Mobil versiya
Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
Tarix: 24-06-2023 | Saat: 20:30
Bölmə:Manşet / Ölkə | çapa göndər

Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”

“Ümummilli Lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaqdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat bildirib ki, yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi və Prezident səlahiyyətlərini icra etməyə başlamasından sonra ölkədə vəziyyət tədricən normallaşmağa başladı: “Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi.

Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ordu quruculuği sahəsində mühüm qərarlar qəbul edildi. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə dəyişikliklər edildi.

Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanın yeni Konstitusiyasının qəbul olunması istiqamətində fəaliyyətə başladı.1995-ci il mayın 2-də Prezident Heydər Əliyevin sədrliyi ilə 37 nəfərdən ibarət Konstitusiya Komissiyası yaradıldı. Milli Məclisin qərarı ilə bu komissiyaya Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlamaq tapşırığı verildi. Ümummilli Lider Heydər Əliyev yeni Konstitusiyanın son dərəcə mükəmməl bir sənəd kimi hazırlanmalı olduğunu xüsusi qeyd edirdi.

Kamaləddin Qafarov daha sonra deyib : “Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Ümummilli Lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ ilə, yeni müstəqil dövlətlərlə, türkdilli dövlətlərlə, müsəlman dünyası, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradıldı.”

Deputat ölkənin dayanıqlı iqtisadi inkişafını və beynəlxalq mövqelərinin möhkəmlənməsini təmin etmiş “Əsrin müqaviləsi”ndən bəhs edərək deyib: “1994-cü il sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. “Əsrin müqaviləsi” adı ilə indi bütün dünyada tanınmış bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürü oldu. Ümummilli Liderin düşünülmüş iqtisadi siyasəti nəticəsində müstəqil Azərbaycanda makroiqtisadi sabitliyə nail olundu və davamlı iqtisadi artımın əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlanıldı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

Azərbaycan Respublikası bu gün, sözün əsl mənasında, öz möhtəşəm inkişaf dövrünü yaşayır. Bu inkişafın əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin parlaq siyasəti bu gün də uğurla davam etdirilir. Onun qoyduğu təməl üzərində qüdrətli dövlət qurulur və artıq Azərbaycan dünya miqyasında böyük nüfuza malik olan bir ölkə kimi tanınır”.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-11-2024