarının məsuliyyət daşıdıqlarını açıq mətnlə bəyan etdi. Bir daha kər kəsin diqqətinə çatdırıldı ki, Azərbaycana qarşı 30 il ərzində etnik təmizləmə, işğal və ərazilərin məhvi siyasəti həyata keçirilməsinə, bir milyondan çox azərbaycanlının, o cümlədən Ermənistan ərazisindən 200 mindən çox soydaşımızın doğma evlərindən didərgin salınmasına rəğmən beynəlxalq təşkilatlar bütün bu cinayətlərə heç bir reaksiya vermədilər. 1992-ci ildən 2020-ci ilə qədər mənasız danışıqlar aparıldı və onların nəticəsi olmadı. Azərbaycan 28 il ərzində ədalətin bərpa edilməsini gözlədi. Lakin Ermənistan və onun havadarları yalnız münaqişəni dondurmaq və işğalı əbədiləşdirmək niyyətində idilər. Bu səbəbdən də 44 günlük Vətən müharibə qaçılmaz oldu. Azərbaycan bu yolla beynəlxalq hüququ və özünün ərazi bütövlüyünü təmin etdi. Otuz il ərzində münaqişədən, soyqırımından, nifrətdən əziyyət çəkən xalq və ölkə ciddi siyasi iradə göstərdi. Dövlətimiz tərəfindən sərhədin delimitasiyasının aparılsı üçün müvafiq komissiyaların yaradılması təklifi irəli sürüldü. Ancaq Ermənistan buna müsbət cavab vermədi və ümumiyyətlə destruktiv yanaşma nümayiş etdirməyə başladı. Üç il ərzində yeni sülh danışıqları heç bir tərəqqiyə gətirib çıxarmadı. Hansısa xarici himayədarlara arxalanma Ermənistanı yenidən çətin və mürəkkəb vəziyyət yaratmağa sövq etdi. Ermənistanın rəhbərliyi bir tərəfdən deyirdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Digər tərəfdən isə sentyabrın 2-də Ermənistanın rəhbəri qondarma rejimin rəhbərinə onun müstəqilliyi ilə bağlı təbrik məktubu göndərmişdi. Bütün bunlar da sentyabrın 19-da keçirilmiş antiterror tədbirinin başlanmasını şərtləndirdi. Lakin Azərbaycan bu dəfə də beynəlxalq hüquqa loyallığını nümayiş etdirdi və Ermənistanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. 24 saatdan da az müddət ərzində Azərbaycan öz suverenlıyının bərpasına nail oldu. Azərbaycan Prezidenti Qarabağın erməni əhalisinin bütün hüquqlarının təmin ediləcəyini də bəyan etdi. Bununla yanaşı Azərbaycana qarşı qəbuledilməz planlar cızan qüvvələr də dövlət başçımızın güc və iradə mesajını olduğu kimi qəbul etməli və bundan lazımi nəticələri çıxarmalıdırlar. “Bizim səbrimizlə oynamasınlar”, deyən dövlət başçımız Azərbaycanla təhdid və ultimatum dilində danışmağın yolverilməz olduğunu bir daha hər kəsin nəzərinə çatdırdı” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024