Mobil versiya
Aqiyə Naxçıvanlı: “Azərbaycan özünün ərazi bütövlüyünü və təhlükəsizliyini ən yüksək səviyyədə təmin etmək iqtidarındadır”
Tarix: 27-08-2023 | Saat: 16:19
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Azərbaycan özünün ərazi bütövlüyünü və təhlükəsizliyini ən yüksək səviyyədə təmin etmək iqtidarındadır”

“44 günlük Vətən müharibəsində əldə olunmuş və torpaqlarımızın 30 illik işğalına son qoymuş tarixi Qələbəmizdən dərhal sonra Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Böyük Qayıdış” proqramı dövlətimizin əsas prioriteti kimi müəyyən edildi. Uzun illər məcburi köçkün həyatı yaşamış vətəndaşlarımızın öz doğma yurd-yuvalarına qovuşmaları üçün işğaldan azad edilmiş ərazilərimizdə yeni infrasrukturun qurulması, evlərin tikilməsi, yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində vüsətli iş aparılır. Regionun lider dövləti olan Azərbaycan işğaldan azad etdiyi bölgələrdə həyatı sürətlə canlandırır. Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə mütəmadi etdiyi səfərlər görülən işlərə ən yüksək səviyyədə ciddi nəzarətin olduğunu göstərir. O cümlədən möhtərəm cənab Prezidentimiz işğaldan azad olunmuş Laçın rayonuna 2021-ci ilin fevral ayından bu günə qədər artıq altı dəfə səfər etmişdir ki, bu səfərlərin də hər biri mühüm obyektlərin təməlqoyma mərasimləri və açılışları ilə əlamətdar olmuşdur. Həmçinin cari ilin 25-26 avqust tarixlərində Laçına səfəri çərçivəsində cənab Prezident İlham Əliyev “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin, təmirdən sonra Laçın rayon 2 nömrəli tam orta məktəbin, “Həkəri Balıq Təsərrüfatı”nın və bir sıra digər obyektlərin açılışında iştirak edib.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Daha sonra deputat Laçın rayonunun 1992-ci ildə işğalının xalqımız üçün böyük faciə olduğunu vurğulayaraq bunları deyib: “Əlbəttə ki, ermənilərin 1990-cı illərin əvvəllərində işğal etdikləri torpaqlarımızın hər qarışı bizim üçün böyük itki idi. Dövlət başçımızın avqustun 26-da Laçın şəhərində etdiyi çıxışında dediyi kimi, hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi. Bununla belə məhz Laçının işğalı strateji nöqteyi-nəzərindən bütün ölkə üçün ağır bir fəlakət oldu. Çünki bu işğalla artıq mövcud olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında coğrafi əlaqə yaradıldı və Azərbaycanın sonrakı itkilərinin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi ilə qoyuldu. Lakin şanlı Azərbaycan Ordusu 2020-ci ilin sentyabr-noyabr aylarında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə olunmuş qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da Azərbaycan düşmən üzərində həm hərbi, həm də siyasi-diplomatik müstəvidə tam və qəti qələbə qazandı. Cari ilin 23 aprel tarixində isə Azərbaycan Prezidenti bir daha siyasi iradə nümayiş etdirərək Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qoyulması barədə göstəriş verdi. Bununla da ölkənin ərazi bütövlüyünün tam bərpası həyata keçirildi. Bu gün Azərbaycan işğaldan azad etdiyi bütün ərazilərdə, o cümlədən Laçında yüksək zövq və keyfiyyətlə genişmiqyaslı quruculuq işləri aparır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Laçın şəhərində xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılır.”

Həmçinin A.Naxçıvanlı işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsinin əhəmiyyətindən bəhs edərək bunları deyib: “Məlum olduğu kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olub. Əlbəttə ki, Azərbaycanın tarixi qələbə günlərinin əbədiləşdirilməsi mühüm vəzifədir və məhz bu baxımdan da respublikamızın işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi xüsusi əhəmiyyət kəsb edən bir qərardır. Həmçinin bu məqsədlə atılan mühüm addımlardan biri də Laçın rayonunun işğaldan azad olunmasında xüsusi fərqlənmiş hərbiçilərimizin təltif olunması ilə bağlıdır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bütün bunlar Azərbaycanın qalib ölkə olaraq öz ərazilərinin toxunulmazlığını və təhlükəsizliyini bundan sonra da yüksək səviyyədə təmin etmək iqtidarında olduğunu bütün dünyaya nümayiş etdirir”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024