Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan Avropa ölkələrini enerji resursları ilə fasiləsiz və etibarlı şəkildə təmin etmək iqtidarındadır”
Tarix: 24-07-2023 | Saat: 08:58
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan Avropa ölkələrini enerji resursları ilə fasiləsiz və etibarlı şəkildə təmin etmək iqtidarındadır”

“İşğaldan azad olunduqdan sonra Şuşa şəhəri bu günədək bir çox mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. İyul ayının 21-də isə, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərləri, KİV nümayəndələri, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertlər və tanınmış jurnalistlər bu qədim Azərbaycan şəhərində bir araya gəldilər. Şuşada Qlobal Media Forumunun açılış mərasimi keçirildi. Azərbaycanda Milli Mətbuatın yaradılmasının 148-ci ildönümünə həsr olunmuş bu tədbirdə iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyevə ünvünlanan suallar ölkəmizə və ümumilikdə Cənubi Qafqazda gedən proseslərə bütün dünyada marağın son dərəcə böyük olduğunu və getdikcə artdığını bir daha nümayiş etdirdi. Öz növbəsində möhtərəm dövlət başçımız öz əhatəli və əsaslandırılmış cavabları ilə ölkəmizin hər bir konkret məsələyə dair prinsipial mövqeyinin və gündəliyinin olduğunu bir daha nümayiş etdirdi. Əlbəttə ki,bu gün beynəlxalq ictimaiyyəti maraqlandıran ən aktual məsələlərdən biri Cənubi Qafqazda gedən proseslər, Azərbaycanla Ermənistan arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri ilə bağlıdır. Bu, tamamilə anlaşılan maraqdır. Son iki ildə Avrasiya məkanında gedən məlum proseslər, xüsusilə də Rusiya-Ukrayna hərbi münaqişəsi bir çox ciddi problemlərə yol açdı ki, bunların da arasında Avropanın enerji təhlükəsizliyinin təminatı, eləcə də şərq-qərb və şimal-cənub istiqmətlərində beynəlxalq yükdaşımalarda yaranmış çətinliklərin aradan qaldırılması kimi məsələlər xüsusilə diqqəti cəlb edir. Azərbaycan isə, həm zəngin təbii resursları, həm də əlverişli coğrafi yerləşməsi ilə hər iki problemin həllində mühüm rol oynaya bilər və oynayır da. Aydındır ki, Azərbaycan Avropa ölkələrini enerji resursları ilə fasiləsiz və etibarlı şəkildə təmin etmək iqtidarındadır və Ermənistan bunu heç bir şəkildə əngəlləmək gücündə deyil. Bununla belə beynəlxalq enerji və nəqliyyat layihələrinin tam təhlükəsizliyinin təminatı baxımından və eyni zamanda Cənubi Qafqazın özünün iqtisadi inkişafı üçün regionda dayanıqlı sülhün bərqərar olması çox vacibdir. Bu məqsəd isə, aydındır ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin yaxşılaşdırılmasını zəruri tələb kimi ortaya qoyur.”

Bunu AİA.Az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Öz fikirlərini davam etdirən deputat həm də qeyd edib ki, rəsmi İrəvanın mövqeyində xüsusilə son vaxtlar Azərbaycanla sülh sazişini imazlamağa meyilliliyin artmasına dəlalət edən faktlar bir qədər çoxalsa da, ümumilikdə Ermənistan hökuməti hələ də bu istiqamətdə tam olaraq adekvat addımlar atmağa tərəddüd edir: “Ermənistanın, yumşaq desək, destruktiv mövqeyini nümayiş etdirən məqamlardan biri bu günə kimi hələ də mina xəritələrinin Azərbaycan tərəfinə təqdim olunmaması ilə bağlıdır. II Qarabağ müharibəsi artıq üç ilə yaxındır ki, başa çatıb. Keçmiş Azərbaycan-Ermənistan dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu gün Ermənistan rəhbərliyi tərəfində Qarabağın Azərbaycana məxsus olduğuna dair bəyanatlar, hələlik şifahi də olsa, kifayət qədər tez-tez səsləndirilir. Lakin bütün bunlara rəğmən rəsmi İrəvan hələ də 30 il ərzində işğal altında saxladığı Azərbaycan ərazilərində basdırdığı minaların xəritəsini ölkəmizə təqdim etməkdən boyun qaçırır. Forum iştirakçılarından birinin bu mövzu ilə bağlı sualını cavablandırarkən cənab Prezident İlham Əliyev birmənalı olaraq bildirdi ki, bu, çox vacib bir məsələdir. Çünki minalar müharibə bitəndən sonra üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıb. Yəni, üç yüzə yaxın minanın partlaması azad olunmuş ərazilərdə baş vermişdir. Bu isə müharibə cinayətidir. Mina xəritələrinin Azərbaycan tərəfinə təqdim olunmaması isə Ermənistanın ölkəmizə qarşı olan terrorunun davamıdır. Bu vəziyyət davam etdikcə Ermənistanın hansısa xoşməramlı niyyətindən, təşəbbüsündən danışmaq mümkün deyil.”

Daha sonra N.Aslanov azad edilmiş ərazilərdə gedən quruculuq-bərpa işləri və Böyük Qayıdış Proqramının icrası barədə Prezident İlham Əliyevin verdiyi açıqlamaların müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayaraq bunları deyib: “Bu gün bütün dünya Azərbaycanın öz gücünə işğaldan azad etdiyi və indi də öz gücünə yenidən bərpasını həyata keçirdiyi ərazilərində gedən möhtəşəm işləri böyük diqqət və maraqla izləyir. Şuşa Qlobal Media Forumunun gedişində dövlət başçımıza ünvanlanan suallar da bu marağın kifayət qədər böyük olduğunu deməyə əsas verir. Quruculuq prosesinin nə qədər davam edəcəyi, keçmiş köçkün vətəndaşlarımızın hansı müddətdə tam olaraq öz dədə-baba yurdlarına qaytarılacaqları bu suallarda toxunulan əsas məqamlardan idi. Bütün bu suallara maksimum dərəcədə ətraflı cavab verən Ölkə Prezidenti cənab İlham Əliyev həm Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi, həm də Böyük Qayıdış Proqramının effektiv icrası ilə bağlı konkret faktlara əsaslanan açıqlamalar təqdim etdi. Qeyd olundu ki, bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq və bu, hələ ancaq başlanğıcdır. İlkin mərhələdə 8 şəhəri və 100 kəndi yenidən qurmaq nəzərdə tutulub. Artıq Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Laçın şəhərində insanlar məskunlaşıblar. Ümumilikdə isə işğaldan əziyyət çəkən 1 milyon insan öz dədə-baba torpaqlarına qayıtmalıdır. Dəvlət başçısı növbəti beş il ərzində azad edilmiş bütün şəhərlərdə artıq insanların yaşayacaqlarını anonsladı və bildirdi ki, şəhərlərin inkişaf planı daha genişmiqyaslıdır. Bu isə o deməkdir ki, yenidən qurulan şəhərlərimizin işğaldan əvvəlki dövrə nisbətən iki dəfədən artıq sayda əhalisi olacaq. Bütün bunlar əlbəttə ki, ilk növbədə Azərbaycanın iqtisadi gücünü və ikinci bir tərəfdən də azərbaycanlıların öz torpaqlarına, öz tarixi irslərinə bağlılığını bütün dünyaya bir daha nümayiş etdirən amillərdir”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-05-2024