Mobil versiya
Ulu öndər Heydər Əliyev Azərbaycan- Çin münasibətlərinin inkişafında mühüm rol oynayıb
Tarix: 26-07-2023 | Saat: 18:59
Bölmə:Özəl | çapa göndər

Ulu öndər Heydər Əliyev Azərbaycan- Çin münasibətlərinin inkişafında mühüm rol oynayıb

Çin ilə Azərbaycan coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, xalqlarımız arasında tarixən dostluq əlaqələri mövcud olub. Bu münasibətlərin yaranmasında isə tarixi İpək yolu çox vacib rol oynayıb. Bu səbəbdən Çin və Azərbaycan arasında əlaqələr qədim tarixə malikdir.Çin Xalq Respublikası Azərbaycanın müstəqilliyini 27 dekabr 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər isə 2 aprel 1992-ci ildə qurulmuşdur. Ötən müddət ərzində formalaşmış siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətləri həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə yüksək səviyyədədir və tərəflər bir sıra strateji sahələrdə məhsuldar əməkdaşlıq etmişlər. Xüsusilə də ulu öndər Heydər Əliyevin 1994-cü ildə Çinə səfərindən sonra iki ölkə arasında əlaqələrin spektri genişləndirilmiş və həmin səfər ölkələrimiz arasında ikitərəfli münasibətlərin təməlini qoymuşdur.
Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı.Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bildirib.Əməkdaşlığımızın təməlinin məhz o vaxt qoyulduğunu, bu gün ölkələrimiz arasında əlaqələrin çox uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub”.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə formalaşdırılmış xarici siyasəti uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin apardığı strategiyanın prioritet istiqamətlərindən biri kimi Çin Xalq Respublikası ilə münasibətlərin inkişafına xüsusi diqqətin ayrılması siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin yeni mərhələyə daxil olmasını təmin etmişdir. Azərbaycanın xarici ölkələrdə təsis etdiyi ilk diplomatik nümayəndəliklərindən birinin məhz Çin Xalq Respublikasında açılması bu dövlətə verilən diqqətin bariz nümunəsidir.Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Çin Xalq Respublikasında işgüzar səfərdə olmuşdur. Şanxayda keçirilən Zirvə toplantısında qəbul edilən Bəyannamədə Azərbaycan üçün önəmli müddəalar da öz əksini tapmışdır. Bəyannamənin 3.5-ci bəndində göstərilib: “Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll olunmaması, beynəlxalq və regional təhlükəsizliyə təhlükə mənbəyi olmaqda davam etməsi bizi narahat edir. Biz bu münaqişənin beynəlxalq hüququn prinsip və normaları və bu çərçivədə qəbul olunmuş qərar və sənədlər əsasında sülh yolu ilə həll olunmasını dəstəkləyirik. Bu məqsədlə biz ATƏT-in Minsk qrupunu bu münaqişənin həll olunması istiqamətində səylərini daha da artırmağa çağırırıq”. Nəzərə alsaq ki, Çin BMT-nin təhlükəsizlik şurasının daimi üzvüdür, dünyanın inkişaf etmiş güclü dövlətlərindən biridir, belə olan halda onun bölgənin lider dövləti ilə əməkdaşlığa xüsusi önəm verməsi yaxın gələcəkdə Azərbaycan-Çin əlaqələrinin yeni mərhələyə-strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlməsinə əsaslı zəmin yaradır.
Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində də müsbət dinamika mövcuddur. Ölkə başçısının 2019-cu ilin aprelində Çinə səfəri zamanı iki ölkə şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan 10 sənəd imzalanıb. 2019-cu ilin birinci yarısında iki ölkə arasında ticarət dövriyyəsi 2.3 dəfə artaraq 1.4 milyard ABŞ dollarından çox olub. Halbuki, 1992-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi olduqca az - 1,5 milyon ABŞ dolları təşkil edirdi. Sonradan bu göstərici 2003-cü ildə 111,7 milyon dollar, 2016-cı ildə 770 milyona çatıb, 2018-ci ildə isə iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard ABŞ dollarından çox olub, bu isə Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticarət dövriyyəsinin 43%-ni təşkil edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının “Bir kəmər, bir yol” strategiyası üçün vacib ölkə olduğunu Çin rəsmiləri hər zaman qeyd edir. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir. Bununla yanaşı, Urumçi, Luco və Şanxayda Azərbaycanın Ticarət evləri açılıb. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər. Çinin İKT şirkətləri də ölkəmizdə uğurla fəaliyyət göstərirlər. Azərbaycanda 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon ABŞ dolları dəyərində layihələrdə Çin şirkətləri iştirak edib. Çin Azərbaycan iqtisadiyyatına 800 milyon dollar, Azərbaycan isə Çinə 1.7 milyard dollar sərmayə yatırıb.
Göründüyü kimi, tərəflərin münasibətləri daha da inkişaf etdirmək istəkləri Azərbaycan – Çin münasibətlərinin perspektivini parlaq edir və ölkələr arasında əlaqələrin günün tələbləri səviyyəsində inkişafına güclü təkan verir. Xalqlarımızın onilliklərdən bəri davam edən dostluq əlaqələrini, eləcə də, Çin və Azərbaycanın dövlət rəhbərlərinin bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istiqamətində səylərini nəzərə alaraq tam əminliklə söyləmək olar ki, bu dostluq münasibətləri bundan sonra da uğurla davam etdiriləcək və xalqlarımızın rifahının yaxşılaşmasına xidmət edəcəkdir.

Mehrinur Nağıyeva,
Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə
Təhsil İdarəsinin aparıcı məsləhətçisi, YAP fəalı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025