Mobil versiya
Eltun Süleymanov: “ Azərbaycan Qoşulmama Hərəkatında xüsusi yeri olan bir dövlət olduğunu isbat elədi”
Tarix: 06-07-2023 | Saat: 11:08
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “ Azərbaycan Qoşulmama Hərəkatında xüsusi yeri olan bir dövlət olduğunu isbat elədi”

“1961-ci ildə Belqradda yaradılan Qoşulmama Hərəkatı beynəlxalq münasibətlər sisteminin önəmli təsisatıdır. Hərəkat BMT Baş Assambleyasından sonra ikinci ən böyük qurumdur. Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi təməl prinsipləri özündə ehtiva edir. Qoşulmama Hərəkatının tribunası Azərbaycana hər zaman imkan verib ki, Ermənistanın təcavüzkar siyasətini buradan ifşa etsin, həqiqətləri dünya ictimaiyyətinə çatdırsın. Bundan başqa, işğaldan əziyyət çəkən dövlət kimi verdiyi mesajlar, səsləndirdiyi faktlar bəşəriyyətin dinc yanaşı yaşaması üçün sübhdən başqa alternativin olmadığı gerçəkliyi üzərinə aydın işıq salıb.
Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsipləri Qoşulmama Hərəkatının təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə daxil olmaq qərarına gəldi. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazandı, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə Azərbaycan 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçilmiş, sədrlik müddəti başa çatdıqdan sonra sədrliyin müddəti yekdilliklə bir il daha uzadılmışdır.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz qeyd edib ki, “hərəkatın sədri kimi Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etmək olmuşdur. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən Qoşulmama Hərəkatı kifayət qədər mühüm işlərə imza ata bilmişdir. Pandemiya dövründə Azərbaycanın ortaya qoyduğu səylər olduqca gərəkli idi. Ölkəmiz hesab edirdi ki, COVID-19-la mübarizədə qlobal cəhdlər səfərbər olunmalıdır.
İyulun 5-də Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşdə iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məsələyə toxunaraq qeyd etmişdir: “Ehtiyacı olan ölkələrə yardım göstərmək Azərbaycanın sədrliyinin digər prioriteti idi. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatına üzv olan 80-dən çox ölkəyə ya ikitərəfli qaydada, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə COVID-19 ilə bağlı maliyyə və humanitar dəstək göstərib. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib. Biz, həmçinin beş ölkəni peyvəndlə təmin etmişik.
Yuxarıda qeyd etdiyim mart sammitində mən, həmçinin Afrika və inkişaf etməkdə olan kiçik ada dövlətlərinə postpandemiya dövründə bərpanı dəstəkləmək üçün iki qlobal çağırış elan etdim. Azərbaycan ilk donor kimi hər iki çağırış üçün bir milyon ABŞ dolları ayırdı.”

Eltun Süleymanov qeyd etmişdir ki, “Bu gün dünyada gedən mürəkkəb proseslərə cənab İlham Əliyevin verdiyi qiymət diqqətəlayiqdir. Siyasi uzaqgörənlik, dünyanı düşündürən problemlərin həllinə yönəlik fikirlər hamı tərəfindən qəbul edilir. Belə ki, soyuq müharibədən sonra baş verən proseslər onu göstərir ki. bəşəriyyətin təhlükəsizliyi üçün ilk növbədə beynəlxalq öhdəliklər yerinə yetirilməli, xalqların suveren və legitim hüquqları tanınmalı və hörmət edilməlidir. Fransa kimi müstəmləkəçilik siyasəti yeridib özünə sərf edəndə suveren hüquqlardan dəm vurmaqla təhlükəsizliyi möhkəmləndirmək qeyri-mümkündür. Bunu konkret olaraq söyləyən cənab Preizdent demişdir: “Neokolonializmi hələ də davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir. Mən öz haqq işlərini və azadlıq arzularını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün Bakı nazirlər görüşü çərçivəsində tədbir keçirəcək Fransanın dənizaşırı icma və ərazilərindən olan hörmətli nümayəndələri salamlayıram.
Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Hələ də Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici və iyrənc hərəkətdir. Biz Fransa prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik.”
Məhz bu gün Fransada tüğyan edən iğtişaşlar bir daha göstərir ki. Fransanın iddia etdiyi insan hüquqları əslində sabun köpüyündən başqa bir şey deyildir. Çünki bu iğtişaşların səbəbi elə insan haqlarının pozulması, günahsız bir gəncin qətlidir. Özü də məhz Fransa polisinin törətdiyi qətl. Belə bir vəziyyətdə Fransanın erməni xilaskarı olması da təəccüblüdür. Deməli, burada söhbət xilaskarlıqdan yox, təcavüzü və təcavüzkarı dəstkləməkdən gedir. Belə olmasaydı Fransa müharibədə ordusu darmadağın olmuş kapitulyant Ermənistanı cidd cəhdlə müdafiə etməzdi. Bu aydın göstərir ki. Fransanın məqsədi sülhə mane olmaqdır. Buna görə də cənab prezident Fransa siysətinin iç üzünü açıb göstərdi və layiqli mesajlarını da dünya ictimaiyyətinə ötürmüş oldu: “Fransa hətta Korsika dilinə qadağa qoyur və etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin, eyni zamanda, özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Bu, riyakarlıq və ikili standartlardan başqa bir şey deyil.
Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır.”

Müsahibimiz son olaraq qeyd etmişdir ki, “Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazandı və hazırda azad edilmiş əraziləri öz gücü hesabına bərpa edir. Bütün bunların böyük vaxt, enerji, maliyyə və insan resursları almasına baxmayaraq Azərbaycan yalnız öz daxili məsələləri ilə kifayətlənmir, pandemiya zamanı olduğu kimi postpandemiya dönəmində də qlobal məsələlərə çevik reaksiya verir, təşəbbüslərlə çıxış edir, liderliyini davam etdirir.
Konkret və reallıqları özündə əks etdirən çıxışı ilə cənab Prezident bir daha dünyaya Azərbaycan həqiqətlərini, Azərbaycanın bəşəri dəyərlərini çatdırmış oldu. Bir daha vurğulandı ki, biz öz müstəqil siyasətimizdən, azadlıq uğrunda mübarizəmizdən geri çəkiləsi deyilik. Biz həqiqətin və ədalətin yanındayıq. Son üçillik fəlaiyyəti ilə Azərbaycan həm bu mövqeyinin sabitliyini, həm də Qoşulmama Hərəkatında xüsusi yeri olan bir dövlət olduğunu isbat elədi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024