Mobil versiya
Azərbaycanda Qurban bayramı qeyd olunur
Tarix: 28-06-2023 | Saat: 00:00
Bölmə:Manşet / Ölkə | çapa göndər

Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycanda bu gün və sabah Qurban bayramı qeyd olunur.

aia.az-ın xəbərinə görə, Qurban bayramı bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə iyunun 28-nə təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Qurban bayramı ilə bağlı verdiyi fətvada qeyd olunur ki, şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər. İyun ayının 28-də isə məscidlərdə Bayram namazı qılınacaqr:

Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Digər yerlərdə isə maddi imkanı olan adamların qurban kəsməsi bəyənilən əməldir və Həzrət Peyğəmbərin (s) mübarək hədisinə əsasən “Adəm oğlu üçün Qurban bayramı günündə Allah yolunda qurbanlıq kəsməkdən daha gözəl bir əməl ola bilməz”.

Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, iribuynuzlu heyvan və dəvəni də qurbanlıq niyyəti ilə kəsmək olar. Qurbankəsmə ayininin təmizlik və sanitariya qaydalarına uyğun şəraitdə, müvafiq icra qurumları tərəfindən təyin olunmuş yerlərdə kəsilməsi məqsədəuyğundur.

Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalı, xəstə və qüsurlu olmamalıdır. Qurbanlıq üçün müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Keçi və qoyunu bir nəfər, iribuynuzlu heyvanı isə bir neçə nəfər cəmləşərək kəsə bilər.

Borc alıb qurban kəsmək şəriətə uyğun deyil. Heyvanın üzü qibləyə yönəldilərək Qurban niyyəti ilə sahibi və ya kəsəni tərəfindən Allahın adı çəkilərək kəsilməsi vacibdir, həmçinin qurbanlıq azyaşlı uşaqların və digər heyvanların gözü qarşısında kəsilməməlidir. Qurban ətinin satılması və ya sahibinə gəlir gətirən işlərin görülməsi haramdır. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibinin özünə götürməsi, ikinci hissənin fəqir və imkansız ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur. Qurban şükür, səmimiyyət, ixlas və mərhəmət bayramı olduğundan bu mübarək günlərdə valideynlərin və yaxınların ziyarət olunması, qocalara və yetimlərə qayğı göstərilməsi bəyənilən əməllərdəndir.

Qurban bayramı, eləcə də Silahlı Qüvvələr günü ilə əlaqədar iyunun 26-dan iyulun 2-dək ölkə ərazisində qeyri-iş günü olacaq. Belə ki, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, iyunun 24-ü (şənbə) və iyunun 25-i (bazar) iş günləri, iyunun 26, 27, 28, 29 və 30-u qeyri-iş günləri olub.

Növbəti iki gün 1 və 2 iyul isə şənbə və bazar günlərinə təsadüf etdiyindən ardıcıl olaraq 7 qeyri-iş günü olacaq.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində bayram edilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024