Mobil versiya
“Bir kəmər, bir yol” layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturu var idi
Tarix: 26-07-2023 | Saat: 18:54
Bölmə:Özəl | çapa göndər

“Bir kəmər, bir yol” layihəsinə qoşularkən Azərbaycanın  artıq hazır infrastrukturu var idi

Azərbaycan Cənubi Qafqaz regionunda çox önəmli bir ölkədir. Şimal ilə Cənubun, Şərq ilə Qərbin qovşağında yerləşir, Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Bu baxımdan Azərbaycan nəqliyyat və geosiyasi mövqe üstünlüyünə malikdir. Qədim İpək Yolu və müasir “Bir kəmər, bir yol” strategiyası üçün çox vacib rol oynayan Azərbaycanın nəqliyyat-logistika üstünlüyü açıq şəkildə özünü göstərir. Ölkəmiz, həm regionda, həm də dünyada sürətli inkişafa və tərəqqiyə xidmət edən istənilən xoşməramlı təşəbbüsü həmişə dəstəkləyib. Bu baxımdan Azərbaycanın Çin Xalq Respublikasının irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə münasibəti də birmənalı olaraq müsbətdir. 
Məlum olduğu kimi, son illər beynəlxalq aləmlə nəqliyyat və logistika sahəsində uğurlu əməkdaşlıq edən Azərbaycan tranzit ölkə kimi də üzərinə düşən bütün öhdəlikləri tam yerinə yetirir. İndi ölkəmizdə beynəlxalq nəqliyyat dəhlizlərinin uğurlu fəaliyyətini təmin edən ən müasir yol və nəqliyyat infrastrukturu mövcuddur. Bu da Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini ildən-ilə artırır. “Bir kəmər, bir yol” layihəsinin mühüm komponentlərindən biri Çinin Sincan əyalətini Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, İran və Türkiyə vasitəsilə Aralıq dənizi ilə birləşdirəcək Çin–Mərkəzi Asiya–Qərbi Asiya iqtisadi dəhlizidir. Bu dəhlizin ən mühüm həlqəsi Orta Dəhlizin tərkib hissəsi olmaqla, həm də Avropadan Asiyaya gedən beynəlxalq marşruta alternativ kimi çıxış edəcək Zəngəzur dəhlizidir ki, bu da regionun inkişafına əsaslı təkan verəcək. 
Prezident İlham Əliyev 22 iyul tarixində “China Global Television Network” televiziya kanalında yayımlanmış müsahibəsində qeyd etmişdir: “Bir kəmər, bir yol” layihəsinə qoşularkən Azərbaycanın artıq hazır infrastrukturu var idi. İndi sadəcə, texniki imkanları artırırıq. Ticarət limanımızı genişləndiririk, çünki Şərqdən-Qərbə daşınan yüklərin həcminin artması yükaşırma baxımından problemlər yaradacaq. Bizim dəniz ticarət limanımız bir neçə il əvvəl açıldı. Onun imkanlarını hazırda 25 milyon tona qədər çatdırırıq. Gəmiqayırma zavodunun genişləndirilməyi nəzərdə tutulur, ildə 6-8 deyil, 10-20 gəmi inşa ediləcək. Böyük yük axınına daha yaxşı hazır olmaq üçün çox işlər görülür. Hazırda mövcud dəmir yolunu müasirləşdiririk ki, qatarların sürəti artırılsın və daha çox yüklər nəql edilsin”.
Bəşər tarixində ən iddialı iqtisadi inkişaf proqramlarından biri hesab edilən, Çin və Avropanı inkişaf etmiş yollar, yüksək sürətli dəmir yolu və elektrik xətləri, limanlar, boru kəmərləri və digər mühüm infrastruktur vasitələri ilə birləşdirməyi hədəfləyən bu layihə 65 ölkəni, 4,4 milyard insanı və dünya ümumi daxili məhsulunun 40 faizini əhatə edir. Təsir dairəsi çox böyük olduğu üçün layihə beynəlxalq ictimaiyyətin də böyük marağına səbəb olub. Statistik mənbələrə görə, kəmərlər və yolların tikintisinə Çin sərmayəsinin məbləği 1 trilyon dollardan 8 trilyon dollara qədərdir. Dünya Bankının məlumatına görə, dəhliz boyunca yerləşən 70 ölkədə (Çin istisna olmaqla) “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində investisiyalar 575 milyard ABŞ dolları təşkil edir. Xəzər dənizində və Qara dənizdə infrastrukturun yeni inkişafı Orta Dəhliz vasitəsilə tranzit daşımalarını daha da optimallaşdırır. Yeni terminalın elan edilməsi, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanında illik 2,5 milyon ton yükdaşıma gücünə malik yeni gübrə terminalının tikintisi ticarətin gücləndirilməsi üçün mühüm addımlardır. Hər iki layihə problemləri azaldacaq, Bakı Limanının imkanlarını artıracaq və daha çox yük cəlb edəcək. Yumşaq infrastruktur baxımından Azərbaycanın vahid tranzit yükdaşımaların idarə edilməsi mərkəzinin yaradılması ilə bağlı qərarı sərhəd-keçid prosedurlarının sadələşdirilməsinə və rəqəmsallaşmasına, xərclərin azaldılmasına, habelə Bakı Limanından sərhədyanı ərazilər vasitəsilə tranzit əməliyyatlarının sinxron planlaşdırılması və idarə olunmasının təkmilləşdirilməsinə əhəmiyyətli dərəcədə kömək edəcək. “Bir kəmər, bir yol” təşəbbüsünü 150 ölkə, müxtəlif beynəlxalq təşkilatlar dəstəkləyir. Faktiki bu təşəbbüs dünyanın əməkdaşlıq xəritəsini dəyişmək gücündədir.


Elmar Əbilov,
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin
Salyan rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi, YAP fəalı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-01-2025