Mobil versiya
Azərbaycanda daxili sabitlik və milli həmrəylik bu gün ən yüksək səviyyədədir
Tarix: 22-07-2023 | Saat: 22:47
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Azərbaycanda daxili sabitlik və milli həmrəylik bu gün ən yüksək səviyyədədir

Ölkə Prezidenti cənab İlham Əliyev Milli Mətbuatımızın 148-ci ildönümü münasibətilə təkcə mətbuat və KİV sahəsində çalışan insanlara deyil, bütün Azərbaycan xalqına möhtəşəm bir hədiyyə etdi. “Heydər Əliyev İli” çərçivəsində iyulun 21-də Qlobal Media Forumunun Şuşa şəhərində keçirilməsi birbaşa dövlət başçısının Milli Mətbuatımıza verdiyi önəmin, göstərdiyi diqqət və qayğının təzahürüdür. Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edir. Forumda çıxış edən dövlət başçısı Şuşa Qlobal Media Forumunun bizim ölkəmiz və Qarabağ bölgəsi üçün çox möhtəşəm bir tədbir olduğunu qeyd etdi. Bir daha vurğulandı ki, Şuşa Azərbaycanın rəsmi Mədəniyyət paytaxtı və ən əsası, bizim qələbəmizin rəmzidir. Şanlı Azərbaycan Ordusu 2020-ci il 8 noyabr tarixində alınmaz qala hesab edilən Şuşa şəhərini erməni işğalçılarından azad etməklə Vətən müharibəsində tarixi Qələbəmizi təmin etdi. Şuşanın alınması ilə Azərbaycan xalqının torpaqlarımızı azad etmək uğrunda Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə apardığı Vətən müharibəsində faktiki olaraq son nöqtə qoyuldu.

Öz çıxışında cənab Prezident İlham Əliyev azad edilmiş ərazilərdə gedən quruculuq-bərpa işləri və Böyük Qayıdış Proqramının icrası barədə ətraflı açıqlamalar təqdim etdi. Məlumdur ki, bu gün bütün dünya Azərbaycanın öz gücünə işğaldan azad etdiyi ərazilərdə apardığı möhtəşəm quruculuq işlərini böyük diqqət və maraqla izləyir. Şuşa Qlobal Media Forumunun gedişində dövlət başçımıza ünvanlanan quruculuq prosesinin gedişi və Böyük Qayıdış Proqramının icrası barədə suallar da bu maraqdan xəbər verir. Bu suallara maksimum dərəcədə ətraflı cavab verən Ölkə Prezidenti cənab İlham Əliyev hər iki mövzu ilə bağlı konkret faktlara əsaslanan açıqlamalar təqdim etdi. Qeyd olundu ki, bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq və bu, hələ ancaq başlanğıcdır. İlkin mərhələdə 8 şəhəri və 100 kəndi yenidən qurmaq nəzərdə tutulub. Artıq Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Laçın şəhərində insanlar məskunlaşıblar. Ümumilikdə isə işğaldan əziyyət çəkən 1 milyon insan öz dədə-baba torpaqlarına qayıtmalıdır. Dəvlət başçısı növbəti beş il ərzində azad edilmiş bütün şəhərlərdə artıq insanların yaşayacaqlarını anonsladı və bildirdi ki, şəhərlərin inkişaf planı daha genişmiqyaslıdır. Bu isə o deməkdir ki, yenidən qurulan şəhərlərimizin işğaldan əvvəlki dövrə nisbətən iki dəfədən artıq sayda əhalisi olacaq.

Forumun gedişində cənab Prezident İlham Əliyev ölkəmizin təhlükəsizliyi ilə bağlı konkret fikirlərini səsləndirərək bu gün bütün dünyada mövcud olan antiazərbaycan əhval-ruhiyəli qüvvələrə növbəti dəfə ciddi xəbərdarlıq mesajı ünvanlanmış oldu. Möhtərəm dövlət başçımız qəti və birmənalı olaraq torpaqlarımızın işğalına son qoymuş Vətən müharibəsinin başa çatması ilə ölkəmizə qarşı olan bütün təhlükələrin aradan qaldırıldığını bildirdi. Cənab Prezident bir daha Azərbaycanda daxili sabitliyin və cəmiyyətimizdə hökm sürən milli həmrəyliyin yüksək səviyyədə olduğunu diqqət mərkəzinə gətirmiş oldu. Əlbəttə ki, bu fonun yaranmasında uğurlu dövlət siyasəti nəticəsində təmin edilmiş güclü iqtisadi inkişaf amili də böyük rol oynayır. Eyni zamanda da Azərbaycan işğalçı Ermənistan ordusunu darmadağın etməklə təkcə özünün deyil, bütün regionun təhlükəsizliyini təmin etmiş oldu. Əlbəttə bu gün Ermənistanda hələ də revanşist ideyalarla yaşayan insanlar, bəzi xarici ölkələrdə isə bu təhlükəli tendensiyanı mümkün qədər çox yaşatmağa səy göstərən xarici qüvvələr hələ də mövcuddur. Lakin bütün bunlar Azərbaycana heç bir real təhlükə törədə bilməz. Çünki, dövlət başçımızın dediyi kimi, Azərbaycan özünün müdafiə qüdrətini artırmaqda davam edir və bu gün bizim ordumuz hər zaman olduğundan, eləcə də II Qarabağ savaşı dövründə olduğundan daha güclüdür. Bu belə də olmalıdır. Azərbaycan beynəlxalq hüquq normalarının kobud şəkildə pozulduğu, güc amilinin getdikcə daha çox irəli çəkildiyi bir dünyada özünü və müttəfiqlərini müdafiə etməyə qadir olmalıdır.

Əlbəttə ki, bu gün Cənubi Qafqazda sülhün və sabitliyin təminatçısı kimi çıxış edən əsas amillərdən biri də Azərbaycan-Türkiyə dostluğu və qardaşlığıdır. 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində imzalanmış Müttəfiqlik münasibətləri haqqında bəyanat mühüm tarixi hadisə idi. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan arasında olan sarsılmaz və əbədi qardaşlığı bütün dünyaya bildirən bir mesaj oldu. Bu tarixi sənədin imzalanması ilə iki qardaş ölkə, iki qardaş xalq arasında tarixi münasibətlərin yeni mərhələsinin əsası qoyuldu. Xüsusi olaraq qeyd olunmalıdır ki, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin getdikcə dərinləşməsinə bilavasitə Azərbaycan və Türkiyə Prezidentlərinin arasında olan şəxsi dostluq əlaqələrinin misilsiz töhfələr verir. Öz çıxışında möhtərəm dövlət başçımız da bildirdi ki, bu dostluq artıq təkcə regionda deyil, bütün dünyada məlum olan və eyni zamanda da regional inkişaf və sabitlik baxımından çox mühüm bir faktordur.

Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024